Parisin Cənubi Qafqaz siyasəti ona heç vaxt uğur gətirməyəcək
Çünki bu yanaşma ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe deyil
Son həftələrdə Cənubi Qafqazın tarixində hərbi müstəvidə ən sabit dövrdür. Bu sabitlik Azərbaycanın mülki əhaliyə zərər yetirmədən, yalnız legitim hərbi hədəfləri zərərsizləşdirməsi və qanunsuz xunta rejiminə son qoyması ilə mümkün olub. Amma əfsuslar ki, hərbi müstəvidə yaranmış bu sabitliyə bəzi ölkələr və dairələr diplomatik müstəvidə zərər verəcək addımlar atır. Xüsusilə Fransa bölgədə qaynar nöqtələrin, separatizmin qalması üçün dəridən-qabıqdan çıxır. Fransanın Ermənistana silah-sursat verməsi, XİN başçısının İrəvandakı və Senatdakı çıxışı, ermənilərin Azərbaycana qayıdışına dair BMT-nin Təhlükəsizlik Şurasında qətnamə qəbul edilməsi istiqamətində təşəbbüsləri bu niyyətin bariz nümunələridir. Fransa militarizm siyasəti və çirkin diplomatik oyunları ilə regionda sülhün bərqərar olmasına imkan verməməyə çalışır. Məqsəd hərbi qarşıdurma və gərginlik fonunda bölgədə möhkəmlənməkdir. Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçıları ilə görüşdə də dedi ki, Fransanın bir tərəfdən bütün diplomatik normaları pozduğunu, təhqirlərlə səciyyələnən bəyanatlarını, çirkin uydurmalarını, təxribat və yalanlarını görürüksə, digər tərəfdən onun vasitəçilik xidmətləri göstərmək cəhdləri heç bir məntiq çərçivəsinə sığmır: "Bizə belə vasitəçilər lazım deyil. Fransanın Azərbaycanın ünvanına çoxsaylı ittihamlar, əsassız təhdidlər və şantaj heç bir səmərə vermədi. Fransa prezidentinin bu yaxınlarda Azərbaycanın beynəlxalq hüquqla problemləri olduğuna dair verdiyi bəyanat yalnız gülüş doğura bilər. Çünki Azərbaycan beynəlxalq hüququ pozmayıb. Biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Beynəlxalq hüququ isə 30 il ərzində Fransanın əlaltısı, bu gün onun əsas müttəfiqi olan Ermənistan başqa dövlətin ərazisini işğal edərək pozub". Dövlət başçısı diqqətə çatdırıb ki, fransız rejimi milyon yarım əlcəzairlini təkcə əlcəzairli və müsəlman olduğuna görə məhv edib:
"Bu, soyqırımıdır. Hələ Fransanın Afrikada, Afrikanın digər hissələrində və bütün dünyada qanlı cinayətlərini demirəm. Fransanın bu gün müstəmləkələr saxlaması da ağlasığmazdır. Azərbaycan və şəxsən mənim tərəfimdən bu məsələ Qoşulmama Hərəkatının sədri kimi dəfələrlə Qoşulmama Hərəkatının sammitlərində qaldırılıb. Qanlı müstəmləkə keçmişi olan və hətta bu gün bəzi Afrika ölkələrinin nə qədər səy göstərsələr də, xilas ola bilmədikləri bu ölkə bizi beynəlxalq hüququ pozmaqda ittiham edir. Bu, absurddur”.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Fransanın Cənubi Qafqazda sülhə qarşı nümayiş etdirdiyi mövqe bütün hallarda onun beynəlxalq imicinə zərbə vurur. Deputatın sözlərinə görə, Fransa nə qədər Cənubi Qafqaza və Azərbaycana münasibətdə aqressiv hərəkət edirsə, bu, bumeranq kimi onun özünə qayıdır:
"Təsadüfi deyil ki, Fransanın məhz bu cür aqressiv davranışları nəticəsində artıq Nigerdən Fransanın işğalçı ordusunun çıxarılması prosesi başlayıb. Şimali Afrikanın digər ölkələri Fransanı arzuolunmaz qonaq kimi elan ediblər. Sakit okeanın Karib dənizi hövzəsində olan köhnə Fransa koloniyaları bu gün Fransanın dərhal ərazini tərk etməsini tələb edirlər. Ümumiyyətlə, Makron Fransasının davranışları bütövlükdə diplomatik etikaya, beynəlxalq hüquqa zidd olan davranışlardır. Ermənistandan çox erməniçilik nümayiş etdirən Fransa yəqin bilir ki, onun Cənubi Qafqazda tutduğu mövqe də xarici siyasətdə Fransaya heç bir uğur gətirməyəcək. Çünki bu, ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqe deyil. Hər nə qədər Fransa, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Azərbaycan əleyhinə müxtəlif sənədlər, bəyanatlar, qətnamələr qəbul etdirməyə çalışsa da, bunun heç birinə nail ola bilməz. 3 dəfə buna təşəbbüs etsə də, hər üçündə məğlubiyyətə düçar oldu. Fransanın bu aqressiv siyasəti nəticə etibarilə ona uğur qazandırmayacaq. Çünki Parisin bu cür mövqeyinin əsasında regiona müdaxilə etmək, Qafqazda özünə yeni koloniya yaratmaq, Ermənistanın timsalında və ondan qüvvələrin üzərində təzyiq vasitəsi kimi istifadə etmək dayanır. Bu, mümkün deyil, çünki tarixdə heç vaxt Fransa Qafqazda söz sahibi olmayıb. Makronun qeyri-dəqiq və yanlış hesablanmış siyasəti Fransaya fayda verməyəcək".