“Uşaqlar nəzarətsiz qalır, nəticə isə faciədir”
Bakıda “İdrak” liseyi, Türkiyənin Şanlıurfa, Kahramanmaraş bölgələrində müəllim və şagirdlərin ölümü ilə nəticələnən dəhşətli hadisələr baş verib. Bu faciələri törədənlər isə çox vaxt məktəblilər, yeniyetmələrdir. Bığ yeri hələ tərləməmiş uşaqlar əllərinə silah alaraq məktəblərdə qarşılarına çıxan insanları qanına qəltan edirlər. Filmlərdə gördüklərimiz artıq reallığa çevrilir.
Bəli, məhz filmlər… Əvvəl filmlər, sonra kompüter oyunları, smartfonlara yüklənən kriminal oyunlar, daha sonra sosial şəbəkələr və aqressiv məzmunlu paylaşımlar, “TikTok” və digər platformalar. Bu günün uşaqları sosial media, rəqəmsal oyunlar və xüsusən də şiddəti adiləşdirən, hətta şiddət törədənləri qəhrəman kimi təqdim edən məzmunlarla böyüyür, onlara meyil edirlər.
Başqa nə ilə maraqlanacaqlar ki? Baxdıqları budur. Bəzi valideynlərin başı gündəlik məişət qayğılarına qarışıb, bəziləri isə qazanc və işlərlə məşğuldur. Serial sənayesi milyardlar qazanır, “yeraltı dünya” və mafiya mövzulu ekran işləri hər gün yeni formada təqdim olunur. Ekranlardan sanki alov püskürür.
Hər yerdə silah, hər kəsin əlində tapança var. Kim istəsə silah qaldırır, silahlar insanlara tuşlanır. Bu filmlər hansı mesajı verir? “Güclüsənsə qalibsən”, “qarşına çıxanı vur, səndən qorxsunlar”. Nə qədər istəsən misal çəkmək olar. Çoxumuz da bunları həvəslə izləyir, obrazların adını övladlarımıza qoyuruq. Onlara bənzəmələrini istəyirik. Amma bu istəklər içində övladlarımızı hər gün, hər saat, hər dəqiqə itiririk. Qazancımız ötəri həzz, itirdiyimiz isə gələcəyimizdir.
“Ata övladına atəş açmağı öyrədir”
Psixoloq Elmir Əkbər “Sherg.az”a açıqlamasında bildirib ki, Türkiyənin Şanlıurfa bölgəsində məktəbə silahlı hücum edən uşağın atasının ifadəsi yayılıb.
Ata polis zabiti imiş. O deyib:
“Mənim 7 ədəd daşıma icazəli silahım var, əlavə olaraq 2 ov tüfəngim də var. Bunlar hamısı qanuni şəkildə mənim adıma qeydiyyatdadır. Oğlum interaktiv (onlayn) oyunlar oynayırdı, otağına girəndə hər şeyi bağlayırdı. Psixoloq demişdi ki, oğlumun cəmiyyətə uyğunlaşmasında problem ola bilər, bir az nəzarətdə saxlanılmalıdır. Təxminən bir ay əvvəl mənə dedi ki, dostları silahla atəş açır, soruşdu ki, mən onu nə vaxt atışa aparacağam. Bazar ertəsi (hadisədən iki gün əvvəl) polis poliqonuna gedib öz silahımla atəş açdım, oğluma da bir neçə dəfə atəş etdirdim”.
Psixoloq qeyd edir ki, bu atadan daha nə gözləmək olar? Övladına silahın təhlükəsini anlatmaq əvəzinə onu poliqona apararaq atəş açmağı öyrədir. Uşağın 14 yaşı var, hələ yeniyetməlik dövrünü tam yaşamayıb. Amma o, artıq silahla davranmağı öyrənir.
Bu və buna bənzər halların faciə ilə nəticələnəcəyi əvvəlcədən görünən reallıqdır. Valideynlər övladlarına sevgi, mərhəmət və humanist dəyərləri aşılamağın yolunu itiriblər. Dünyada “güc kultu” və “güclü olan qalibdir” düşüncəsi bəşəriyyəti məhvə aparır. Halbuki insanlıq mərhəmət və şəfqət üzərində qurulmalıdır.
Kriminal məzmunlar uşaqları aqressivləşdirir
E. Əkbər bildirir ki, illərdir sosial şəbəkələr insanları mənfi istiqamətə yönəldir. Onun sözlərinə görə, “İdrak” liseyində müəllimi yaralayan şagirdin “TikTok” paylaşımlarında zorakılıq məzmunlu kontentlər və keçmişdə oxşar cinayət törədən şəxslərə maraq olduğu müəyyən edilib.
Psixoloqun fikrincə, uşaqlar və yeniyetmələr sosial şəbəkələrdə gördükləri aqressiv və zorakı məzmunlardan ciddi şəkildə təsirlənirlər. Bu səbəbdən sosial şəbəkələrə nəzarətin gücləndirilməsi və uşaqların internetə çıxışının məhdudlaşdırılması vacibdir.
O qeyd edir ki, uzun müddətdir bu barədə xəbərdarlıq edilir, lakin ciddi tədbir görülmür:
“Problemin miqyası artıq sosial fəlakət səviyyəsinə çatıb. Profilaktik tədbirlər görülmədiyi üçün vəziyyət daha da ağırlaşır”.
Psixoloq bildirir ki, əsas səbəblərdən biri valideyn nəzarətsizliyi və sosial şəbəkələrin sərbəst istifadəsidir. Uşaqlar çox vaxt valideynlərin sənədləri ilə qeydiyyatdan keçərək platformalara daxil olurlar, bu isə yaş məhdudiyyətlərinin effektivliyini azaldır.
“Valideynlər telefonlardan uzaqlaşmalıdır”
Psixoloqun fikrincə, məktəblərə psixoloqların cəlb edilməsi vacib olsa da, bu, təkbaşına kifayət etmir:
Uşaq evdən məktəbə gəlir və yenidən evə qayıdır. Əgər ailədə nəzarət və diqqət yoxdursa, məktəb təkbaşına problemi həll edə bilməz. Kompleks yanaşma lazımdır.
Valideynlər övladlarının tərbiyəsinə daha çox vaxt ayırmalı, onları yalnız maddi təminatla deyil, mənəvi dəyərlərlə böyütməlidirlər. Məktəb isə yalnız dərs deyil, həm də həyat tərbiyəsi verməlidir. Psixoloqlar davranış pozuntularını erkən mərhələdə aşkarlamalıdır.
Eyni zamanda sosial şəbəkələrə yaş məhdudiyyətlərinin ciddi tətbiqi vacibdir. Valideynlər və müəllimlər də telefon istifadəsini minimuma endirməli, uşaqlarla daha çox ünsiyyətdə olmalıdırlar.
Uşaqlar üçün alternativ oyunlar və sosial fəaliyyətlər mövcuddur. Lakin valideynlər “asan yol” seçərək uşaqlara telefon verirlər. Nəticədə isə bu rahatlıq bəzən ağır faciələrlə nəticələnir.