Örnək addım! - Bu mətn oxuyanları kövrəltdi  

"Oğul mən pulumu tapmışam. Amma sən dördüncü gəncsən ki, bu gün mənə 20 manat gətirirsən”

Əhməd Qəşəmoğlu:“Çalışmalıyıq ki, xalqın bir-birinə dəstəyi artsın”

Azərbaycan cəmiyyətində illər öncə insanların hər zaman bir-birinə dəstək verməsini Hacı Zeynəlabdin Tağıyev də sübut etmişdi. Vətən müharibəsində arxa cəbhənin çalışqanlığı, xalqın ön cəbhəyə etdiyi yardımları insanlarımıza sevginin aşılandığını göstərir. Sosial şəbəkələrdə xalqımızın birliyini nümayiş etdirən status paylaşılıb: 

“Bir gün işdən evə qayıdanda, binanın giriş qapısında bir elana rast gəldim. Elanda yazılıb:
"Bu gün pensiyamı almışam və bu pulun  20 manatını itirmişəm. Bu pula çox ehtiyacım var. Binanın həyətində kim tapsa, xahiş edirəm 45-ci mənzilə gətirib, mənə çatdırsın. Çox sağ olun".

Çox düşündürdü bu yazı məni. Cibimdəki 40 manatın 20-sini ayırıb, həmən mənzilə yollandım. Qapını döydüm və yaşlı bir qadın qapını açdı. Tək yaşadığı bəlli olurdu. Pulu ona uzadıb dedim: " Sizin elanı gördüm. Pulu mən tapmışam. Buyurun pulunuzu". Qadının gözləri doldu və dedi: "Oğul mən pulumu tapmışam. Amma sən dördüncü gəncsən ki, bu gün mənə 20 manat gətirirsən. Allah sizin kimi gənclərə görə, bu xalqa rəhm eləsin. Amin!"

Xalqımızın mənəvi dəyərləri barəsində danışan sosioloq-alim, professor Əhməd Qəşəmoğlu "Sherg.az"a bildirib ki, Azərbaycan xalqının birliyinin tarixi qədimdir:

“Xalqın psixologiyası, davranışı, dəyərləri barəsində kifayət qədər məlumat toplamışam. Məlumatlar göstərir ki, xalqımız mənəvi dəyərlərə üstünlük verir.

 Vətən savaşı da mənəvi dəyərlərin qabarıq formada özünü göstərməsinə təsir göstərdi. Xalqımız 100, 300 il öncə də mənəvi xüsusiyyətləri diqqətdə saxlayıb. Bəzən isə dəyərlərə qarşı mənfi proseslərin getdiyini müşahidə edirik. Buna ən çox maddi məsələlər təsir edir. 

Təmtəraqdan, maddi üstünlük kimi mənfi xüsusiyyətlərdən uzaqlaşmaq lazımdır. Maddi dəyərlərin mənəvi dəyərləri sıxışıdırmasına icazə verməməliyik. Çalışmalıyıq ki, xalqın bir-birinə dəstəyi artsın”.

Xanlar ƏLİBƏY