- “Rusiya Elmlər Akademiyası Azərbaycan dilini öləcək dillər sırasında görür”
Milli Məclisdə “Azərbaycan dili-milli suverenlik və insan hüquqlarının ayrılmaz tərkib hissəsi kimi - xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair” ictimai dinləmənin keçirilməsi nəzərdə tutulur.
Bu, parlamentin İnsan hüquqları komitəsinin İş planına daxildir. Komitənin bugünki iclasında bir çox aktual məsələlərlə yanaşı, bu məsələ ictimai dinləmələrə daxil edilib və fəaliyyət planı çərçivəsində keçiriləcək.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında bildirdi ki, xarici dövlətlərdə Azərbaycan dili deyəndə əlbəttə ki, hər şeydən öncə qonşu İrandakı 40 milyon azərbaycanlının - türkün, yəni bizim soydaşlarımızın öz ana dilində məktəblərinin olmaması, eləcə də Azərbaycan dilinin yaxud da Türk dilinin, onlar orada Türk dili deyirlər, sıxışdırılması məsələsi göz önünə gəlir. Həmçinin, qonşu Gürcüstanda Azərbaycan dili getdikcə sıxışdırılır. Və əlbəttə ki, Rusiyada Azərbaycan dili də daxil olmaqla Türk xalqlarının dillərinin məhv edilməsi prosesinin getməsindən danışmalıyıq:
- Yeri gəlmişkən deyim ki, Rusiya Elmlər Akademiyası araşdırma aparıb və bu araşdırmanın nəticələrinə görə Rusiyada heç vaxt ölməyəcək tək bir dil, rus dili elan edilib. Yerdə qalan 155-ə qədər dil, yəni Rusiya ərazisində danışılan dillərdən söhbət gedir, ölmə təhlükəsi ilə üz-üzədir. Təsəvvür edirsizmi, onların içində Azərbaycan dili də var. Yəni, Rusiya Elmlər Akademiyası Azərbaycan dilini öləcək dillərdən biri kimi görür. Eləcə də digər Türk xalqlarının dilləri var: tatar, başqurt, yakut, tuva dili, bu tərəfdə Qaraçay, Balkar, Noğay, yəni Qumuq dili. Xakas, Şor, Altay dili.... Saymaqla bitmir. Çoxsaylı Türk xalqlarına aid dillər var ki, onları öləcək dillər sırasında görür Rusiya dövləti. Bu türk xalqları sırasında müstəqil dövləti olan yeganə ölkə, Azərbaycan, yeganə dil Azərbaycan türkcəsidir. Amma bu dili də Rusiya Elmlər Akademiyası öləcək dillər sırasında görür. Bu baxımdan Azərbaycan Milli Məclisinin həyəcan təbili çalması çox yerinə düşür.
A.Həsrət bildirdi ki, parlamentin dil məsələsi ilə bağlı ictimai dinləmələrin keçirilməsinə qərar verməsi hər nə qədər gecikmiş addım olsa da, faydalıdır:
- Biz illərdir həyəcan təbili çalırıq. Təəssüflər olsun ki, parlamentimiz fil qulağında yatıb bu illər ərzində, bir dəfə də olsun parlamentin toplantılarında Rusiyada, İranda Azərbaycan dilinin küncə sıxışdırılması, öldürülməsi ilə bağlı müzakilərin açıldığını, əməli qərarlar qəbul ediliyini görmədik. İndi artıq bunu komitə səviyyəsində, təbiidir ki, ardınca da plenar iclasında müzakirə edəcəklərsə, çox istərdik o dinləmələrdə bu problemlə illərdir məşğul olan adamlar iştirak etsin. Amma “mənim tanışım, mənim qohumum, mənim sevgilim, mənim tələbə yoldaşım...” prinsipi ilə müzakirə aparılacaqsa, bir faydası olmayacaq, heç bir işə yaramayacaq. Misal üçün deyirəm, bu günlərdə Azərbaycandakı diplomatik korpus nümayəndələrinin Qarabağa, Şərqi Zəngəzura səfərləri təşkil edilib. Gözəl təbliğatdır və Ermənistanda bundan narahat olublar, erməni təbliğatı buna qarşı əməlli başlı kampanya aparır. Nəticə etibari ilə də Azərbaycanda qeyri-hökumət təşkilatları yığışıb ermənilərə qarşı bəyanat veriblər. Bura qədər hər şey əladır, amma o bəyanatı verənlər arasında şəxsən mən uzun illərdir, 10 illər boyudur Türk dünyasında, dünyada Azərbaycan davası döyən misal üçün deyirəm, 2 əsas təşkilatı görmürəm. Dünya Gənc-Türk-Yazarlar Birliyi, yaxud da Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi. Bütün beynəlxalq təşkilatlarının tanıdığı bir qurumlar, baxırıq ki, o imzalar arasında yoxdur. Niyə? Kimlər bunu təşkil edir? Kimlər edir bu cür ayrı-seçkiliyi? Effektiv fəaliyyət göstərən təşkilatlar kənarda qalır. Qohum qardaşın, dost tanışın, sevgililərin, nə bilim, tələbə yoldaşlarının təşkilatlarını önə çıxır. Və əgər Azərbaycan dili ilə bağlı müzakirə də bu cür aparılacaqsa, aparılmasa yaxşıdır. Biz onsuz da davamızı eləyirik, elə qoysunlar davamızı eləyəcək. Ən yaxşısı budur. Yox əgər, Milli Məclis doğrudan da açıq müzakirə təşkil edib, Azərbaycan dili ilə bağlı həyəcan təbliği çalmaq və bu işlə məşğul olanları da işə cəlb etmək istəyəcəksə, o zaman şəxsən mən alqışlayacağam və biləcəm ki, onlar doğrudan da iş görmək istəyirlər, gözə kül üfürmək üçün hərəkət eləmirlər.