“Beynəlxalq Qadınlar Gününün yaranması XX əsrin əvvəllərində qadınların əmək, seçki və sosial bərabərlik hüquqları uğrunda apardıqları mübarizə ilə bağlıdır. 1975-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) bu günü rəsmi şəkildə qeyd etməyə başlayıb. Həmin vaxtdan etibarən 8 Mart qadın hüquqları və gender bərabərliyi məsələlərinin qlobal səviyyədə müzakirə olunduğu mühüm tarixə çevrilib. Azərbaycanda da qadınlar tarix boyu elm, mədəniyyət, siyasət və ictimai həyatın müxtəlif sahələrində mühüm rol oynayıblar. Dövlət idarəçiliyindən tutmuş elmə, təhsilə, səhiyyəyə və incəsənətə qədər müxtəlif sahələrdə fəaliyyət göstərən minlərlə qadın ölkənin inkişafına dəyərli töhfələr veriblər”.
Bu sözləri Sherg.az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva 8 Mart - Beynəlxalq Qadınlar Günü haqqında öz fikirlərini bölüşərkən deyib.
Deputat bildirib ki, Azərbaycan qadınları Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə seçib-seçilmək hüququ qazanaraq, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak ediblər:
“Tarixə nəzər salsaq görərik ki, Azərbaycan qadını vətənin müdafiəsi uğrunda əlindən gələni əsirgəməyib, siyasi və dövlət quruculuğu sahəsində əsl vətənpərvərlik nümayiş etdiriblər. Görkəmli qadın şəxsiyyətlərimizin yüksək ləyaqəti və ağbirçək analarımızın müdrikliyini yaşadan müasir Azərbaycan xanımları bu gün də zəngin zəkaları və geniş potensialları ilə cəmiyyətə fədakarcasına xidmət edirlər. 1995-ci ildə keçirilən IV Ümumdünya Qadın Konfransında Azərbaycan Pekin Bəyannaməsi və Fəaliyyət Platformasını qəbul edib. Sənədin əsas məqsədi qadınların siyasi, iqtisadi və sosial vəziyyətinin yaxşılaşdırılmasıdır. Bəyannamədə qadın hüquqlarının qorunması, sülhün və gender bərabərliyinin təmin olunması, eləcə də qadınların inkişaf proseslərində iştirakına mane olan amillərin aradan qaldırılması kimi mühüm məsələlər öz əksini tapıb. Bununla yanaşı, 1998-ci il sentyabrın 25-də keçirilən Azərbaycan qadınlarının ilk qurultayı ölkədə dövlət qadın siyasətinin formalaşması və inkişafı baxımından mühüm hadisə kimi tarixə düşüb”.
P. Vəliyevanın sözlərinə görə, Prezident İlham Əliyev qadın hüquqlarının qorunması və gender bərabərliyinin təmin olunması istiqamətində mühüm qərarlar qəbul edib:
“Qadınlarla bağlı fəaliyyətin daha sistemli və ardıcıl şəkildə həyata keçirilməsi, ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin olunması məqsədilə hüquqi baza davamlı olaraq təkmilləşdirilib. Bu istiqamətdə 2006-cı ildə “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, 2010-cu ildə isə “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunub. Həmçinin, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunun yüksəlməsinə mühüm töhfə verir. Onun xeyirxahlıq missiyası və Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində gördüyü işlər bütün xanımlar üçün nümunədir”.
Millət vəkili bildirib ki, dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan qadınları milli dövlət quruculuğu prosesində fəal iştirak edərək ölkənin müxtəlif sahələrinin inkişafına mühüm töhfələr veriblər:
“Məlum olduğu kimi, “Azərbaycan Respublikasında gender bərabərliyinin təmin olunması üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı” hazırlanıb. Sözügedən sənəd, bu sahədə hüquqi və institusional mexanizmlərin təkmilləşdirilməsi, qadınların sosial-iqtisadi və ictimai-siyasi fəallığının artırılması, əmək bazarında gender fərqləri və ayrı-seçkiliyin azaldılması kimi mühüm istiqamətləri əhatə edir. Eyni zamanda, planda təhsil, məşğulluq, media və digər sahələrdə gender yanaşmasının tətbiqi, gender bərabərliyi mədəniyyətinin təşviqi və maarifləndirmə işlərinin gücləndirilməsi, sosial həssas qruplardan olan qadınların tibbi, hüquqi və sosial xidmətlərə çıxış imkanlarının genişləndirilməsi, dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın möhkəmləndirilməsi kimi məqsədlər də öz əksini tapıb. Nəticə etibarilə, müasir dövrdə qadınlarımız, sosial və iqtisadi həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar dövlət idarəçiliyindən tutmuş elmə, biznesdən incəsənətə qədər müxtəlif istiqamətlərdə böyük uğurlara imza atırlar”.