Naxçıvana yatırılan GƏLƏCƏK

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə 258 milyon manat vəsait ayrılması haqqında Sərəncam imzalayıb. Bəli, bir dövlət qərarının mahiyyətini ayrılan vəsaitin həcmindən daha çox həmin vəsaitin hara, nə zaman və hansı gələcək təsəvvürü ilə yönəldilməsi açır.

Bax, bu baxış bucağından yanaşaq, söhbət yalnız 258 milyon manatdan getmir; söhbət Naxçıvanın Azərbaycanın yeni inkişaf və bağlantılar xəritəsində hansı yeri tutacağından gedir.

Azərbaycanın əsas ərazisindən ayrı düşmüş Muxtar Respublika onilliklər boyunca öz coğrafi durumunun yaratdığı çətinliklərlə üz-üzə qalıb. Lakin dövlət siyasətinin indiki mərhələsində önəmli bir keyfiyyət dəyişikliyi görünür – coğrafiyanın yaratdığı məhdudiyyət coğrafiyanın verdiyi üstünlüyə çevrilir.

Bu, çox önəmli dönüşdür.

Çünki Naxçıvanın dünənki iqtisadi xəritəsində “ayrılıq”, “blokada”, “çıxış problemi” anlayışları daha qabarıq görünürdüsə, sabahkı iqtisadi xəritəsində “tranzit”, “logistik”, “bağlantı”, “sərhədyanı ticarət”, “istehsal” və “göndərimlər” önplana çıxa bilər.

Başqa sözlə, Naxçıvanın coğrafiyasının iqtisadi anlamı dəyişir.

İqtisadçı olmasaq da bilirik, iqtisadiyyatda dövlət yatırımlarının dəyəri yalnız xərclənən vəsaitlə ölçülmür; əsas məsələ həmin vəsaitin hansı yeni iqtisadi hərəkəti doğurmasıdır.

Yol çəkilirsə, onun ətrafında iqtisadi həyat canlanır;

enerji təminatı yaxşılaşırsa, yeni istehsal imkanları yaranır;

bağlantılar infrastrukturu qurulursa, yatırımçı üçün bölgənin cəlbediciliyi artır;

yeni müəssisə yaranırsa, ailənin gəliri, insanın öz doğma yurdunda yaşamaq və işləmək imkanı genişlənir.

Deməli, 258 milyon manatın həqiqi iqtisadi ölçüsü elə 258 milyonla bitməməlidir. Onun əsas gücü yaradacağı çoxaldıcı, genişləndirici iqtisadi təsirdədir.

Dövlət yatırımı özəl yatırımı hərəkətə gətirirsə, infrastruktur sahibkarlığı təşviq edirsə, sahibkarlıq məşğulluğu artırırsa, məşğulluq iç bazarı böyüdürsə – ilkin maliyyə qoyuluşu artıq bütöv iqtisadi zəncirə çevrilir. (Akademik iqtisadi çevrələrdə buna multiplikativ təsir deyilir).

Burada başqa bir önəmli məqam da var.

Muxtar Respublika ilə bağlı yanaşma ayrı-ayrı layihələrin cəmindən ibarət deyil. – 2023–2027-ci illər üzrə Naxçıvanın sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı və onun ardınca atılan addımlar bunu aydın göstərir. 

Budur, söhbət artıq inkişaf modelindən gedir.

Bu modeldə yol, enerji, kənd təsərrüfatı, sənaye, turizm, sahibkarlıq, məşğulluq və insan kapitalı bir-birindən ayrı sahələr sayılmır. Bunlar eyni inkişaf sisteminin bir-birini tamamlayan elementləridir.

Naxçıvan üçün bunun xüsusi önəmi var.   Çünki Muxtar Respublikanın uzunmüddətli inkişafı onun zaman keçdikcə daha çox iqtisadi dəyər yaradan bölgəyə çevrilməsi ilə təmin edilə bilər.

Əsl hədəf də bax, bu olmalıdır.

