Milli Məclis psixoloji təhlükəni görməzdən gəlir - Psixoloq

“Bu gedişlə daha ağır cinayətlər olacaq” 

"Bu gün təhsili olmayan, qeyri-etik həyat tərzi sürən şəxslər, özlərini sosial şəbəkələr üzərindən “psixoloq” kimi təqdim edirlər"

"Düzgün yönləndirilməyən cəmiyyətdə ailələr dağılır, pozğunluq “azadlıq” adı altında təbliğ olunur"

Son vaxtlar ölkədə azyaşlıların ard-arda ağır cinayətlər törətməsi cəmiyyət üçün ciddi həyəcan siqnalına çevrilib. Dünən təhsil ocağında, müəllimin güllələnməsi, ilə ötən gün 7 yaşlı uşağın 19 bıçaq zərbəsinə məruz qalmasının arxasında yetkinlik yaşına çatmayan şəxslər dayanır. Bütün bunlar vəziyyətin ciddiliyindən xəbər verir. “Cinayətkar” və “qatil” anlayışlarını uşaqlarla eyni cümlədə işlətmək ağırdır. Lakin zaman keçdikcə bu sözləri yanaşı işlətməyə məcbur oluruq. Deyirlər ki, gözəl gənclər təbiətin əsəridir. Bəs, bu gün “qatil siması”na bürünən gənclər kimin əsəridir? 

Mövzu ilə bağlı psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında bildirib ki, əhaliyə vaxtında psixoloji dəstək göstərilsə, problemlər faciə həddinə çatmaz:

“Cinayət hadisələrində iştirak edən uşaqların psixoloji vəziyyəti bir günün və ya bir saatın içində formalaşmır. Bu, uzun müddət davam edən və dərin kökləri olan prosesin nəticəsidir. Həmin uşaqların ailəsinin də psixoloji durumunu araşdırmaq lazımdır. Onlarla psixoloji işlər necə aparılırdı? Bu suala cavab verən qurum yoxdur. Cəmiyyətdə baş verən problemlərin kökündə dayanan əsas səbəblər, hələ də həllini tapmayıb. Təəssüf ki, problemlər haqqında danışılmasına baxmayaraq, böyüyüb faciəyə çevrildikdən sonra hüquq-mühafizə orqanları müdaxilə etməyə məcbur qalır. Azərbaycanda psixoloji və psixoterapevtik xidmətlər, təşkil olunsaydı, problemlərin qarşısı profilaktik tədbirlərlə nisbətən ala bilərdik”.

E.Əkbərin sözlərinə görə, psixoloji xidmət məsələsinə Milli Məclisdə laqeyd münasibət nümayiş etdirilir:

“İlk növbədə Nazirlər Kabineti cəmiyyət üçün fundamental əhəmiyyət daşıyan vahid psixoloji və psixoterapevtik nəzarət xidməti yaratmalıdır. Həkimlərin fəaliyyətinə Səhiyyə Nazirliyi və TƏBİB, müəllimlərin fəaliyyətinə isə Elm və Təhsil Nazirliyi nəzarət edir. Lakin psixoloqların fəaliyyətini tənzimləyən konkret dövlət qurumu mövcud deyil. Təəssüf ki, bu boşluqdan dələduzlar istifadə edirlər. Bu gün təhsili olmayan, qeyri-etik həyat tərzi sürən şəxslər, özlərini sosial şəbəkələr üzərindən “psixoloq” kimi təqdim edirlər. Hətta onlar pul qarşılığında, televiziya verilişlərinə çıxıb, mütəxəssis kimi danışırlar. Ona görə də qurumlar tərəfindən, psixoloqların diplomları tanınmalı və təsdiqlənməlidir”. 

Psixoloqun sözlərinə görə, düzgün yönləndirilməyən cəmiyyətdə ailələr dağılır, pozğunluq “azadlıq” adı altında təbliğ olunur:

“Elə şəxslər var ki, xarici ölkədə təhsil almadan, saxta sənədlər alıb, vətənə qayıdırlar. Onların verdiyi yanlış məlumatlara əsasən, qızlar evdən qaçır, oğlanlar isə cinayət törədir. Mövcud şərait davam edərsə, gələcəkdə daha ağır cinayətlərin şahidi ola bilərik. Evliliklə bağlı tibbi arayışın tələb olunması və qohum evliliyinə qadağa qoyulması müsbət addımdır. Bəs nə üçün ailə qurmaq istəyən cütlüklərdən psixoloji yetkinlik barədə sənəd və ya psixoterapevtik müayinədən keçmək tələbi qoyulmur? Psixologiya sahəsində mövcud problemlərin köklü həllini tapmaq üçün Azərbaycanda vahid və mərkəzləşdirilmiş struktur yaradılmalıdır. Təhsil ocaqları və dövlət idarələri peşəkar psixoloqlarla təmin edilməli, əhali isə mütəmadi olaraq psixoloji yoxlamalardan keçməlidir”.

Aybəniz Səfərova