QHT sektorunda yeni dövr: Süni intellekt və rəqəmsallaşma qaçılmazdır

Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Rəqəmsallaşma artıq təkcə dövlət qurumları və biznes üçün deyil, vətəndaş cəmiyyəti institutları üçün də zərurətə çevrilib. Müasir dövrdə QHT-lərin fəaliyyətinin daha səmərəli təşkili, şəffaflığın artırılması, vətəndaşlarla operativ əlaqənin qurulması və layihələrin effektiv idarə olunması rəqəmsal həllərdən istifadəni qaçılmaz edir.

Bu baxımdan, qeyri-hökumət təşkilatlarının rəqəmsal transformasiyası və innovativ idarəetmə modellərinə keçidi sektorun gələcək inkişafı üçün mühüm istiqamətlərdən biri hesab olunur. Məhz bu mövzu Bakıda keçirilən “QHT sektorunda rəqəmsallaşma və innovasiyalar” mövzusunda dəyirmi masanın əsas müzakirə mövzularından biri olub. Azərbaycan Milli QHT Forumunun (AMQF) təşkilatçılığı ilə keçirilən tədbirdə QHT-lərin institusional inkişafı, rəqəmsal ekosistemin qurulması və dövlət qurumları ilə mexanizmlərin avtomatlaşdırılması müzakirə olunub.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə "Şərq"ə bildirib ki, rəqəmsal transformasiyanın sürətləndiyi bir dövrdə belə müzakirə platformaları QHT-lərin yeni texnologiyalara uyğunlaşmasını təşviq edir. Bu cür tədbirlər sektorun çağırışlarını və imkanlarını dəyərləndirməyə, eləcə də rəqəmsal həllərin tətbiqinə dair vahid yanaşmanın formalaşmasına töhfə verir:

"Son dövrlər ölkə başçısının rəqəmsal inkişaf sahəsində atdığı addımları yaxından izləyirik. Hesab edirəm ki, bu addımlar vətəndaş cəmiyyəti təşkilatları tərəfindən də müsbət qarşılanır. Çünki biz uzun illərdir müxtəlif tədbirlərdə və milli fəaliyyət planlarının icrası çərçivəsində rəqəmsal inkişafla bağlı təkliflərimizi səsləndirirdik. Prezident tərəfindən Rəqəmsal İnkişaf Şurasının yaradılması bu istiqamətdə mühüm addımdır. Şuraya ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etməsi də xüsusi əhəmiyyət daşıyır. Çünki rəqəmsal inkişaf müxtəlif dövlət qurumlarının fəaliyyətinin inteqrasiyasını tələb edir və bu prosesin ən yüksək səviyyədə koordinasiya olunması nəticəyönümlü olacaq.

Eyni zamanda, 2026–2028-ci illər üzrə Rəqəmsal İnkişafın Sürətləndirilməsinə dair Milli Fəaliyyət Planının qəbul edilməsi də mühüm əhəmiyyət kəsb edir. Həmin sənəddə yer alan bir çox məsələlər vaxtilə vətəndaş cəmiyyəti institutları tərəfindən də irəli sürülmüş təkliflər idi.

QHT sektorunda rəqəmsallaşma və innovasiyalar mövzusunda keçirilən dəyirmi masa da olduqca aktual idi. Tədbirdə bu günədək əldə olunan nəticələri və qarşıda duran hədəfləri müzakirə etmək imkanı qazandıq. Mən çıxışımda qeyd etdim ki, QHT sektorunda rəqəmsallaşma əsasən üç istiqamətdə inkişaf etdirilməlidir.

Birinci istiqamət dövlət qurumları ilə kommunikasiyanın rəqəmsallaşdırılmasıdır. Buraya ilk növbədə QHT-lərlə işləyən donor qurumlar, QHT-lərə Dövlət Dəstəyi Agentliyi, eləcə də hesabatlılıq baxımından Maliyyə Nazirliyi, Dövlət Vergi Xidməti, Dövlət Statistika Komitəsi və Ədliyyə Nazirliyi ilə əlaqələr daxildir. Bu sahədə mühüm irəliləyişlər əldə olunsa da, hesab edirəm ki, hesabatların təqdim edilməsi və digər prosedurların daha da təkmilləşdirilməsinə ehtiyac var. Bu istiqamətdə bir sıra təkliflər də səsləndirdik və ümid edirik ki, gələcəkdə aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınacaq.