Naxçıvan – son dayanacaq deyil.

Yeni bölgəsəl gerçəklikdə Naxçıvanın Türkiyəyə açılan Azərbaycan qapısı olmaq özəlliyi daha böyük iqtisadi-strateji məzmun qazanır.

Üstəlik, Türkiyə üzərindən daha böyük iqtisadi məkanlara çıxış qapısıdır.

Gələcək yükdaşıma və digər bağlantılar baxımından Gündoğarla Günbatar arasında formalaşan yeni iqtisadi coğrafiyanın ən önəmli həlqələrindən biri Naxçıvan ola bilər.

Bu anlamda Naxçıvan keçid, qovşaq məkanıdır.

Əgər bölgənin logistik, anbar, emal, sənaye, xidmət və ticarət infrastrukturu indidən yeni tələblərə uyğun qurularsa, gələcək tranzit axınlarından əldə ediləcək yararlar yalnız yükün ərazidən keçməsi ilə məhdudlaşmaz; Naxçıvan həmin axına əlavə dəyər verən iqtisadi mərkəzə çevrilə bilər.

Tranzit ölkələrin və bölgələrin əsas qazancı yükün onların torpağından keçməsi ilə ölçülmür; əsas üstünlük keçən yükün ətrafında əlavə dəyər yaradan iqtisadiyyat qura bilməkdir.

Naxçıvan üçün böyük imkan bax buradadır.

Ayrıca, iqtisadiyyatın son ünvanı insan deyilmi? 

Bütün böyük rəqəmlərin arxasında bir sadə ölçü-ülgü, bir əsas meyar dayanmırmı? – Sual da, cavab da apaydındır: İnsan!

258 milyon manat nə zaman tam anlam qazanacaq? –Yeni iş yerləri yarananda! Gənc naxçıvanlı öz gələcəyini doğma yurdunda görəndə! Fermer istehsal etdiyi məhsulu daha rahat bazara çıxara biləndə! Sahibkar yeni müəssisə açmağa maraq göstərəndə! Kəndlə şəhər arasındakı infrastruktur, sosial xidmət fərqləri azaldıqca! Ailələrin gəlirləri artdıqca! – Siyahını uzatmasaq da, məsələnin mahiyyəti, üfüqü və dərinliyi gün üzündədir.

Bəli, dövlətin bölgəsəl siyasətinin ən yüksək göstəricisi insanın yaşam keyfiyyətidir.

Budur, Naxçıvanın yeni zamanı gəlib.

Azərbaycan son illərdə özünün siyasi, iqtisadi coğrafiyasını yenidən qurur.

Qarabağ və Zəngəzurun bəri üzündə aparılan nəhəng quruculuq işləri, ölkənin yükdaşıma və enerji imkanlarının genişləndirilməsi, Gündoğar-Günbatar bağlantılarının gücləndirilməsi bütöv bir strateji mənzərənin ayrı-ayrı bölmələridir.

Naxçıvan da həmin mənzərənin önəmli nöqtələrindən biridir.

Ona görə də Naxçıvana ayrılan 258 milyon manata yalnız bugünkü büdcə qərarı kimi baxmaq azdır.

Bu, bir tərəfdən mövcud ehtiyacların çözümüdür, digər tərəfdən isə gələcək iqtisadi coğrafiyaya hazırlıqdır.

Dövlət Naxçıvanın gələcək imkanlarına yatırım qoyur… Bəlkə də məsələnin fəlsəfəsi, kulturolojisi ən yığcam şəkildə belə ifadə oluna bilər.

Bax, həmin gələcəkdə Naxçıvanın adı iqtisadi bağlantı ilə, açılan yollarla, qovşağa çevrilməklə assosiasiya olunmalıdır. Olunacaq da!

Naxçıvan yatırım rəqəmlərindən, hətta öz kvadraturasından böyük strateji dəyərdir.

Dövlətimiz zaval görməsin!

Əkbər Qoşalı