Şəhid valideynlərinə fərqləndirici döş nişanları təsis edilsin


Razi Nurullayev MM-də qazilər üçün üst geyimlərinin tətbiqinin vacibliyini söyləyib


  Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 28 məsələ olub. Milli Məclisin sədri Sahibə Qafarova Türkiyədə keçirilən prezident seçkisinin nəticəsindən danışıb. Spiker deyib ki, qardaş Türkiyədə keçirilən prezident seçkilərinin 2-ci turunda Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb. Bu qələbə bütün Azərbaycan xalqını sevindirib: "Türkiyə və Azərbaycan dostluğunun və qardaşlığının yeni uğurlu nəticələrinə şahidlik edəcəyik".

"Qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi"

  Deputat Kamal Cəfərov deyib ki, 28 may seçkilərində müdrik türk xalqı öz siyasi müqəddəratını təyin etdi: "Qardaşlarımız təkcə Türkiyənin deyil, türk dünyasının inkişafına səs verdi. 28 may seçkiləri nəticəsində PKK/FETÖ terror təşkilatları məğlub olub, Mehmetçik və Bayraktar qalib gəlib. Eyni zamanda zəlzələyə sevinib, ondan siyasi mənfəət güdənlər məğlub oldu, zəlzələdən əziyyət çəkənlər qalib gəldi, qeyri-əxlaqi dəyərlər məğlub oldu, ailə dəyərləri qalib gəldi, Türkiyəni dini və etnik kontekstdə bölməyə çalışanlar, bölücülük və illət məğlub oldu, türk milləti qazandı”. K.Cəfərov Türkiyəyə qarşı cəbhə alan hər kəsin məğlub olduğunu, Ərdoğanın qazandığını vurğulayıb: “Rəis iştirak etdiyi bütün seçkilərdə qalib oldu, nəticədə türk dünyası qazandı, həmişə də qazanacaq”.

"Yaş həddi insanların çalışmasına mane olmamalıdır"

  Millət vəkili Musa Quliyev büdcə təşkilatlarında çalışmanın son yaş həddinin 70-ə qaldırılmasını təklif edib. Deputat deyib ki, bir neçə il əvvəl Əmək Məcəlləsinə edilən dəyişikliklə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanlar üçün son yaş həddi 65 müəyyən edilib: "Son zamanlar isə sosial, səhiyyə, təhsil sahəsində yaşı 65-ə çatanların işdən çıxarılması kütləvi hal alıb. Sanki o işçilər neçə il işləməyib. Elə ad günündəcə onları işdən çıxarırlar, əlavə vakansiya isə təklif edilmir. Onların pensiyaları azdır, pensiyalarını sonrakı müddətdə işləyib artırmaq isə mümkün olmur. Yaş həddi insanların çalışmasına mane olmamalıdır. İnsanları yaş həddinə görə işdən kənarlaşdırmaq doğru deyil. Təklif edirəm ki, çalışmanın son həddi 65 yaşdan 70-ə qaldırılsın. Bu təklif qəbul edilərsə, qanun layihəsini hazırlayıb payız sessiyasında qəbul edə bilərik”.

"Hələ də separatçı ünsürlərin əsarəti altında olanlar qərar verməlidir"

  Deputat Tural Gəncəliyev deyib ki, Azərbaycanın ərazi bütövlüyü toxunulmazdır: "Hələ də separatçı ünsürlərin əsarəti altında olanlar qərar verməlidir. Onlar Azərbaycan vətəndaşlığını qəbul edib yaşamalıdır. Hələ də Avropada Laçında sərhəd-buraxılış məntəqəsinin yaradılmasına qarşı fikir səsləndirənlər var. Onların diqqətinə çatdırmaq istəyirəm ki, bütün dünya ölkələri öz sərhədlərini qoruyursa, bu, Azərbaycanın da təbii və legitim hüququdur”.

  Bir müddət əvvəl terrora məruz qalmış deputat Fazil Mustafa da Milli Məclisin iclasına qatılıb və ölkə rəhbərliyinə təşəkkürünü bildirib: “Şəxsimə qarşı törədilmiş terror aktına dərhal həssaslıqla yanaşan ölkə prezidentinə və Birinci vitse-prezidentə təşəkkürümü çatdırmaq istəyirəm. Bu cür hadisələr dövlət üçün çalışan insanları qorxutmaq gücündə deyil. Bu ünsürlərin zərərsizləşdirilməsi onu göstərir ki, Azərbaycan dövlətinə qarşı bu cür addımlar nəticə verməyəcək”.

