Qarabağda tamamilə yeni mənzərə yaranıb

Bizim erməni kimliyi ilə problemimiz yoxdur, cinayəti olmayanlar burada dinc yaşayacaq

  "Qarabağın bütün ərazisi Azərbaycan Ordusunun nəzarətindədir. Separatçı rejimin özünü buraxması ilə bağlı qərarından sonra bölgədə tamamilə yeni mənzərə yaratdı". Bu barədə Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib. Hüquq müdafiəçisi bildirib ki, Azərbaycan hökuməti Qarabağda yaşayan erməni sakinlərlə birbaşa təmas qurur və dialoq aparır: "İki görüş baş tutub, üçüncü görüşə hazırlıq gedir. Erməni sakinlərə humanitar yardımlar çatdırılır. Əlbəttə, proses mürəkkəbdir, ancaq gedişat uğurludur. Qarabağdakı ermənilər seçim qarşısındadır və heç kim onları nəyəsə məcbur etmir. Getmək istəyənlərin yolu açıqdır, hətta onlar üçün şərait yaradılır. Hökumət humanist jest ortaya qoyur. Bəyan edir ki, bizə qarşı savaşmış separatçılar özləri təslim olacağı və silahı yerə qoyacağı təqdirdə onlara amnistiya tətbiq oluna bilər. Lakin Azərbaycanda qalmağa və qanunlarımıza tabe olmaqla yaşamağa razılıq verən erməniəsilli sakinləri çox rahat, firavan, təhlükəsiz həyat gözləyir. İlk anlardan Azərbaycan dövləti, ölkə rəhbərliyi bunu bəyan edib".
  Ə.Şahidov bəyan edib ki, son günlər baş verənlər ortadadır. Qısa müddətdə Xankəndiyə işıq verilib və oradakı sakinlərin hər cür ehtiyacı təmin olunub: "Bunlar gələcəkdə görüləcək böyük işlərin kiçik göstəricisidir. Həm də o deməkdir ki, bizim erməni kimliyi ilə problemimiz yoxdur. Həqiqətən də, Azərbaycan Prezidenti nəyi, nə zaman, necə edəcəyini gözəl bilir. Bunu real həyatda hamı çox yaxşı görür, yaşayır, şahidlik edir. 30 ildən çoxdur həllini tapmayan problem yoluna qoyulmaq ərəfəsindədir. Ümid edirik, Qarabağda sabitlik, birgəyaşayış tam təmin olunandan sonra Ermənistanda yaşayan ermənilər də görəcək ki, 30 illik işğal və təcavüz, düşmənçilik mənasız və əhəmiyyətsiz imiş. Baş verənlər erməni cəmiyyəti üçün də ciddi siqnal və dərs olmalıdır. Bu da İrəvan-Bakı arasında sülh müqaviləsinin tezliklə imzalanması ilə nəticələnəcək. Artıq bununla bağlı ilkin açıqlamalar var".