Kreml Paşinyanın bəyanatını dəyərləndirməyə hələ tələsmir - Politoloq 

“Ruslar Ermənistanı təsir altında saxlamaq üçün mexanizmlər haqqında fikirləşirlər” 

“Ermənistanın ikinci dəfə seçilmiş yeni Baş naziri Nikol Paşinyanın Azərbaycanla danışıqlara başlamağa hazır olması, sərhədlərin delimitasiya və demarkasiyasının zəruriliyi  haqqında bəyanatlarına Ermənistanda və ondan kənardakı qonşu ölkələrdə reaksiyalar birmənalı olmadı”.

Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib. 

 O, mövzu barədə daha ətraflı “Sherg.az”a danışdı:

“Baş nazirə müxalifətdə dayanan daxili  qüvvələr onu, az qala, ermənilərə qarşı növbəti dəfə xəyanət etməyə hazırlaşmaqda günahlandırdılar. Revanşist qüvvələrdən təşkil olunmuş, Qarabağ erməni klanının rəhbərliyi altında olan  və hər vəchlə hakimiyyətə gəlməyə cəhd edən bu qüvvələr düşünür ki, Paşinyan sərhədlərin delimitasiya və demarkasiyasından sonra Azərbaycanla sülh müqaviləsi imzalamaq məsələsini qaldıracaq.  Beləliklə, onların siyasi səhnəyə yenidən gəlmək xəyallarının üstündən birdəfəlik xətt çəkəcək. Rusiyada da Paşinyanın təkliflərinə fərqli reaksiyalar mövcuddur. Hakimiyyət dairələrində bu bəyanatlara çox ehtiyatla yanaşırlar. Onlar Baş nazirin Rusiyanın yardımı ilə deyil, birbaşa danışıqlara başlamağa hazır olmasını özlərini “oyundan uzaqlaşdırmaq” cəhdi kimi qəbul edirlər. Buna görə də Kreml Paşinyanın bəyanatını dəyərləndirməyə hələ tələsmir. Ruslar yenə də Ermənistanı təsir altında saxlamaq üçün mexanizmlər haqqında fikirləşirlər”.