Rəqəmsal hökumətə keçid reallaşdırılır

Bu istiqamətdə vahid koordinasiyanı həyata keçirmək başlıca vəzifədir

"Artıq milyonlarla əmlaka sahib olan Azərbaycan vətəndaşının öz daşınmaz əmlakı üzərində istənilən hərəkətləri etmək üçün fiziki olaraq iştirakına ehtiyac yoxdur"

İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi; -

  Müasir dünyada gedən qloballaşma, modernləşmə və informasiyalaşma prosesləri bir-birilə əlaqəli olub, biri digərini şərtləndirir. Son illərdə dünyada müxtəlif sahələrdə mühüm dəyişikliklər baş verib ki, bu dəyişikliklər onların klassik strukturuna yenidən baxmaq və o sahədə əsaslı dəyişikliklər aparmaq zərurəti yaradıb. Həmin dəyişikliklərə ilk növbədə informasiya istehlakı və onun yayılması proseslərini aid etmək olar. Bəzi inkişaf etmiş ölkələr - Yaponiya, Kanada, Qərbi Avropa 1960-cı illərdən başlayaraq sənaye iqtisadiyyatından informasiya iqtisadiyyatına keçməyə başlayıblar. Bu proses öz növbəsində cəmiyyətin transformasiyası, yəni informasiya cəmiyyətinə keçid ilə sonlanıb. 

Müasir qloballaşma dövründə informasiya cəmiyyətinə keçid bu cəmiyyətə xas olan dövlət idarəçiliyinin formalaşmasını - "elektron hökumət" yaradılmasını tələb edir. Dünyanın müxtəlif ölkələrində və ilk olaraq ABŞ və Böyük Britaniyada "e-hökumətə" ümumilikdə dövlətin fəaliyyətinin keyfiyyətinin artırılmasına istiqamətlənmiş bir konseptual sənəd kimi baxılır. Əsas mahiyyəti isə budur ki, müxtəlif səviyyəli dövlət qurumları müasir informasiya texnologiyalarından istifadə edərək vətəndaşlara şəffaf, qərəzsiz informasiya və xidmətlər təklif edir. 

  “Elektron Hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan  imkanların əsas məqsədi sosial xidmət təminatında dövlət qulluqçuları və vətəndaşlar arasında olan “məsafəni” azaltmaq, həmçinin, bu münasibətləri sadələşdirmək və şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmnunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir. Beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün “bir pəncərə” prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi “Elektron Hökumət” portalı tətbiq edilir. 

Ölkəmizdə “Elektron Hökumət”in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır. Bu məqsədlə yaradılmış “Elektron Hökumətin İnkişafı Mərkəzi” dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və effektiv idarə edilməsi sahəsində kordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarını yerinə yetirməklə yanaşı xidmətlərin əhali arasında təbliğatının da həyata keçirilməsindən məsuldur. Mərkəz, müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsini təmin edir. Mərkəzin fəaliyyət istiqamətləri başlıca olaraq elektronlaşdırılmış dövlət xidmətləri, "e-viza" verilməsi və rəqəmsal ödəniş sistemləri üzrə xidmətləri əhatə edir. Qeyd olunan sahələrdə xidmət keyfiyyətinin yüksəldilməsi, xidmətdən yararlanmanın asanlaşdırılması və vətəndaş məmnunluğunun artırılması məqsədilə qabaqcıl beynəlxalq təcrübələr araşdırılıb. Vətəndaş ehtiyacları nəzərə alınmaqla innovativ yeniliklər tətbiq olunub. “Elektron Hökumətin İnkişafı Mərkəzi” elektron xidmətlərin göstərilməsini “Elektron Hökumət” portalı vasitəsilə təşkil edir. 

  17 oktyabr 2022-ci il tarixində Quba şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub. Görüşdə 60-a yaxın müxtəlif dövlət qurumlarının aidiyyəti struktur bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ekspertlər olmaqla 70 nümayəndə iştirak edib. 

