Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”

  • “5 ballıq zəlzələ belə evi yerlə-yeksan edə bilər”

Zəlzələ planetimizə nəfəs verən, Yerin daxili dinamikasını saxlayan canlı geoloji proses sayılır. Lakin onu insanlar üçün vahiməyə çevirən amil yaratdığı fəsadlar və insan tələfatıdır. Son dövlər qlobal miqyasda yeraltı təkanların intensivləşməsi insanlarda təşvişə səbəb olub.

Təkcə avqust ayının əvvəlindən bu günədək 9 ölkədə və 1 adada zəlzələ qeydə alınıb. Bəzi bölgələrdə zəlzələnin maqnitudası 7 balı keçib. Kolumbiyada avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ zamanı həyatını itirənlərin ümumi sayı 281 nəfərə çatıb.

Zəncirvari zəlzələ Azərbaycana da təsirsiz ötüşməyib. Lerikdə bir gündə iki dəfə, bu ay ərzində isə ard-arda İmişli, Şahbuz, Lerik-Lənkəran və Azərbaycan-Ermənistan sərhəd zonalarında yeraltı təkanlar qeydə alınıb. 

Mövzu ilə bağlı seysmoloq Ənvər Əliyev Sherg.az-a bildirib ki, problem zəlzələnin maqnitudasının yüksək olmasında deyil, infrastruktrun ona uyğun tikilməməsindədir:

“Dövlətlərin hökumətlərinə çatdırmaq lazımdır ki, bu işin yeganə həll yolu var. O da mütləq mənada zəlzələyə davamlı evlərin tikilməsidir. Binalar kağız qutulara bənzəyir. Təbii ki, küləyin belə uçura bildiyi evi, 5 ballıq zəlzələ yerlə-yeksan eləyəcək. Məsələn, Türkiyədə 2023-cü ildə baş verən zəlzələdə kağız binalar 53 mindən çox insanın həyatına son qoydu. Zəlzələnin törədə biləcəyi fəsadların qarşısını almaq üçün vaxtında zəruri tədbirlər görülməlidir. Ən xırda detallardan tutmuş daha müasir binaların inşasınadək, hər bir mərhələdə seysmik zonada yerləşən obyektlər müvafiq tikinti normativlərinə uyğun ucaldılmalıdır. Müqayisə üçün baxsaq, Türkiyədə 7 bal gücündə zəlzələdə həyatını itirənlərin sayı ilə Yaponiyada 9 bal gücündə baş verən zəlzələdəki itkilər arasında uçurum qədər fərq var. Yaponiyada 9 ballıq zəlzələ baş verəndə, nəinki binaların uçması, hətta zədələnməsi belə çox nadir hallarda görünür. Həmin regionun bəlası tsunamidir. Ölənlərin sayının çoxluğu bəzən buna bağlı olur”. 

Seysmoloqun sözlərinə görə, istər kənd, istərsə də şəhər yerində yeganə çıxış yolu müasir texnologiyalarla inşa edilən binalara üstünlük verməkdir:

“İnsan tələfatının və böyük maddi ziyanın qarşısını almağın başqa yolu yoxdur. Doğrudur, hazırda dünya ölkələrində zəncirvari şəkildə dolaşan zəlzələlər digər xalqlarda da təşvişə səbəb olub. Amma hələlik 7 ballıq zəlzələlər o qədər də qorxulu deyil. Yenə də deyirəm, insan itkisi zəlzələnin maqnitudasından yox, tikinti sektorundakı vəziyyətdən asılıdır. Elə ölkələr var ki, 5 ballıq zəlzələdə belə darmadağın olur. Elə dövlət də var ki, 8 ballıq zəlzələ zamanı tikinti sektorunda hər hansı ciddi problem və ya təhlükəli vəziyyət yaşanmır. Məhz buna görə Yaponiyanı misal çəkdim. Yapon mühəndisləri binaları yerə bərkitmək əvəzinə, onların təkan zamanı elastik hərəkət etməsini təmin edirlər”. 

Ə.Əliyev onu da qeyd edib ki, Yaponiya zəlzələ təhlükəsizliyi sahəsində böyük praktik təcrübəyə malikdir:

“Bir çox ölkələr, hətta Azərbaycan belə onun təcrübəsini öyrənməlidir. Hazırda silkələnmələr dünyanın ən seysmik zonalarında yuva tapıb. Maqnitudanın 7 balı aşması gələcək dövrdə daha böyük fəsadlara yol aça biləcək zəlzələ riskini gücləndirir. Ona görə də diqqətli olmaq lazımdır. Birinci növbədə özümüzü nəzərdə tuturam!”.