Hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Əfqan Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
APA xəbər verir ki, bu gün Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə tərəflərin anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri izah edilib.
Təqsirləndirilən Əfqan Sadıqovun vəkili Nemət Kərimli iki vəsatət verib.
O, müvəkkilinin ev dustaqlığına buraxılmasını və məhkəmə prosesi zamanı yanında əyləşməsinə icazə verilməsini xahiş edib.
Məhkəmə vəsatətləri təmin etməyib və işin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin baxış iclası noyabrın 3-nə təyin olunub.
Qeyd edək ki, Əfqan Sadıqov bu ilin aprel ayında Gürcüstandan Azərbaycana deportasiya edilib. İyun ayında icraatına xitam verilmiş cinayət işi yenidən açılıb və o, həbs edilib.
Əfqan Sadıqova Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar törədildikdə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.