Qlobal enerji bazarında artan geosiyasi gərginlik və Yaxın Şərqdə davam edən münaqişələr iri neft şirkətlərini strategiyalarını yenidən qurmağa məcbur edir. Exxon Mobil, Chevron, BP və TotalEnergies kimi qlobal oyunçular risklərin yüksək olduğu ənənəvi hasilat zonalarından uzaqlaşaraq, daha stabil və uzunmüddətli perspektiv vəd edən regionlara yönəlirlər.
Məsələn, Exxon Mobil Nigeriyanın dərinsulu yataqlarına təxminən 24 milyard dollar həcmində investisiya qoyuluşunu nəzərdən keçirir ki, bu da Afrika qitəsinin enerji xəritəsində rolunu daha da gücləndirə bilər. Chevron artıq Venesuelada fəaliyyətini genişləndirərək Latın Amerikasında mövqelərini möhkəmləndirir. BP Namibiya sahillərində yeni neft bloklarında pay əldə etməklə Cənubi Atlantik hövzəsinə daxil olur, TotalEnergies isə Türkiyə ilə kəşfiyyat müqaviləsi imzalayaraq Şərqi Aralıq dənizi və ətraf regionlarda aktivliyini artırır. Sənaye üzrə analitik şirkət Wood Mackenzie-nin məlumatına görə, iri neft-qaz şirkətləri 2021–2025-ci illər ərzində kəşfiyyat fəaliyyətlərinə hər il orta hesabla 19 milyard dollar sərmayə yatırıblar. Ümumilikdə bu dövrdə kəşfiyyata yönələn investisiyaların həcmi 90–100 milyard dollar civarında qiymətləndirilir. Proqnozlara əsasən, yeni layihələr gələcəkdə təxminən 120 milyard dollar həcmində əlavə mənfəət yarada bilər. Bu rəqəmlər göstərir ki, qlobal enerji nəhəngləri yalnız risklərdən qaçmaqla kifayətlənmir, eyni zamanda hasilat coğrafiyasını şaxələndirərək yeni enerji mərkəzləri formalaşdırmağa çalışırlar. Afrika, Latın Amerikası və Şərqi Aralıq dənizi kimi regionlar yaxın illərdə dünya enerji bazarında daha önəmli rol oynaya bilər.
İqtisadçı Razi Abbasbəyli Sherg.az-a söyləyib ki, təbii ki, iri korporasiyaların Yaxın Şərqdən uzaqlaşması, xüsusilə də Qərbi Afrika və Latın Amerikasındakı hidrogen ehtiyatlarına maraq göstərməsi Azərbaycan üçün arzuolunan situasiya deyil.
“Faktiki olaraq, yeni neft ehtiyatlarının tapılması bazarda tələb və təklif arasındakı fərqi azalda bilər. Bazara daha çox neftin çıxacağı təqdirdə isə qiymətlər ciddi şəkildə ucuzlaşa bilər. Son dövrlər Qərbi Afrikada, Latın Amerikası ölkələrində, Venesuelada, hətta Braziliyada böyük neft ehtiyatlarının olduğu ehtimallar ortaya çıxır. Və belə ehtimallar fonunda Azərbaycan artıq əvəzolunmaz, unikal hidrogen ehtiyatı olan ölkə statusunu itirir. Nəticədə alternativ yeni mənbələr formalaşır və yeni mənbələrin formalaşması da bazarda təklifin tələbdən az olması ilə nəticələnir. Nəticə olaraq da bu, həm qiymətlərin ucuzlaşması, həm də regiona olan marağın azalması ilə nəticələnir. Əgər alternativ ehtiyatlar aşkar olunacaqsa, əlbəttə ki, regionumuz üçün bu heç də arzu olunan deyil. Lakin buna baxmayaraq, neft ehtiyatlarının aşkarlanması üçün kəşfiyyat xərcləri kifayət qədər çoxdur və bu, uzun illər tələb edən bir fəaliyyətdir”.
İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, bu investisiyaların Azərbaycanla əlaqəsi yoxdur:
“Azərbaycanda 2040-cı ilə qədər olan investisiya layihələri, neft çıxarılması və idarə olunmasının operatorluğu ilə bağlı müqavilələr qüvvədədir. Əksinə indi neftə, qaza olan maraq o qədər artıb ki, Azərbaycan əlavə investisiyalar da cəlb edə bilər. Kiçik yataqlar artıq daha rentabelli olur. Əvvəllər kiçik yataqlara investor tapmaq çətin idi. Ona görə də təbii ki indi neft və qaza, enerji daşıyıcılarına olan marağın birdən-birə yenidən artması, həm latın Amerikası, Yaxın Şərq ölkələrinə, o cümlədən Azərbaycana marağın artmasına gətirib çıxarır. Yəni sözügedən ölkələr investisiya xəritəsində daha geniş yer tutmağa başlayır. Ona görə də Azərbaycanla bağlı problem görmürəm. Əksinə dünyadakı bu trend Azərbaycana olan marağın daha da artmasına səbəb ola bilər”.