İkinci istiqamət QHT-lərin öz daxili fəaliyyətinin və layihələrin idarə olunmasının rəqəmsallaşdırılmasıdır. Ayrı-ayrı təşkilatlar bu sahədə müəyyən addımlar atsalar da, hesab edirəm ki, bu təcrübə bütün sektor üzrə daha geniş tətbiq edilməlidir.

Üçüncü istiqamət isə benefisiarlarla münasibətlərin rəqəmsallaşdırılmasıdır. Bu sahədə həm rəqəmsal həllərin, həm də süni intellekt imkanlarının tətbiqi böyük əhəmiyyət daşıyır. Artıq bir sıra xidmətlərin elektronlaşdırılması və süni intellekt alətlərindən istifadə zərurətə çevrilib.

Eyni zamanda, rəqəmsallaşma, rəqəmsal həllər və rəqəmsal transformasiya anlayışlarını bir-birindən fərqləndirmək lazımdır. Rəqəmsallaşma əsasən sənədlərin elektron formaya keçirilməsini ifadə edir, rəqəmsal həllər isə daha çevik idarəetmə alətlərinin yaradılmasıdır. Məncə, ən vacib mərhələ məhz rəqəmsal transformasiyadır. Əgər düşüncə tərzimiz dəyişməzsə və rəqəmsal transformasiyanı qəbul etməsək, istər QHT-lərin, istərsə də dövlət qurumlarının fəaliyyətində gözlənilən nəticəni əldə etmək mümkün olmayacaq."

C. Hüseynzadə qeyd edib ki, əgər biz müxtəlif xidmətlərdən rəqəmsal formada istifadə ediriksə, lakin əldə olunan nəticələri yenidən əl ilə başqa bir platformaya daxil etməyə məcbur oluruqsa, bunu rəqəmsal transformasiya hesab etmək olmaz: “Eyni zamanda, dövlət qurumlarının fəaliyyətində rəqəmsal inteqrasiya təmin edilməzsə, rəqəmsallaşma sadəcə imitasiya xarakteri daşıyacaq. Bu məqam dövlət qurumları tərəfindən də mütləq nəzərə alınmalıdır.

Digər vacib məsələ ondan ibarətdir ki, rəqəmsallaşmanın həyata keçirilməsi kifayət qədər maliyyə resursu tələb edir. Biz bunu hökumətlə keçirilən müzakirələrdə də dəfələrlə qaldırmışıq. İlk növbədə mövcud imkanlara baxmaq lazımdır. Məsələn, hər bir QHT-nin internet saytının olması rəqəmsallaşmanın əsas elementlərindən biridir. Amma bu gün QHT-lərin neçə faizinin internet saytı var? Hesab edirəm ki, bu göstərici hələ də aşağıdır. Bununla bağlı konkret statistika da mövcuddur. Düşünürəm ki, dövlət qurumları bu istiqamətdə ayrıca dəstək proqramlarının hazırlanmasını müzakirə edə bilərlər.

Son dövrlər QHT sektorunda hiss olunan müsbət dəyişikliklərdən biri də dövlət və özəl sektor arasında əməkdaşlığın genişlənməsidir. Hesab edirəm ki, özəl sektorun bu prosesə daha fəal cəlb edilməsi mövcud problemlərin bir hissəsinin həllinə kömək edə bilər.