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini, Elektron Hökumət üzrə İcra Qrupunun rəhbəri Ceyhun Salmanov ölkəmizdə rəqəmsal hökumət quruculuğu istiqamətində  həyata keçirilən tədbirlərdən və icrası nəzərdə tutulan layihələrdən, müasir çağırışlardan söz açıb. Ardınca rəqəmsal xidmətlərin təbliği və təşviqi, dövlət informasiya resurslarında kibertəhlükəsizlik mövzularında təqdimatlar edilib.  Həmçinin "opendata" mövzusu,  “Mobil Notariat”, “E-qanun” mobil tətbiqləri barədə danışılıb. Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib ki, vətəndaşlara göstərilən xidmətlərin əlçatan və şəffaf olması mobil tətbiqlərə diqqəti artırıb. Daha sonra Ədliyyə Nazirliyinin nümayəndələri Qismət Qurbanov və Zaur Həsənov “Hüquqi aktların vahid elektron bazası”nın (E-qanun.az) mobil versiyasının və “Mobil notariat” tətbiqinin funksional imkanlarını nümayiş etdiriblər. Sonda iştirakçılarla elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərdən danışılıb. Bu sahədə mövcud vəziyyət və perspektiv inkişaf istiqamətləri barədə məlumatlar verilib. Eləcə də faydalı fikir mübadiləsi aparılıb. 

  “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib ki, 6-cı dəfə təşkil olunan bu formatda görüş çox faydalıdır. Ötən dövrdə bu istiqamətdə müəyyən işlər görülüb. Ekspert vurğulayıb ki, İcra Qrupu dövlət informasiya resursları sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə keçidin, elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb:

 "Bununla belə hiss olunur ki, kordinasiyanın gücləndirməsinə ciddi ehtiyac var. Son dövrlərin beynəlxalq hesabatları da göstərir ki, görüləcək işlər daha çoxdur. Əgər rəqəmsal hökumət qurulursa və kordinasiya qrupu da onun əsas orqanıdırsa, demək, onun təsir imkanları genişləndirilməli və  rolu artırılmalıdır. Nazirlər və nazir müavinləri, hökumət üzvləri, deputatlar bu tip görüşlərdə aktiv iştirak etməlidir.
  Əks halda inteqrasiyanı tamamlamaq uzun zaman alacaq. Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir. Son zamanlar yaxşı nümunələr də var. Görüşdə təqdim olunan "Mobil notariat" resursunun son versiyası da hazırda ən faydalı hökumət rəqəmsal həlli hesab oluna bilər. Artıq milyonlarla əmlaka sahib olan Azərbaycan vətəndaşının öz daşınmaz əmlakı üzərində istənilən hərəkətləri etmək üçün fiziki olaraq iştirakına ehtiyac yoxdur. Yəni Azərbaycan vətəndaşı əmlakı üzərində hansısa sərəncam verilməsi üçün,  almaq, satmaq, bağışlamaq və s. üçün dünyanın istənilən yerindən "Mobil notariat" vasitəsilə başqa birisinə  etibarnamə verə bilər. Çox uğurlu və olduqca faydalı bir işdir. Onlayn mühitdə bu tip əməliyyatları gerçəkləşdirmək üçün Ədliyyə Nazirliyi, notarial qurum şübhəsiz ki, xeyli sayda hökumət datalarına sahib olmalıdır. Görünür, qurum digər əlaqəli dövlət orqanları ilə xidmət göstərmək üçün zəruri olan çoxsaylı dataları inteqrasiya edə bilib. Ədliyyə Nazirliyinin, qurumun İT komandasının və dövlət-özəl tərəfdaşlıq çərçivəsində çalışan "Crocusoft" şirkətinin rəqəmsal transformasiya sahəsindəki fəalyiyyəti təqdirəlayiqdir. Ancaq faydalı, mobil rəqəmsal həllər hələlik çox azdır. Mövcud rəqəmsal arayışların və məlumatların hüquqi təminatı yaradılmalıdır. Düşünürəm ki, "e-Gov" koordinasiya qrupunun rəhbərliyi dövlət qurumlarında "eGov"a , rəqəmsal hökumətə cavabdeh şöbələrin və departamentlərin rolunun artırılması istiqamətində işlər aparmalıdır. Hər bir nazirlikdə nazir müavinlərindən biri yalnız rəqəmsal sektora cavabdehlik daşımalıdır və kordinasiya qrupunda təmsil olunmalıdır. İcra Qrupunun görüşlərinin intensivliyinin və məhsuldarlığının daha da artırılmasının əhəmiyyətli olacağını düşünürəm".