Separatçıların mənasız təşəbbüsləri - O yol, bizim yoldur!

Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinə artıq ermənilər də etiraz etmirlər, çox rahatlıqla yoldan istifadə edirlər
  “Laçın” sərhəd-buraxılış məntəqəsinin açılmasından sonra Qarabağdakı separatçıların düşdükləri aciz durum onlar arasında gərginliyi daha da artırıb. “Past” qəzeti məlumat yayıb ki, “müxalif” separatçılar artıq Araik Arutyunyanı kəskin ittiham etməyə başlayıblar. Onların ən böyük qorxuları isə Ermənistana gedən separatçıların qayıda bilməməsidir. Metakse Akopyan bildirib ki, “hökumət” bütün “qırmızı xətləri” keçib: “Artıq bu gün “Laçın”da dayanan azərbaycanlı qərar verir ki, Qarabağı tərk edən erməni buraya qayıda bilər, ya yox”. 
  Akopyan separatçıların acizliyini bu fikirlərlə ifadə edib: “Yaranmış vəziyyətlə əlaqədar “hökumət” insanlarla aktiv şəkildə görüşlər keçirib. Bu görüşlərdə yoldan istifadənin zərurət olması, bu yoldan başqa şans olmadığı üçün istifadə etdiklərini deyirlər”.
  AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında bildirib ki, hər bir dövlətin suveren haqqıdır ki, sərhədlərinə, ölkəyə giriş-çıxışa nəzarət etsin. Politoloq vurğulayıb ki, sərhədlərimizin təhlükəsizliyini təmin etmək dövlətimizin müstəsna hüququdur: "Qarabağ da Azərbaycan ərazisidir və dünya tərəfindən də belə qəbul olunur. Torpaqlarımızdakı separatçı ünsürlərin hay-küyü, narahatlığı başadüşüləndir. Çalışırlar ki, Azərbaycan hökuməti Qarabağa, Laçın yoluna nəzarət edə bilməsin. Onlar rus sülhməramlılarının himayəsində istədikləri qanunsuzluqları həyata keçirsinlər. Ancaq separatçıların təşəbbüsləri əbəsdir, mənasızdır. Laçın yolunda gediş-gəlişə artıq Azərbaycan nəzarət edir. Bu da həmin yolla Qarabağa qanunsuz silah-sursat daşınmasına, separatçıların gediş-gəlişinə imkan vermir. Separatçıları təşvişə salan budur. Küncə sıxışdıqca daha çox narahat olur və aqressivləşirlər, bir-birilərini ittiham edirlər. Artıq beynəlxalq aləmin diqqətini də Qarabağa, daha doğrusu, özlərinə cəlb etməyi bacarmırlar. 
  Ermənistanın ən böyük himayədarı Rusiya və Fransadır. Ancaq bu iki dövlət də dərk edir ki, regionda Azərbaycanın maraqları təmin olunmadığı müddətcə Ermənistana rahatlıq yoxdur. Həmçinin ermənilər çox çalışsa da, ekofəalların Laçın yolunda çox uğurla davam etdirdikləri aksiyaya da qara yaxa bilmədilər. Dünya ictimaiyyəti ekoloji məqsədlər daşıyan aksiyanı normal qəbul etdi və ermənilərin oyununa gəlmədi". 
Ə.Oruclu diqqətə çatdırıb ki, Qarabağdakı ermənilərə dəfələrlə çağırış və müraciət edilib ki, Azərbaycan vətəndaşlığını qəbul etmək və qanunlarımıza tabe olmaq şərti ilə onların bütün hüquqları və təhlükəsizlikləri təmin olunacaq: "Ermənilərin qarşısındakı ən böyük problem oradakı separatçılar və qanunsuz silahlı dəstələrdir. Bölgə həmin güclərdən təmizləndikdən sonra Qarabağda yaşayan ermənilərin Azərbaycana inteqrasiyası da reallaşacaq. Fikir verirsizsə, Laçın yolundakı nəzarət-buraxılış məntəqəsinə artıq ermənilər də etiraz etmirlər, çox rahatlıqla yoldan istifadə edirlər. Post onlar üçün adiləşib, prosedur qaydasına çevrilib. O baxımdan dövlətimizə, millətimizə qarşı təhlükə törədən bütün ünsürlər son nəfərədək təmizlənməlidir".