QHT-lərin rəqəmsal mühitdə fəallığına gəldikdə, bu sahədə son 3–4 ildə həqiqətən də yaxşı nəticələr əldə olunub. Mən bununla bağlı müəyyən hesablamalar aparmışam. Məsələn, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin qrant müsabiqələri çərçivəsində təxminən 300 QHT maliyyələşdirilib. Hər bir layihənin başlanması, icrası və yekunlaşması ilə bağlı orta hesabla 10-a yaxın informasiya yayılır. Bu da ümumilikdə ən azı 9–10 min xəbərin rəqəmsal informasiya mühitində yayımlanması deməkdir. Bu, kifayət qədər yaxşı göstəricidir. Bundan əlavə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin uğurlu yanaşmalarından biri də təşkilatların ictimai görünürlüğünə diqqət yetirməsidir. Layihələr təqdim edilərkən təşkilatların əvvəlki illərdə mediada və rəqəmsal platformalarda nə dərəcədə aktiv olduqlarına dair məlumatların nəzərə alınması QHT-lər arasında sağlam rəqabət mühiti formalaşdırıb. Hesab edirəm ki, bu, rəqəmsal mühitdə görünürlüğün artırılması baxımından müsbət yanaşmadır”.

QHT sədrinin sözlərinə görə, QHT-lərin sosial şəbəkələrdə fəallığı da son illər nəzərəçarpacaq dərəcədə artıb və bunu müsbət tendensiya kimi qiymətləndirmək lazımdır: “Bununla yanaşı, görüləsi işlər hələ də çoxdur. Gələcəkdə QHT-lərin internet səhifələrinin inkişaf etdirilməsi, üzvlərin onlayn qeydiyyatı, ianələrin elektron qaydada qəbulu kimi istiqamətlərə daha çox diqqət yetirilməlidir. Təbii ki, bunun üçün qanunvericilikdə də müəyyən təkmilləşdirmələrə ehtiyac var. Bu addımlar QHT sektorunda rəqəmsallaşmanın daha da inkişafına töhfə verəcək. Həmkarlarımızın da qeyd etdiyi kimi, qarşıdakı dövrdə sənədləşmə prosesinin tam şəkildə rəqəmsallaşdırılması əsas hədəflərdən biri olmalıdır. Mən hesab edirəm ki, ən vacib məsələlərdən biri də layihələrin icrasında rəqəmsal imkanlardan, xüsusilə də süni intellektdən daha səmərəli istifadə edilməsidir. Bəzən insanlar süni intellektdən istifadə etdiklərini gizlətməyə çalışırlar. Halbuki, ondan düzgün istifadə olunursa, bu, müsbət haldır. Məsələn, məqalələrin hazırlanmasında, hesabatların tərtibində, məlumat bazalarının formalaşdırılmasında və müxtəlif proqram həllərinin hazırlanmasında süni intellekt əvəzolunmaz imkanlar yaradır. Bir insanın günlərlə vaxt sərf etdiyi sorğu nəticələrinin emalı, hesabatların hazırlanması və məlumatların strukturlaşdırılması süni intellekt vasitəsilə cəmi 10–20 dəqiqə ərzində həyata keçirilə bilər. Bunun üçün əsas şərt düzgün tapşırıqların verilməsi və keyfiyyətli məlumat bazasının formalaşdırılmasıdır. Ümumilikdə isə hesab edirəm ki, QHT-lərin rəqəmsallaşması üç əsas istiqamətdə davam etdirilməlidir. Birincisi, dövlət qurumları ilə rəqəmsal əməkdaşlıq və elektron kommunikasiyanın daha da təkmilləşdirilməsi. Bu sahədə artıq mühüm nəticələr əldə olunub və əməkdaşlıq etdiyimiz dövlət qurumlarının böyük əksəriyyəti rəqəmsallaşıb. Lakin bu proses daha da inkişaf etdirilməlidir. İkinci istiqamət QHT-lərin öz daxili fəaliyyətinin rəqəmsallaşdırılmasıdır. Üçüncü istiqamət isə vətəndaşlara və benefisiarlara təqdim olunan xidmətlərin rəqəmsal əsasda təşkili ilə bağlıdır. Mən hesab edirəm ki, QHT-lər layihələrin icrası ilə yanaşı, ortaya qoyduqları konkret məhsullara və onların cəmiyyət üçün yaratdığı dəyərə də daha çox diqqət yetirməlidirlər”.