Ermənistan malları Azərbaycana gəlir - Natiq Cəfərli riskləri AÇIQLADI

  •  Əhalinin istifadəsinə verilməzdən əvvəl yoxlanılacaq

  Ermənistan və Azərbaycan Vaşinqtonda sülh müqaviləsinin mətnini parafladıqdan sonra tərəflər arasında ticarət əlaqələri də canlanmağa başlayıb. Azərbaycan qalib tərəf olmasına baxmayaraq, beynəlxalq diplomatik təcrübədə nadir addımlardan birini ataraq, məğlub dövləti yanacaq böhranından xilas etmək üçün təşəbbüsü öz üzərinə götürdü.

Sülh gündəliyindən bəhs ediriksə, qarşı tərəf də ticarət əlaqələrini birtərəfli vəziyyətdən çıxarmalıdır. Nəhayət, Paşinyandan gözlənilən açıqlama gəldi. Baş nazir yaxın gələcəkdə, Ermənistandan Azərbaycana məhsul tədarükünün başlayacağını bildirib. Lakin bu məhsulların etibarlılığı iki istiqamətdə şübhə doğurur: Bir tərəfdən, Rusiyada Ermənistan məhsullarının keyfiyyətsizliyi ilə bağlı məlumatlar yayılır. Digər tərəfdən isə illərlə formalaşmış düşmənçilik münasibətləri Ermənistandan gələcək məhsullara şübhə ilə yanaşmağa zəmin yaradır.

Mövzu ilə bağlı Natiq Cəfərli Sherg.az-a açıqlamasında, xalqı narahat edəcək hər hansı məqamın olmadığını bildirib:

“Ermənistanın Azərbaycana daha çox metallurgiya xammalı, konyak, şərab spirti, tütün və mövsümi təzə meyvə-tərəvəz göndərmək potensialı daha yüksəkdir. Təbii ki, Ermənistan məhsullarının istehlaka yararlılığı ilə bağlı sınaq və yoxlamaları Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Bu, çox asanlıqla və tezliklə həyata keçirilə biləcək proses deyil. Ermənistan məhsullarının Azərbaycan bazarına daxil olması üçün zaman lazımdır. Müxtəlif texniki məsələlər, o cümlədən keyfiyyət sertifikatlarının təmin edilməsi, SWIFT sistemi vasitəsilə banklararası köçürmələrin bərpası, qarşılıqlı müqavilələrin tanınması və hüquqi məsuliyyət mexanizmləri öz həllini tapmalıdır”.

Ekspertin sözlərinə görə, ərzaq təhlükəsizliyi məsələsində əhalinin Ermənistandan gələcək mallara şübhə ilə yanaşması təbii haldır:

“Unutmayaq ki, düşmənçilik münasibətləri geridə qalıb. Davamlı sülhün təməlində isə iqtisadi əlaqələr və qarşılıqlı ticarət dayanır. Hələ ki, Ermənistanın hansı məhsulların göndərəcəyi açıqlanmayıb. Onu da qeyd edim ki, bitki və heyvan mənşəli məhsullarda zərərli orqanizmlərin, xəstəliklərin və ya kimyəvi qalıqların olub-olmaması yoxlanıldıqdan sonra, onlar əhalinin istifadəsinə veriləcək. Ermənistanın niyyəti sülh gündəliyi çərçivəsində doğru addımdır. Baxın bu zaman münasibətlər birtərəfli yox, qarşılıqlı mübadiləyə söykənəcək".