Paşinyan Azərbaycanın şərtlərini qəbul edir
Paşinyan Azərbaycanın şərtlərini qəbul edir
Bir an öncə sülh müqaviləsi imzalanmalıdır
Hər axsama regiona böyük güclərin müdaxiləsi üçün gen-bol fürsətdir
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanacaq sülh müqaviləsindən və hazırda aparılan danışıqlardan söz açıb. Baş nazir bildirib ki, regionda hərbi-siyasi vəziyyət gərgin olaraq qalır və hökumət bu gərginliyin aradan qaldırılması üçün sülh gündəminin təbliğini əsas üsul hesab edir: "Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş ətrafında intensiv danışıqlar gedir.
Ümid edirik, mətnlə bağlı tezliklə razılığa gəlib, sülh müqaviləsini imzalayacağıq. Beynəlxalq ictimaiyyətin təsəvvürü getdikcə daha çox Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalı olduğu formulasına meyillənir. Müvafiq olaraq, Bakı və Xankəndi arasında Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üçün dialoq aparılmalıdır. Xankəndi-Bakı dialoquna zəmanət verən beynəlxalq mexanizmlərin son dərəcə vacib olduğunu vurğulayırıq". Paşinyan əminliklə deyib ki, Ermənistanın təhlükəsizliyinin strateji təminatı sülhdür və bu, bütün qonşularla münasibətlərin normallaşdırılması yolu ilə mümkündür:
"Bu, asan proses deyil, amma düşünürəm ki, xalqımızın istədiyi və gözlədiyi budur”.
Siyasi şərhçi Aqşin Kərimov bəyan edib ki, Nikol Paşinyanın sülhpərvərliyi irəliyə doğru və Azərbaycanın şərtlərinin qəbul edilməsi baxımından önəmlidir, lakin bunun davamı gəlməlidir. Ekspertin sözlərinə görə, Ermənistanın ərazi bütövlüyünü tanımaqla bağlı mövqeyi sülh üçün yaxşı element olsa da, bu, Azərbaycanın şərtlərinin miqyasını bütünlüklə əks etdirmir:
"Ermənistanın Baş naziri Nikol Paşinyan nəhayət ki, “Qarabağ Azərbaycandır” tezisini dilinə gətirdi. O, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını elan etdi. Özü də “Qarabağ da bura daxildir” deməklə və Qazaxın 7 kəndinin və Naxçıvanın Kərki kəndinin Azərbaycan ərazisi olmasını etiraf etməklə.. Prinsip etibarı ilə Paşinyan bunu son bir ayda bir neçə dəfə təkrarlayıb, lakin Qarabağın adını ayrıca çəkməsi bir neçə istiqamət üzrə sülh razılaşmalarının mənzərəsini açır. Birincisi, artıq Ermənistan 10 noyabr bəyanatının Qarabağla bağlı hissələrinin tənzimləyicisi rolundan çıxdığını etiraf edir. İkincisi, Paşinyan məsuliyyəti çiyinlərindən atmaqla Qarabağdakı separatçıların taleyinin Azərbaycanın əlində olduğunu göstərir və onları rəsmi Bakı ilə təmaslara çağırır. Üçüncüsü, anklavlarla bağlı da razılaşma böyük ölçüdə razılaşdırılıb və sülh müqaviləsinin qaralama variantında həmin məsələ öz əksini tapıb. Qulağa xoş gəlir, lakin Paşinyanın etirafları kifayət etmir. Ermənistan bunları rəsmiləşdirən həlledici qərarlar verməli və sözünün ağası olduğunu göstərmək üçün adekvat addımlar atmalıdır. Paşinyan sözünü geri götürüb, mövqeyini revanşizmə doğru sürüşdürmək potensialına da malikdir. Hərçənd, geniş miqyasda belə hərəkətlərin təkrarlanması tarixə qovuşur, ancaq məsələ heç Paşinyan da deyil. Azərbaycan öz şərtləri ilə Qərb və Rusiyanı razı salıb. Bununla belə, region üzrə artan hərarət Ermənistanın mövqeyini bulanıqlaşdıra bilər. Sual burasındadır ki, Paşinyan tezislərini Qərbin, yoxsa Rusiya mərkəzli danışıqların bəhrəsi kimi qələmə verir? Bu, Azərbaycan Prezidenti İlham Əliyevlə Nikol Paşinyanın Rusiyada gözlənilən danışıqlarından və Moldovanın paytaxtında keçiriləcək görüşdən sonra aşkar şəkildə görünəcək. Hələlik isə sülhə dair işartılar gözü qamaşdırsa da, mütləq sülhdən danışmaq bir qədər sadəlövhlük olardı".
Analitikin sözlərinə görə, Azərbaycanın şərtlərinin mütləq əksəriyyəti Ermənistan tərəfindən qəbul edilməyib. Ona görə ki, regionda at oynatmaq istəyən qüvvələr rəsmi İrəvana qarşı müxalif dairələrin düyməsini basa bilərlər:
"Ermənistandakı mümkün daxili çaxnaşmalardan qorxan Paşinyan geri addım ata bilər. Bu, Azərbaycana qarşı hərbi ritorika səviyyəsinə də qalxan deyil. Ssenaridə vəziyyəti mürəkkəbləşdirən - sülh müqaviləsinin imzalanmasının ləngiməsidir. Hər axsama isə regiona böyük güclərin müdaxiləsi üçün gen-bol fürsətdir. Başqa yandan, Ermənistan Azərbaycanın tələb etdiyi təhlükəsizlik zonası üçün bufer yaratmaq öhdəliyini elan etməyib. Paralelində Zəngəzur dəhlizinin dəhliz məntiqi ilə açılacağı məsuliyyətini üzərinə götürdüyünü bildirməyib. Sülh üçün ən vacib elementlərdən biri də Ermənistanın hərbisizləşdirilməsidir.
Bu bəndin mütləq mənada sülh müqaviləsinin mətnində yazılması vacibdir. Nikol Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması sərhəddəki alovları azalda bilər. Lakin Qarabağdakı erməni separatçılara qarşı rəsmi Bakı hərəkətə keçə, hərbi güc tətbiqinə əl ata bilər".