Bişkekdə Rusiya Prezidenti Vladimir Putin ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında danışıqlar 30 dəqiqə nəzərdə tutulsa da, təxminən bir saat yarım davam edib.
Teleqraf "Kommersant"a istinadən xəbər verir ki, görüşün əvvəlində V. Putin Rusiya-Türkiyə münasibətlərinə toxunub və ikitərəfli hökumətlərarası komissiyanın fəaliyyətini xüsusi vurğulayıb.
Müzakirələrin əsas hissəsi qapalı qapılar arxasında keçirilib.
Görüşün ictimaiyyətə açıq hissəsində liderlər ticarət-iqtisadi əməkdaşlıq və iri birgə layihələrin həyata keçirilməsi məsələlərinə diqqət çəkilib.
Liderlər xüsusilə, Türkiyənin ilk Atom Elektrik Stansiyası olan "Akkuyu"nun tikintisini müzakirə ediblər.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov daha əvvəl bildirmişdi ki, danışıqlarda Ukraynadakı münaqişənin həlli perspektivlərinin də müzakirə olunması gözlənilir.