Qarabağa müşahidəyə ancaq BMT nümayəndələri gələ bilər

Bakı hazırdır

Gəlib görsünlər ki, Qarabağdakı ermənilərə heç bir təzyiq göstərilmir
Prezident İlham Əliyev ABŞ rəsmilərini qəbul edərkən rəsmi Bakının ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin yaxın zamanda Azərbaycanın Qarabağ bölgəsinə səfərinin təşkilinə hazır olduğunu bildirib. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycanın nümayəndələri ilə Qarabağın erməni sakinlərinin təmsilçiləri arasında reinteqrasiya istiqamətində dialoq aparılır. Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarına toxunan Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi, onların da hüquqları ölkə qanunvericiliyi və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcək. Ərazidə infrastrukturun bərpası ilə bağlı işlərin aparıldığını deyən ölkə rəhbəri Azərbaycanın erməni sakinlərə humanitar yardımlar göndərdiyini bildirib. Yardımların göstərilməsi ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə də əməkdaşlığın həyata keçirildiyini deyib. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, Vaşinqton yaxın günlərdə Qarabağ üzrə beynəlxalq müşahidə missiyasının təfərrüatını razılaşdırmaq niyyətindədir. O qeyd edib ki, ölkəsi Azərbaycanın ev sahibliyi etməyə hazır olmasından məmnundur: "Biz yaxın günlərdə müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə çalışacağıq ki, bu missiyanın necə görünəcəyini dəqiq müəyyən edək. Amma son nəticədə biz masaya qayıdış görmək istəyirik".
Miller qeyd edib ki, ABŞ Azərbaycan hökumətinin sözün əsl mənasında verdiyi bəyanatı alqışlayır. Departament sözçüsü Qarabağdakı son proseslər zamanı Rusiyanın rolunu məhsuldar hesab etməyib: "Mən, əlbəttə ki, Rusiyanın ötən həftə burada məhsuldar rol oynadığını düşünmürəm. Biz bunu zaman-zaman görmüşük. Onların danışıqları asanlaşdırdığı hallar olub, biz bunu alqışlamışıq, lakin təbii ki, ötən həftə onların bu vəziyyətdə rolu məhsuldar olmayıb". Məlumdur ki, son günlər bəzi Qərb ölkələri və strukturları Qarabağa beynəlxalq missiya göndərmək haqqında açıqlamalar verməyə başlayıblar. Lakin göründüyü kimi, Prezident İlham Əliyev ölkəmizdə akkreditə olunmuş BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfərinə icazə veriləcəyini deyib. Bu o deməkdir ki, dövlət başçısı hansısa xüsusi missiyanın Qarabağa səfərinin əleyhinədir. Ermənilər Azərbaycan qanunları ilə yaşamaq istəməyərək bölgəni tərk edirlər, bunu müşahidə etmək üçün missiyaya nə ehtiyac var?
  
Millət vəkili Elman Nəsirov "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə düçar olduqdan sonra Qarabağla bağlı planlarında dəyişiklik etdilər. Deputatın sözlərinə görə, erməni tərəfi "A" planının üzərindən xətt çəkdi: 

"İrəvanın "A" planı Qarabağın tam "müstəqilliyi" və ya "Ermənistana birləşdirilməsi" ilə bağlı idi. "B" planı isə Qarabağdakı ermənilərin "siyasi hüquqlarının", "təhlükəsizlik" məsələlərinin qabardılması idi. Bu kontekstdə "yüksək muxtatiyyət" tələb etmək və "beynəlxalq mexanimzlər" adı altında fəaliyyət göstərməsi ideyasını ortaya atdılar. Bu, faktiki olaraq Azərbaycanın suverenliyinə qarşı növbəti qəsd idi. Ancaq Azərbaycan Silahlı Qüvvələrinin cəmi bir sutkalıq uğurlu antiterror tədbirləri Ermənistanın "B" planının da üzərindən xətt çəkdi. Ermənilər çalışırdı ki, "beynəlxalq mexanizm" planına da müəyyən korrektələr etsinlər. Hesab edirdilər ki, ABŞ-dən, Avropadan ayrı-ayrı missiyaları dəvət etməklə çirkin oyunlarını həyata keçirə biləcəklər. ABŞ-nin yüksəkrütbəli rəsmilərinin, Avropa İttifaqının məmurlarının Azərbaycan Prezidenti ilə son danışıqlarında bu tendensiya müşahidə olunmaqda idi. Bunun da müəllifi Paşinyan hökumətidir. Azərbaycan dövlətinin və onun ali rəhbərliyinin bu məsələ ilə bağlı prinsipial, qətiyyətli, dəyişməz mövqeyi var. Bu məsələlər, yəni Qarabağdakı erməni sakinləri ilə bağlı məsələlər bizim daxili işimizdir. Heç bir üçüncü dövlət bu prosesə müdaxilə edə bilməz. Qarabağdakı ermənilər digər vətəndaşlarımızın malik olduğu hüquq və öhdəliklərə sahib olacaq. Dövlət başçısının birmənalı söylədiyi kimi Azərbaycan dövləti BMT-nin Rezident Əlaqələndirici Ofisinin Qarabağa səfər etməsinə etiraz etmir. Gəlib görsünlər ki, Qarabağdakı ermənilərə heç bir təzyiq göstərilmir. Əksinə, onları öz vətəndaşımız hesab edirik, humanitar yardımlar göstəririk. Hamı Azərbaycan əsgərinin, hüquq-mühafizə orqanlarının Qarabağdan Ermənistana köç edən ermənilərlə rəftarını görür. Onlara qarşı çox nəzakətli davranırlar. Ona görə də ərazimizə xüsusi missiyanın gəlməsinə ehtiyac yoxdur. Dünyanın ən böyük təşkilatı BMT-dir".