Azərbaycanın üç ölkə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib

  Deputat Səməd Seyidov deyib ki, parlamentin beynəlxalq fəaliyyəti genişlənir: "100-dən çox Parlamentlərarası əlaqələr üzrə İşçi qrupları fəaliyyət göstərir. Deputat bildirib ki, Azərbaycan-Lüksemburq Parlamentlərarası əlaqələr üzrə İşçi qrupuna Şahin İsmayılov, Azərbaycan-Tailand Parlamentlərarası əlaqələr üzrə İşçi qrupuna Rüfət Quliyev, Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi qrupuna isə Kamran Bayramovun rəhbər olması təklif edilib. Təklif müzakirələrdən sonra qəbul edilib". Qeyd edək ki, Rüfət Quliyev bundan əvvəl Azərbaycan-Ukrayna Parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri olub.

"Bəzən növbələr olur, şəhid ata və anasına yer verilmir və tələb olunur ki, vəsiqəni göstər"

  Millət vəkili Razi Nurullayev şəhid ata-anaları üçün fərqləndirici döş nişanı təsis edilməsi təklifi ilə çıxış edib: “Təklif edirəm ki, şəhid ata və anaları üçün fərqləndirici döş nişanı təsis edilsin. Şəhid ata-analarından, ağsaqqal və ağbirçəklərdən aldığı təkliflərdən sonra bu məsələni səsləndirmək qərarına gəlib. Bildiyiniz kimi, şəhid analarını boyunlarından asdıqları şəhid övladlarının rəsmi ilə tanımaq olur, şəhid atalarını isə tanımaq olmur. Müxtəlif məclislərdə oluruq və irad bildirilir ki, siz niyə gedib şəhid atası ilə görüşmədiniz. Ölkəmizdə minlərlə şəhid ata və anası var və təbii ki, hamısını yadımızda saxlaya bilmirik. Bəzən növbələr olur, şəhid ata və anasına yer verilmir və tələb olunur ki, vəsiqəni göstər. Bunlar xətrə dəyən məsələlərdir. Əgər şəhid ata və anasının yaxasında fərqləndirici nişan olsa, çox gözəl olar. Hər kəs onları tanıyıb hörmətlə yanaşar, təbii ki, bu da onlara mənəvi olaraq yaxşı təsir edər. Yas və toy məclislərində onlara xüsusi hörmət və başda da yer göstərilər. Bu, nəinki şəhid ata və analarına, həm də ümumi olaraq bütün vətəndaşlarımıza dövlət adına xoş təsir bağışlayar”.

"Üzərində isə “qazi” yazılıb..."

  Deputat həmçinin təklif edib ki, müharibə iştirakçıları, veteranlar üçün də fərqləndirici üst geyim təsis edilsin: “Bunu hətta Müdafiə Nazirliyi də təsis edə bilər, deyə düşünürəm. O paltarlar hərbi dükanlarda qoyula bilər ki, lazım olduqda bizim şanlı müharibə iştirakçılarımız və veteranlarımız onu əldə edə bilsinlər. Türkiyədə bu təcrübə var. Müharibə veteranları, iştirakçıları üçün üst geyim və hərbi papaq şəklində baş örtüyü var. Üzərində isə “qazi” yazılıb. Bu təklifi niyə verirəm? Cəmiyyətdə belə bir müzakirə var ki, müharibə iştirakçıları tərxis olunandan sonra hərbi paltarı daşımamalıdır. Bildiyiniz kimi, onların xeyli hissəsi, hətta Birinci Qarabağ müharibəsindən bəri o paltarı əynindən çıxarmayıb. Bu, onların özləri üçün də ağırlıq yaradır və sərbəst yaşamalarına mane olur. Təklif edirəm ki, bu məsələləri aidiyyəti dövlət orqanları ilə müzakirə edək və əminəm ki, məsələyə müsbət yanaşılacaq”.