Mahaçqala hadisələri Qərbin əlinə oynamaqdır - RƏY
Nəzarətə alınmazsa, Şimali Qafqazda vəziyyət mürəkkəbləşər və bu da Rusiyada daxili siyasi böhrana səbəb olar
Dağıstanın Mahaçqala şəhərində yerləşən hava limanında izdiham yaşanıb. Yüzlərlə insan Mahaçqala hava limanı ərazisində etiraz aksiyasına toplaşıb. Buna səbəb İsraildən gələn təyyarə olub. Fələstinə dəstək verən yerli sakinlər yəhudilərin ərazidən çıxarılmasını tələb ediblər. Etirazçılar kütləvi şəkildə aeroportun binasına daxil olublar. Hadisə zamanı 20-dən çox insan xəsarət alıb, 60 nəfər isə saxlanılıb. Polis toplaşanlara müdaxilə etməyib. Bununla yanaşı, Kaspiysk və Mahaçqalada polis nəzarəti gücləndirilib. İsrail baş verənlərlə bağlı Rusiyaya xəbərdarlıq edib ki, yəhudiləri qorusunlar, təhlükəsizliklərini təmin etsinlər. Kremlin sözçüsü Dmitri Peskov deyib ki, Mahaçqala hava limanında baş verənlər əsasən kənar müdaxilənin nəticəsidir. Onun sözlərinə görə, baş verənlər həm də xarici informasiya təsiri ilə bağlıdır: "Məlumdur və göz qabağındadır ki, Mahaçqala hava limanı ətrafında dünən baş verən hadisələr əsasən kənar müdaxilələrin, o cümlədən, kənar informasiya təsirinin nəticəsidir". Kreml rəsmisi qeyd edib ki, Qəzza zolağında baş verənlərin - insanların, uşaqların, qocaların, tibb işçilərinin ölümünü əks etdirən televiziya görüntüləri fonunda pis niyyətlilərin vəziyyətdən sui-istifadə etməsi çox asandır. Peskov əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin bu məsələlərə həmişə böyük diqqət göstərib və göstərməkdə davam edir. "Elə keçən həftə o, Rusiya konfessiyalarının liderləri ilə ətraflı görüş keçirdi və burada bu mövzu müzakirə edildi". Şimali Qafqaz regionlarının rəhbərləri də Yaxın Şərqdə vəziyyətin gərginləşməsi fonunda respublikaların əhalisini sakit olmağa və aqressiv çağırışlara uymamağa çağırıblar. Qeyd ediblər ki, Yaxın Şərqdə baş verən hadisələrə heç kəs biganə deyil.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Dağıstanda baş verənlər kütlə psixologiyasının təzahürüdür. Siyasi şərhçi bildirib ki, Dağıstandakı etirazlar həm də Rusiya tərəfindən aparılan antisemitizm siyasətinin tərkib hissəsidir:

"Çar Rusiyası, o cümlədən, sovet vaxtında da yəhudilərə qarşı diskriminasiya siyasəti olub. Amma Rusiyanın siyasi elitasında, oliqarx maliyyə sistemində yəhudilər var. Məsələ ondadır ki, İsrailin Ukraynaya müəyyən dəstəyi, yardımı, eyni zamanda birmənalı Qərbin yanında yer alması Moskvanı qıcıqlandıran məqamlardır. Hesab edirəm ki, Dağıstanda yəhudilərə qarşı etirazlar yersizdir. İsrail-Həmas arasında gedən savaş digər ölkələrdə yaşayan sadə yəhudilərin məsələsi deyil. Proseslərin tezliklə səngiyəcəyini, şimal sərhədlərimizdəki vəziyyətin dəyişməyəcəyini düşünürəm. Rusiya hökuməti vəziyyəti tam nəzarət altına alıb. Çünki indiki halda bölgədə baş verən etirazlar, iğtişaşlar birmənalı Qərbin əlinə oynamaqdır. Nəzarətə alınmazsa, Şimali Qafqazda vəziyyət mürəkkəbləşər və bu da Rusiyada daxili siyasi böhrana səbəb olar".