Qarabağda yeni hərbi əməliyyatlar gözləniləndir

Paşinyan danışıqlar masasındakı prosesləri sıfırlamaq istəyir

  Beynəlxalq ekspertlər bu il Azərbaycan və Ermənistan arasında hərbi ekslasiyanın başvermə riskini yüksək qiymətləndirir. Sülh müqaviləsi ətrafındakı fikir ayrılığı, 44 günlük müharibədən sonra bölgədə yaranmış situasiyanın dəyişdirilməsi cəhdləri bu gözləntiləri artırır. Mümkün eskalasiyanın hansı ssenarilər üzrə baş verə biləcəyi isə maraqlıdır. 

  Siyasi şərhçi Asif Nərimanlı "Şərq"ə bildirib ki, Ermənistan sərhəd boyunca təxribatlara başlayır. Analitik deyib ki, Nikol Paşinyan hakimiyyəti sentyabr döyüşlərindən sonra Azərbaycan Ordusunun nəzarətinə keçən ərazilərin yenidən ələ keçirilməsi yolu ilə danışıqlar masasında əlini gücləndirmək istəyir: "Hərçənd, yeni macərada hərbi baxımdan heç nə qazanmasa belə, eskalasiyanın yaşanması siyasi baxımdan İrəvana sərfəlidir. İrəvan üçtərəfli razılaşmalar üzrə götürdüyü öhdəliklərdən qaçmaq “bəhanəsi” əldə edir. Müharibədən sonra danışıqlar masasında gündəmdə olan məsələləri sıfırlayır. Ən pis halda prosesi uzadır, ən yaxşı halda yeni danışıqlar masası qurulur. İrəvan KTMT-dən dəstək tələbini aktuallaşdırır, buna paralel olaraq, anti-Rusiya siyasəti üçün əsaslar əldə edir. Rusiya qarşısında bölgəyə Qərb qüvvələrinin gətirilməsi kartından istifadə edir. Beləliklə, həm Qərb, həm Rusiya qarşısında qiymətini artırmaq manevrləri etmək imkanı qazanır". 
  Ekspertin fikrincə, Azərbaycan tərəfi öhdəliklərini yerinə yetirməyən Ermənistanın təxribatlarına hərbi müstəvidə adekvat cavab verə bilər: "Əsas gözlənti Zəngəzur dəhlizinin açılması istiqamətindədir. Qərbin “dəhliz məntiqinə” qarşı olması fonunda belə bir addımın beynəlxalq müstəvidə yarada biləcəyi reaksiyanı hesablamaq çətin olduğu üçün Bakı İrəvana qarşı fərqli istiqamətlərdə addım ata bilər. Bunun Qazaxın 7 kəndi və Kərki kəndi ilə bağlı olması ehtimalı var. Bakı bu kəndlərin sərhədin delimitasiyası prosesinə daxil edilməsinə nail olub. Lakin İrəvanın son açıqlamaları məsələnin danışıqlar masasında həlli imkanlarını azaldır. Azərbaycan-Ermənistan arasında mümkün eskalasiya ilə yanaşı, Bakının erməni qoşunların Qarabağdan çıxarılması öhdəliyinin icrası istiqamətində də praktik addım ata biləcəyi gözləntisi son günlər daha da artır. Lakin bu istiqamətdə mümkün addımlar artıq Azərbaycanın daxili məsələsidir".