İsrail kənd təsərrüfatı sahəsində böyük təcrübəyə sahibdir

Bu təcrübənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiqi çox faydalı olacaq

İsraillə bu sahədə əməkdaşlıq kənd təsərrüfatı məhsullarının genişlənməsinə, idxaldan asılılığın azaldılmasına və qeyri-neft sektorunda ixrac imkanlarının artmasına mühüm töhfə verəcək

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi; 

   İqtisadiyyatın dinamik inkişafı üçün onun dayanıqlı olması və şaxələndirilməsi zəruridir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığının gücləndirilməsi və şaxələndirilməsi, makroiqtisadi sabitliyin daha da möhkəmləndirilməsi təmin olunmalıdır. Prezidentin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən, növbəti onillikdə reallaşdırılmalı olan milli prioritetlər ölkənin sosial-iqtisadi inkişafı üçün yeni hədəflər müəyyən etməkdir. Xüsusən, qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi nəzərdə tutulur. 

Hazırda qeyri-neft sənayesinin inkişaf etdirilməsi üçün ölkənin regionlarında güclü iqtisadi potensial mövcuddur və bu məsələ diqqət mərkəzindədir. Ələlxüsus, işğaldan azad edilmiş torpaqlar, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları zəngin iqtisadi potensiala malikdir. Ekspertlərin fikrincə, bu ərazilərin bütünlükdə ölkə iqtisadiyyatına inteqrasiyası əsasında yaradılacaq yeni iqtisadi dəyər Azərbaycan dövlətinin ərazilərin bərpası üçün çəkdiyi bütün maliyyə xərclərini dəfələrlə üstələyəcək. Mütəxəssislərin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında müasir texnika və texnologiya ilə təchiz edilən, yerli xammal, enerji və digər resurslardan səmərəli istifadə etməyə imkanı olan müxtəlif fəaliyyət sahələri üzrə subyektlərin yaradılması bölgənin dinamik sosial-iqtisadi inkişafına ciddi təkan verəcək. Həmçinin, fəal məşğulluğun, eləcə də özünüməşğulluğun yüksək səviyyədə təmin edilməsinə əsaslı müsbət təsir göstərəcək. Nəzərə alaq ki, hər bir iqtisadi rayonun özünəməxsus ixtisaslaşma istiqamətləri və özəllikləri var. Burada müxtəlif amillər, o cümlədən, cografi, təbii və təsərrüfat amilləri daha çox diqqət çəkir. Əhalinin məşğulluq xüsusiyyətləri, adət və ənənələri, milli tərkibi də vacib şərtlərdəndir. 

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları sənaye, turizm, kənd təsərrüfatı, aqrar sektorun, ilk növbədə, bitkiçilik və heyvandarlığın inkişaf etdirilməsi üçün böyük təbii və iqtisadi resurslara malikdir. Mayın 17-də Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Foreri qəbul edərkən bu məsələyə xüsusi diqqət çəkib. Dövlət başçısı israilli qonaqla iqtisadi əlaqələrdən, kənd təsərrüfatı sahəsində həyata keçirilən əməkdaşlığın perspektivlərindən danışıb. İsrailin müasir texnologiyalarının Azərbaycanın kənd təsərrüfatında tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Erməni işğalından azad edilmiş ərazilərdə görülən işlərdən danışan dövlət başçısı bu torpaqlarda dərhal kənd təsərrüfatı layihələrinin həyata keçirilməsinə başlanıldığını və artıq müəyyən nəticələrin əldə edildiyini bildirib. İşğal dövründə ermənilərin ərazilərimizdə ekoloji soyqırımı törətdiyini vurğulayan Prezident İlham Əliyev xüsusilə bunun nəticəsində bu yerlərin su mənbələrindən də məhrum olunduğunu, buna görə hazırda həmin ərazilərdə su mənbələrinin bərpası və irriqasiya sistemi ilə bağlı genişmiqyaslı işlərin planlaşdırıldığını qeyd edib. Dövlət başçısı müasir dövrdə ərzaq təhlükəsizliyinin bütün ölkələr, o cümlədən Azərbaycan üçün də prioritet məsələ olduğunu qeyd edərək, ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində görülən işlərdən danışıb. Prezident İlham Əliyev yerli kənd təsərrüfatı istehsalının və ixracatın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb. Eyni zamanda, idxaldan asılılığın maksimum dərəcədə azaldılması istiqamətində də işlərin həyata keçirildiyini deyib. Oded Forerin səfərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olunub. Forer kənd təsərrüfatı sahəsində ölkələrimizin müvafiq qurumları arasında yaxşı əməkdaşlığın mövcud olduğunu deyib, Bakıda keçiriləcək “Caspian Agro 2022” - Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin əhəmiyyətini qeyd edib. Eyni zamanda, Azərbaycan-İsrail kənd təsərrüfatı biznes forumunda iştirak etmək üçün onunla birlikdə İsraildən xeyli sayda şirkətin nümayəndələrinin də gəldiyini məmnunluqla bildirib. İsrailin kənd təsərrüfatı sahəsində yaxşı təcrübəsinin olduğunu qeyd edən nazir bu təcrübəni azərbaycanlı həmkarları ilə bölüşməsindən məmnunluğunu ifadə edib. Forer bildirib ki, Azərbaycanda əldə edilən inkişafın böyük imkanlar yaratdığı nəzərə alınaraq Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var.
İsrailin kənd təsərrüfatı naziri qeyd edib ki, Qarabağ regionunda da əməkdaşlıq üçün yaxşı potensial var.

Millət vəkili Vüqar Bayramov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycan dost İsraillə iqtisadi sahədə əməkdaşlıq edir. Deputat vurğulayıb ki, İsrail bir sıra iqtisadi sahələr, o cümlədən aqrar sektorda müqayisəli üstünlüyə malikdir: 

“İsrailin kənd təsərrüfatı sahəsində təcrübəsi böyükdür. Geniş təcrübənin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında tətbiq olunması çox faydalı olar. Bununla, həm də Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialından daha səmərəli istifadə olunar. İsrail ərazi cəhətdən çox kiçik olsa da, kənd təsərrüfatı məhsullarının istehsalında xüsusi üstünlüyə sahibdir. Bu ölkənin istehsal həcmi kifayət qədər böyükdür. Bundan yararlanmaq Azərbaycanda, ələlxüsus Qarabağ və Şərqi Zəngəzurda iqtisadiyyatın inkişafını stimullaşdıracaq. Ümumən, İsraillə bu sahədə əməkdaşlıq kənd təsərrüfatı məhsullarının genişlənməsinə, idxaldan asılılığın azaldılmasına və qeyri-neft sektorunda ixrac imkanlarının artmasına mühüm töhfə verəcək”.