Qərblə Rusiyanın savaşı gedir
Bu artıq üçüncü dünya müharibəsidir
Ukrayna Silahlı Qüvvələri mindən çox yaşayış məntəqəsini azad edib, onlardan 224-də minalar təmizlənib. Bu barədə Ukrayna Prezidenti ofisinin rəhbərinin müavini Kiril Timoşenko keçirdiyi brifinqdə bildirib. O deyib ki, Ukrayna polisi artıq azad edilmiş 600-dək şəhər və kənddə fəaliyyətini bərpa edib. Bundan başqa, 650-dək yaşayış məntəqəsinə qaz tədarükü bərpa edilib.
“Məsələ budur ki, Putin heç dəyişməyib”
ABŞ Konqresinin baş məsləhətçisi Pol Massaro Tvitter hesabında bildirib ki, Putin Ukraynada apardığı soyqırım müharibəsini dondurulmuş münaqişəyə çevirmək istəyir. Biz buna imkan verə bilmərik. Çünki bizim məqsədimiz ukraynalıların tam qələbəsinə nail olmaqdır: “Məsələ budur ki, Putin heç dəyişməyib. O, hələ də hər şeydən asanlıqla qurtula biləcəyini hesab edir”. Qeyd edək ki, bundan əvvəl Putinin resurslar tükəndiyi üçün müharibəni dondurmaq istəməsi barədə araşdırmaçı jurnalist Xristo Qrozev də bildirmişdi.
“Ukraynada sülhə NATO mane olur”
İtaliyalı politoloq Aldo Ferrari bildirib ki, NATO Ukrayna böhranının sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir: “Bir tərəfdən son onilliklər ərzində NATO-nun şərqə doğru genişlənməsi Rusiya ilə Qərb arasında münasibətlərin pisləşməsini qətiyyətlə müəyyən etdi, digər tərəfdən, ittifaqın həm siyasi, həm də hərbi çəkisi artdı. Hazırkı böhran Ukraynadakı münaqişənin sülh yolu ilə həlli perspektivlərini xeyli çətinləşdirir”. Ekspert əlavə edib ki, o, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat keçirməsi ilə razılaşmır: “Hesab edirəm ki, nizamlanma üçün balanslı və uzaqgörən diplomatik yolun təşviqində NATO-nun mənfi rolu dəqiq vurğulanmalıdır”.
“Ukrayna Aİ üzvlüyünə namizəd statusu almırsa, deməli, Avropa bizi aldadır”
Ukrayna Xarici işlər naziri Dmitro Kuleba vurğulayıb ki, Ukrayna Avropa İttifaqı üzvlüyünə namizəd statusu almırsa, deməli, Avropa bizi aldadır: “Hazırda Ukrayna Avropada insanların Aİ-nin dəyərləri uğrunda öldüyü yeganə yerdir. Əgər Ukrayna Aİ üzvlüyünə namizəd statusu almırsa, deməli, Avropa bizi aldatmağa çalışır. Ukraynada insanlar bu qurumun dəyərləri uğrunda ölürlər. Hesab edirəm ki, buna hörmət edilməlidir”. Ukraynanın XİN başçısı Rusiya qoşunlarına qalib gəlməyin şərtini açıqlayıb: “Qərbdəki müttəfiqlərimiz vəd etdikləri ağır silahları tez tədarük etsələr, Rusiya qoşunlarını Ukrayna ərazisindən tamamilə çıxara biləcəyik. Müharibənin ilk aylarında Rusiya qoşunlarını fevralın 24-dək mövqeyinə sıxışdırmaq bizim üçün qələbə sayılardı. İndi isə biz hərbi cəbhədə çox güclüyük və Donbass uğrunda müharibəni udacağıq. Bu, müharibənin sonrakı dinamikası üçün həlledici olacaq. Əlbəttə, bu, savaşda bizim üçün qələbə qalan ərazilərimizin də işğaldan azad edilməsidir”. Nazir deyib ki, yalnız Rusiyanın məğlubiyyəti Ukraynaya Qara dənizdə limanlarını açmağa və ixracat iqtisadiyyatını dirçəltməyə imkan verər: “Əgər Kiyev daha çox hərbi dəstək alarsa, biz onları Xerson vilayətindən də çıxara, Rusiyanın Qara dəniz donanmasını darmadağın edə və dəhlizi mühasirədən azad edə bilərik”.
“Müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri toqquşmalara səbəb olacaq”
Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib ki, müharibə yolu ilə yeni nizam yaratmaq cəhdləri toqquşmalara səbəb olacaq: “Ukraynadakı müharibəni bitirmək və humanitar yardımı çatdırmaq üçün təşəbbüslərimiz davam edir. Artıq üçüncü ayına keçən savaşın davam etməsi kimsənin xeyrinə deyil”.
ABŞ Suriyaya 800 milyon dollardan çox yardım ayırıb
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild söyləyib ki, Amerika Suriyaya 800 milyon dollardan çox yardım ayırıb: “Qürur hissi ilə bildirirəm ki, Birləşmiş Ştatlar Suriya xalqına 800 milyon dollardan çox yeni humanitar yardım edəcək. Bu, bundan əvvəlki Brüssel konfransında ABŞ tərəfindən elan edilən yardımdan çoxdur”. Diplomat qeyd edib ki, Ukraynadakı vəziyyətlə əlaqədar Afrikada, Yaxın Şərqdə, o cümlədən Suriyada kəskin taxıl və gübrə çatışmazlığı yaranıb.
Fransa və Çin lideri Ukraynanı müzakirə edib
Emmanuel Makron Çin lideri ilə Ukraynadakı vəziyyəti müzakirə edib
Fransa Prezidenti Emmanuel Makronla Çin Xalq Respublikasının sədri Sin Cinpin arasında telefon danışığı olub. Qeyd olunub ki, liderlər Ukraynadakı durumu və qlobal ərzaq böhranı məsələsini müzakirə ediblər. Onlar Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini söyləyib, atəşkəsin təxirəsalınmazlığını vurğulayıblar.
"Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlərin sayı çoxdur"
Politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya 2022-ci il fevralın 24-dən Ukrayna ilə müharibə edir. Buna hibrid müharibə deyənlər də var. Ancaq fikrimizcə, bu artıq o səviyyəni aşıb. Müharibənin miqyası sosial-iqtisadi baxımdan genişlənib: “Bu savaşdan dünyanın bir çox ölkələri ziyan görürlər. Təbii olaraq belə bir sual yaranır: Rusiya-Ukrayna savaşı üçüncü dünya müharibəsi sayıla bilərmi? Ukrayna müharibəsi zamanı Rusiyanın nüvə silahından istifadə edəcəyinə dair fikirlər və ehtimallar səslənir. Ancaq bu ağılsız addımı hər hansı tərəfin indiki şəraitdə atacağı ehtimalı çox azdır. ABŞ və Qərb dövlətləri İkinci Dünya müharibəsindən sonra ilk dəfədir ki, indiki şəraitdə Ukraynaya münasitbətdə belə həmrəylik nümayiş etdirirlər. Hadisələr göstərir ki, Ukraynanın ərazi bütövlüyü və suverenliyini müdafiə edənlərin sayı çoxdur. Daha doğrusu, bu müharibədə heç bir dövlət Rusiyaya haqq qazandırmır.
Onun müttəfiqləri sayılan Çin və İran belə NATO-nu, qərbi vəziyyətin bu yerə gəlib çatmasında qınasalar da, Rusiyanın haqlı müharibə apardığını açıq-aşkar bəyan etməyiblər. Çin və İranın bu və ya başqa şəkildə ona yardımı istisna olarsa, bu qarşıdurmada Rusiyanın havadarı yox dərəcəsindədir.
Rusiya elə hesab edirdi ki, Kiyevi bombalamaqla Ukrayna hakimiyyətini qorxudacaq. Onlar meydandan qaçacaq və indiki hakimiyyəti öz tərəfdarları ilə əvəzləyəcək. Ancaq bu baş vermədi. Ukrayna hakimiyyəti işğala qarşı mübarizəyə qalxdı. Dünya 83 il əvvəl olduğu kimi işğala qarşı mübarizəyə qalxıb, azadlığın müdafiəsinə qalxdı.
O zaman Rusiyanın dünya dövlətlərinin çoxunun silah, maliyyə, sursat, hərbi texnika və s. cəhətdən yardım etdiyi Ukrayna ilə müharibəsini necə adlandıra bilərik? Fikrimcə, bu, 3-çüncü dünya müharibəsidir. Bütün göstəricilərinə və xarakterinə görə Qərblə Rusiyanın müharibəsidir”.