Putinə qarşı çevriliş PLANI... 

Ukraynalı general-mayor Rusiyanın ilin sonuna qədər məğlub olacağını iddia edib

Rusiya Prezidenti Vladimir Putini devirmək üçün çevrilişin planlaşdırıldığı irəli sürülüb. Ukraynalı general-mayor Kirilo Budanov müharibənin Rusiyanın məğlubiyyəti ilə nəticələnəcəyini və bununla Putinin hakimiyyətinin sonu olacağını iddia edib.

“Şərq” qəzeti Türkiyənin “www.ntv.com.tr” saytına istinadən xəbər verib ki, general-mayor Kirilo Budanov Rusiyanın hərbi məğlubiyyətinin Putinin devrilməsi və nəticədə ölkənin dağılması ilə nəticələnəcəyini irəli sürüb: “Bu, sonda Rusiya Federasiyasının rəhbərliyinin dəyişməsinə gətirib çıxaracaq. Bu prosesə artıq start verilib”.

Putinin öz rejimini “çevrilişlərə davamlı” etmək üçün onilliklər sərf etdiyi məlumdur. Budanovun fikrincə, zəif hərbi performans, aşağı əhval-ruhiyyə və çətin iqtisadiyyat Putinə qarşı çevriliş ehtimalını artırır. Budanov Putinin "çox pis psixoloji və fiziki vəziyyətdə olduğunu və çox xəstə olduğunu" iddia edib.

Budanovun iddiası Kremllə yaxından əlaqəsi olan, adı açıqlanmayan rusiyalı oliqarxın Putinin "qan xərçəngi" olduğunu bildirməsindən sonra ortaya çıxıb. Rusiya liderinin sağ olub-olmaması ilə bağlı çoxlu fərziyyələr var. Aprelin sonunda Putinin “nəzarətsiz şəkildə” titrəməsinin videogörüntüləri onun Parkinson xəstəliyinə tutulması ilə bağlı şübhələri artırıb. 

Budanov Rusiyanın ilin sonuna qədər məğlub olacağını və növbəti avqustun ortalarının müharibədə mühüm dönüş nöqtəsi olacağını proqnozlaşdırıb. Qanlı müharibədə Ukraynanın perspektivləri ilə bağlı "nikbin" olduğunu bildirən Budanov, “qırılma nöqtəsi avqustun ikinci yarısında olacaq” deyib”.