“Mehdiyevlər gəldi-gedərdir, amma AMEA yaşamalıdır”

Qulu Məhərrəmli:“Yaşı 100-ə çatmaqda olan akademiyanı ləğv etmək yox, indi bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün planlar qurmalıyıq”
Elçin Əfəndi: “İnstitutlar akademiyadan alıb universitetlərə verilməlidir. AMEA-dan olan gözləntilərimizi tədricən azaltmaq və yalnız bilinən istiqamətlərdə onun inkişafı üçün layihələr keçirmək lazımdır”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev bu elm ocağını intriqa məkanına çevirdiyi üçün AMEA-nın ləğvi məsələsi gündəmə gəlib. Bəziləri bu qurumda tədqiqat işlərinin aparılmamasını, elmə töhfə verməməsini, fəliyyətində ciddi boşluqlar buraxmasını ortaya ataraq, fəaliyyətinin gərəksiz olduğunu düşünür. Bəziləri isə ayrı-ayrı şəxslərə görə ölkəmizin elm məbədi sayılan təşkilatın ləğvinin deyil, yenilənməsinin tərəfdarı olduğunu bildirir. 
Teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli də qeyd edib ki, ara-sıra səslənən “AMEA ləğv olunmalıdır” çağırışları ciddi narahatlıq yaradır. O “Sherg.az”a açıqlamasında qeyd edib: 
“Ona görə ki, məmləkətin elm, bilik, tədris və fikir məbədi olan Elmlər Akademiyası təkcə orada çalışanların iş yeri deyil, həm də hamımızındır, xalqımızın XX əsrdə qazandığı qiymətli milli sərvətidir. Əlbəttə, bu gün həmin elm mərkəzində yaşananlar, yöndəmsiz idarəçiliyin törətdiyi əcaib vəziyyət,  dövrümüzün ən ziyanlı fiqurlarından olan R.Mehdiyevin öz  niyyətləri üçün akademiyanı səngərə çevirməsi bu qurumu ləğv etmək üçün əsas ola bilməz. Biz bilməliyik ki, xalqın milli düşüncəsinə və mənəviyyatına ağır zərbələr vurmuş  Mehdiyevlər gəldi-gedərdir, amma ölkə elminin simvolu olan AMEA yaşamalıdır”.
O, izah edib ki, ləğv yerinə ciddi islahatlar aparılsın:
 “Təbii ki, əsaslı islahatlar aparmaq, idarəçilik sistemini dəyişmək, elmi araşdırmaları stimullaşdırmaq, institutları fəallaşdırmaq, oraları bisavad akademiklərdən təmizləmək, alimlərin maaşlarını artırmaqla çox şeyə nail olmaq mümkündür. Yəni biz gerçək yaşı 100-ə çatmaqda olan akademiyanı ləğv etmək yox, indi bu elm ocağımızın yüksək dəyərini saxlamaq üçün planlar qurmalıyıq”.
 Təhsil eksperti Elçin Əfəndi AMEA-nın ləğv olunmasının tərəfdarı olmadığını vurğulayıb:
“Bütün heyəti buraxılmalı və bu vəzifələrə layiq olan şəxslər gətirilməlidir. Müəyyən akademiklər  var ki, ölkədən didərgin düşüb. Xaricə üz tutdular. Elə alimlər var ki, AMEA-nın mövcud rejiminin əsarəti altındadır. Onların əlləri-qolları geniş deyil ki, müəyyən işlər görsünlər. Akademiklərin yetişməsi üçün, elmlər doktoru və elmlər namizədlərinin normal şəkildə işləməsi üçün  ciddi işlər görmək lazımdı. İnstitutlar akademiyadan alıb universitetlərə verilməlidir. AMEA-dan olan gözləntilərimizi tədricən azaltmaq və yalnız bilinən istiqamətlərdə onun inkişafı üçün layihələr keçirmək lazımdır”.
Ekspert Ramiz Mehdiyevdən bəhs edib:
“Mehdiyevə qarşı fokuslanan fikirlər AMEA-nın ləğvi ilə bitməməlidir. Bu, absurd nəticə olar”.
Cəmilə ƏZİM