Sülh müqaviləsinin imzalanması şərtdir


Yalnız bundan sonra Ankara-İrəvan münasibətləri normallaşma yoluna girə bilər
  Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistan Baş naziri Nikol Paşinyan xüsusi nümayəndələrin Türkiyə və Ermənistanda görüşməsinə dair razılığa gəliblər. Çavuşoğlu onu da bəyan edib ki, yaxın dönəmdə Ermənistanla hansısa saziş imzalanması planlaşdırılmır, sadəcə, münasibətlərin hansı səmtdə normallaşması müzakirə edilir. Nazir Azərbaycan və Türkiyənin bu mövzuda son dərəcə səmimi olduqlarını vurğulayıb.
  AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli "Şərq"ə bildirib ki, Türkiyənin indiki halda Ermənistanla normal münasibət formalaşdırması Bakı-İrəvan danışıqlarından asılıdır. Partiya təmsilçisinin sözlərinə görə, Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, Ankara-İrəvan əlaqələrinin müzakirəsi Azərbaycanla paralel şəkildə aparılır: "Türkiyə də Ermənistan qarşısında tələb qoyur ki, İrəvan hökuməti Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Qarabağın ölkəmizin ayrılmaz hissəsi olduğunu rəsmi bəyan etməlidir. Sonrakı proses isə sərhədlərin demarkasiya və delimitasiyası, Zəngəzur dəhlizinin işə düşməsidir. Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsi imzalanandan sonra Ankara-İrəvan münasibətləri normallaşma yoluna girə bilər. Çavuşoğlunun "yaxın zamanda saziş imzalanması planlaşdırılmır" mesajı da bunu göstərir. Ermənistan Türkiyə ilə kommunikasiyaların və sərhədlərin açılmasını, gediş-gəlişin normallaşmasını arzulayırsa, ilk növbədə rəsmi Bakının tələblərini yerinə yetirməlidir. Cənubi Qafqazda Türkiyə və Azərbaycan bir yerdə addımlayır və Ermənistana çıxış yolunu göstərirlər".