Rəvadırmı ki yenidən tikilən şəhərimizi bu cür zibilləyək? - Vüqar Tofiqli

  • "Elə etməliyik ki, Ağdama gələn hər bir qonaq şəhərdəki təmizliyi, abadlığı görüb, bizə “əhsən” desin"
  • "Bəlkə də orda hələ kommunal xidmət tam qurulmayıb, işçi çatıçmazlığı var, küçələr vaxtlı-vaxtında təmizlənə bilmir. Amma bu, bizim özümüzdən də asılıdır"

“İşğaldan azad edilmiş hər bir şəhərimiz, kəndimiz, qəsəbəmiz, hər qarış torpaq müqəddəsdir. Şəhid qanı axıb o torpağa. Şəhidlərimiz canı, qanı bahasına azad edib torpaqlarımızı. Hər birimizin borcudur ki, bu müqəddəsliyə xələl gətirməyək”.

Bu fikirləri “Sherg.az”a açıqlamasında Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri, əslən Ağdamdan olan Vüqar Tofiqli bildirib. Qeyd edək ki, Ağdam şəhərinin bəzi küçələrinin zibillənməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər paylaşılıb. Bəzi binaların girişi, səkilərdə, qazonlarda həm məişət, həm də tikinti materiallarından ibarət tullantıların olduğu görünür.

V.Tofiqli qeyd etdi ki, Ağdam müqəddəs şəhərdir. Erməni separatçıları Ağdamın döyüşkən, sarsılmaz, vüqarlı, qürurlu, düşəmə qan udduran oğullarından o qədər yanıqlı idilər ki, şəhər işğal ediləndə daşı-daş üstə qoymadılar. Ağdam ruhlar şəhərinı çevrildi: 

- 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi. Bu gün – 26 İyun Silahlı Qüvvələr Günüdür. Şəhidlərimizi ehtiramla yad edir, bu gün Vətənin keşiyində ayıq-sayıq dayanan əsgərlərimizə təşəkkür edirik, onların bayramıdır. İşğaldan azad edilmiş Qarabağın hər guşəsində abadlıq, tikinti-quruculuq işləri aparılır. Yaraşıqlı binalar tikilir, insanlar doğma yurduna, doğma şəhərinə qayıdır. Rəvadırmı ki yenidən tikilən şəhərimizi bu cür zibilləyək?!. Şəhərin təmizliyi mədəniyyətin ən əsas göstəricidir. Elə etməliyik ki, Ağdama gələn hər bir qonaq şəhərdəki təmizliyi, abadlığı görüb, bizə “əhsən” desin. Bəlkə də orda hələ kommunal xidmət tam qurulmayıb, işçi çatıçmazlığı var, küçələr vaxtlı-vaxtında təmizlənə bilmir. Amma bu, bizim özümüzdən də asılıdır. Məişət tullantıları yerə atılmasa, şəhər zibillənməz. Tikinti şirkətləri də harda işləyirlərsə, təmizliyə riayət etməlidirlər. İşi görüb qurtarandan sonra da təmizlik aparmalıdırlar. Hər kəs yerdən bir balaca tullantı götürüb təyin olunmuş yerə atsa, küçələr tər-təmiz qalar.