Naxçıvan azadlıq havası "alır"

Seymur Verdizadə: "Fuad Nəcəfli əslən naxçıvanlı olduğu üçün bölgəni yaxşı tanıyır, əhalinin problemlərinə yaxından bələddir"

"Fuad Nəcəfli mənim tələbə yoldaşım olub. Öz sahəsinin peşəkarıdır. İş yoldaşları onu bacarıqlı idarəçi kimi təqdim edirlər" 

  Prezidentin Naxçıvan üzrə xüsusi nümayəndəsi Fuad Nəcəfli ötən gün bir qrup ictimaiyyət nümayəndəsini qəbul edib və şikayətlərini dinləyib. Naxçıvandan olan ekspert Heydər Oğuzun məlumatına görə, bəziləri ənənəyə sadiq qalaraq, Fuad Nəcəfli barədə “bəytərifi” deməyə çalışsalar da, o, tərif eşitmək üçün toplantı keçirmədiyini diqqətə çatdırıb və qonaqları şikayətlərini dilə gətirməyə çağırıb. Bildirilib ki, toplantıda bəzi icra başçıları və Ali Məclis sədrini əvəz edən Azər Zeynalov da iştirak edib. Xatırladaq ki, Fuad Nəcəfli sıravi naxçıvanlılarla da görüşüb.

O, insanların qayğılarını dinləyib, arzu və istəkləri ilə tanış olub. Fuad Nəcəfli onunla xatirə şəkli çəkdirmək istəyən Naxçıvan sakinlərinin bu arzusunu həyata keçirib. Dünən axşam saatlarından başlayaraq, naxçıvanlı sosial şəbəkə iştirakçıları yeni rəhbərlə şəkillərini müxtəlif platformalarda paylaşıblar. Naxçıvan sakinlərindən biri deyib ki, Prezidentin səlahiyyətli nümayəndəsi qapısının onların üzünə həmişə açıq olduğunu deyərək, problemlərinin həlli üçün birbaşa onun özünə müraciət etməyi tövsiyə edib. Vurğulanıb ki, Naxçıvanda qanundan kənar, kiminsə kefinə görə tətbiq edilən qadağaların hamısı ləğv olunacaq. 

Deyilənə görə, artıq problemlər araşdırılır, Prezidentin tövsiyələrinə uyğun şəkildə məsələlərin həllinə çalışılır. F.Nəcəfli də deyib ki, Prezidentin tapşırıqları çoxdur və onların qısa müddətdə həll edilməsi mümkün deyil, bir az vaxt lazımdır. Xüsusi nümayəndə bildirib ki, Ali Məclis öz fəaliyyətini davam etdirəcək: “Məclis qanunverici orqan, Xüsusi nümayəndəlik isə icra orqanı kimi fəaliyyət göstərəcək”.

  Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri, "Yenisabah.az" saytının baş redaktoru Seymur Verdizadə "Şərq"ə açıqlamasında Prezidentin xüsusi səlahiyyətli nümayəndəsini yaxşı tanıdığını, şəxsiyyətinə bələd olduğunu deyib: 

"Fuad Nəcəfli mənim tələbə yoldaşım olub. Eyni universitetdə təhsil almasaq da, eyni şəhərdə oxumuşuq. Onu uzaq 90-cı illərdən tanıyıram. Fuad Nəcəfli Ankaradakı məşhur Orta Doğu Texnik Universitetinin məzunudur. Bu universitet tələbələrinə verdiyi təhsillə təkcə Türkiyədə deyil, bütün dünyada məşhurdur. Fuad müəllimlə uzun illərdən bəri görüşməsək də, həmişə xoş sədasını eşitmişəm. 

Öz sahəsinin peşəkarıdır. İş yoldaşları onu bacarıqlı idarəçi kimi təqdim edirlər. Fuad Nəcəfli əslən naxçıvanlı olduğu üçün bölgəni yaxşı tanıyır, əhalinin problemlərinə yaxından bələddir. İnanıram ki, həmin problemlərin həlli istiqamətində qətiyyətli addımlar atacaq, ölkə prezidentinin onun qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək".

  S.Verdizadə vurğulayıb ki, Naxçıvan strateji bölgədir: 

"Naxçıvana rəhbərlik edən şəxs ayıq-sayıq olmalı, gecə-gündüz çalışmalıdır. Təəssüf ki, Vasif Talıbovdan xələfinə çox pis miras qalıb. Talıbov və yaxınları uzun illər Naxçıvanı atalarının mülkü kimi idarə ediblər. 

Ümid edirəm, Fuad Nəcəfli Naxçıvanda çox şeyi yaxşı istiqamətdə dəyişə biləcək. Azərbaycanda fəaliyyət göstərən ictimai institutların, mətbuatın, televiziyaların bu işdə ona dəstək olması vacibdir".