Nazarbayevin tarixdə etdiklərini kimsə təkrarlaya bilməz

Azər Həsrət: "Ancaq əvvəlki liderə qarşı xoş olmayan hərəkətlər etmək birmənalı arzuolunan 
deyil"

  Qazaxıstanın Konstitusiya Məhkəməsi Nursultan Nazarbayevi millət lideri (Elbaşı-red) elan 
edən "Qazaxıstan Respublikasının Birinci Prezidenti haqqında" Qanunun etibarsız sayılması 
barədə qərar çıxarıb. 

Sənəddə qeyd edilir ki, hazırda qüvvədə olan anayasada sözügedən 
qanunun qorunub saxlanılması üçün hüquqi əsaslar yoxdur. Ona görə də qanun qüvvədən 
düşmüş hesab edilir. Qeyd edək ki, müvafiq qanun hələ 2000-ci ildə qəbul edilib və bir neçə dəfə 
təkmilləşdirilib. Nazarbayev Qazaxıstana təxminən 30 il rəhbərlik edib və 2019-cu ilin martında 
vəzifəsindən gedib. Onun xələfi Qasım Jomart Tokayevdir. 

  Qərarı "Şərq"ə şərh edən siyasi şərhçi Azər Həsrət bildirib ki, Qazaxıstanda Nursultan 
Nazarbayevlə bağlı baş verənlər şəxsən onu çox narahat etməkdədir.

 Analitik deyib ki, Nursultan Nazarbayev sovetin caynağından qoparılmış Qazaxıstanı normal bir dövlət kimi ayağa qaldıra 
bildi: "Uzun illər ölkəyə rəhbərlik edib və milli təəssübkeşliyi ilə seçilib. Sadəcə Qazaxıstana deyil, bütün türk dünyasına bağlı şəxsiyyət olub.

 Hazırda da Nazarbayev türk dünyasında ağsaqqal şəxsdir. Ona qarşı aparılan bu kampaniya təəssüf doğurur. Bir müddət öncə ətrafında lazımsız ajiotaj yaratmağa cəhd göstərdilər. Nursultan şəhərinin adını dəyişib yenidən Astana 
etdilər. İndi də "millət lideri" statusu ilə bağlı qanunu ləğv edirlər. 

Bunlar heç də xoş hadisələr deyil. Unutmayaq ki, Qasım Jomart Tokayevi məhz Nursultan Nazarbayev prezident edib. 
Əlində imkan və şərait olmasına rəğmən, prezidentlik müddətini bitirə biləcəyi təqdirdə şəxsən 
kənara çəkilib və Tokayevi prezident kürsüsünə oturdub. Əlbəttə, indiki prezidentə də hörmətlə 
yanaşırıq. Qardaş Qazaxıstan dövlətinin başında kimin olmasından asılı olmayaraq, Qazaxıstan 
bizim üçün əzizdir, doğmadır. Ancaq əvvəlki liderə qarşı xoş olmayan hərəkətlər etmək 
birmənalı arzuolunan deyil. Təqdir edə biləcəyimiz davranışlar deyil". 

  A.Həsrət Nursultan Nazarbayevin tarixdə Qazaxıstan üçün etdiklərini bundan sonra kiminsə 
təkrarlaya biləcəyinə inanmadığını söyləyib:

 "Nazarbayev Qazaxıstanı qazaxlara qaytaran, Qazaxıstanı qazaxlaşdıran adamdır. İndi Astana adı ilə çağırılan paytaxtın mərkəzə köçürülməsi, 
əhalinin etnik tərkibi ilə bağlı görülən işlər, qazaxların özünə dönüşünü təmin etmək yüksək 
səviyyədə qiymətləndirilməlidir. 

Əfsuslar olsun ki, bunları görmürük. Qazaxıstanda bəlli bir 
kəsim var ki, Nazarbayevə qarşı atılan addımlara heç də xoş yanaşmırlar. 

Amma əhalinin böyük 
əksəriyyəti Azərbaycan xalqından fərqli olaraq bu cür proseslərdə susqunluğa üstünlük verirlər. 
Yaxud da ümumiyyətlə, proseslərdən xəbərsiz olurlar".