Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır

Beynəlxalq Əmək Təşkilatının (BƏT) hesabatına görə, pandemiyadan sonra gənclər arasında işsizliyin azalması tendensiyası dayanıb və yenidən artım başlayıb. 2023-cü ildə 12,3 faiz olan 15-24 yaşlı gənclərin qlobal işsizlik səviyyəsi 2025-ci ildə 12,4 faizə yüksəlib. Bu, dünyada 67 milyon işsiz gənc deməkdir.

Sherg.az xəbər verir ki, hesabata əsasən, nə təhsildə, nə də məşğulluqda olan gənclərin (NEET) sayı da artıb. 2025-ci ildə onların qlobal payı 20 faizə çatıb və bu kateqoriyaya daxil olan gənclərin sayı 257 milyona yüksəlib.

Gənclərin iş tapmaqda çətinlik çəkdiyi əsas sahələr arasında ofis dəstəyi, xidmət və satış, kənd təsərrüfatı, meşəçilik, balıqçılıq, sənətkarlıq, eləcə də qurğu və maşın operatorluğu kimi orta ixtisaslı peşələr yer alır.

Digər tərəfdən, elm, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları kimi yüksək ixtisas tələb edən sahələrdə gənclər üçün iş imkanlarının artdığı bildirilir.

Hesabatda süni intellektin də gənclərin məşğulluğuna ciddi təsir göstərə biləcəyi vurğulanır. 15-29 yaşlı gənclərin sahib olduğu işlərin 6,1 faizinin süni intellektə yüksək dərəcədə məruz qaldığı, bu işlərin yalnız 10 faizinin tamamilə aradan qalxması halında 5,6 milyon gəncin işsiz qala, işini dəyişə və ya əmək bazarından çıxa biləcəyi qeyd olunur.

Türkiyədə isə 2025-ci ildə gənclər arasında işsizlik 15,3 faiz təşkil edib. Təhsil və məşğulluqdan kənarda qalan 15-24 yaşlıların payı isə 23,3 faizə yüksəlib.