“Gençlər rəqəmsallaşmanın mənfi təsiri altındadır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kabinet iclasından sonra çıxış edərək Şanlıurfa və Kahramanmaraşdakı məktəb hücumları ilə bağlı danışıb və hadisələrdən dərin kədər duyduğunu bildirib.
Sherg.az-ın məlumatına görə, Ərdoğan qeyd edib ki, gənclərin rəqəmsal mühitin mənfi təsiri altına düşməsi ciddi problemə çevrilib və bu vəziyyət cəmiyyətdə ağır nəticələr doğurur.
“Millət olaraq hamımızın ürəyi yanır. Bu cür hadisələr qarşısında yaşanan acını sözlə ifadə etmək mümkün deyil”, - deyə o vurğulayıb.
Prezident həmçinin hücumlarla bağlı istintaqın davam etdiyini, bütün ehtimalların araşdırıldığını və rəqəmsal izlərin izlənildiyini bildirib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yayılan zərərli və manipulyativ məzmunlara qarşı da tədbirlər görülür.
Ərdoğan çıxışında rəqəmsallaşmanın uşaqlar və gənclər üzərində təsirinə diqqət çəkərək, internet və sosial medianın nəzarətsiz istifadəsinin ciddi risklər yaratdığını qeyd edib. O, ailə, məktəb və dövlətin birlikdə hərəkət etməsinin vacibliyini vurğulayıb.
Prezident əlavə edib ki, hökumət siber təhlükəsizlik, məktəb təhlükəsizliyi və psixoloji dəstək mexanizmlərinin gücləndirilməsi üçün yeni addımlar atacaq.
“Biz güclü ailə, güclü cəmiyyət və güclü dövlət prinsipi ilə hərəkət edirik”, - deyə Ərdoğan bildirib.