Şenol Günəşdən Sergen açıqlaması: “...Zaman göstərəcək”

Türkiyə millisinin sabiq baş məşqçisi Şenol Günəş Sergen Yalçının yığmanın baş məşqçisi təyin olunmasına münasibət bildirib.

Sherg.az xəbər verir ki, Günəş Trabzondakı liseylərdən birində qatıldığı tədbirdə jurnalistlərin suallarını cavablandırıb.

Onun sözlərinə görə, Türkiyə Futbol Federasiyası bu qərarı onunla məsləhətləşmədən verib.

“Mənimlə görüşmədilər. Sergen Yalçını təyin etdilər, xeyirli olsun. Hər qurumda qərarı səlahiyyətli şəxslər verir və məsuliyyət də onların üzərinə düşür. Qərarın doğru, yoxsa yanlış olduğunu zaman göstərəcək. Kim təyin olunursa-olunsun, o, milli komandanın baş məşqçisidir. Ona uyğun davranmalı və uğur qazanmasını arzulamalıyıq”, -deyə Günəş bildirib.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası UEFA Millətlər Liqasındakı uğursuz nəticələrdən sonra italiyalı mütəxəssis Vinçentso Montella ilə yollarını ayırıb. Onun əvəzinə Sergen Yalçın təyin olunub və tərəflər arasında dördillik müqavilə imzalanıb.

Yalçın Türkiyə millisinin tarixində baş məşqçi vəzifəsini tutan 27-ci yerli mütəxəssis olacaq.