Şuşa Bəyannaməsi ən yaxşı "yol xəritəsi"dir

Bu sənəd həm region üçün, həm də türk dünyası üçün həqiqətən də etibarlı, sabitlik və tərəqqi mənbəyidir

15 iyun – Qurtuluş Günü dövlətçilik təqvimimizdə xilasımızın, qurtuluşumuzun rəmzi kimi müstəsna yer tutur. 15 iyun eyni zamanda Zəfər yolunun Şuşa zirvəsində möhtəşəm hadisənin, iki dost, qardaş və tərəfdaş ölkə - Azərbaycan ilə Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsinin tarixidir. 1921-ci ildə imzalanmış Qars müqaviləsindən yüz il sonra belə bir Bəyannamənin imzalanması, heç şübhəsiz, böyük mənəvi-siyasi, hərbi-strateji və tarixi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi tarixi Qars müqaviləsinin 100 il bundan əvvəl imzalanması da böyük rəmzi məna daşıyır: 

“Azad edilmiş Şuşa şəhərində 100 ildən sonra müttəfiqlik haqqında imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir”. Şuşa Bəyannaməsi “bir millət, iki dövlət”, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamlarının tarixi, milli və siyasi əsaslara söykəndiyini növbəti dəfə təsdiqləyir. İki müstəqil, güclü və nüfuzlu qardaş dövlətin birlikdə möhtəşəm nailiyyətlər qazanmaq, yeni zirvələr fəth etmək iqtidarında olduğunu sübuta yetirir. Bu tarixi sənəd Azərbaycanla Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. 

Milli Həmrəylik Partiyasının sədri, politoloq Əlisahib Hüseynov bildirib ki, ən yeni tariximizin qızıl hərflərlə yazılan möhtəşəm hadisələrindən biri də Şuşa Bəyannaməsinin imzalanmasıdır. Partiya rəhbərinin sözlərinə görə, Şuşa Bəyannaməsinin imzalandığı günün Milli Qurtuluş gününə təsadüf etməsi də əlamətdar haldır:

 “Ötən bir il ərzində “Bir millət, iki dövlət” anlayışına köklənən qardaşlığımız daha da möhkəmlənib. Dövlətlərarası  əlaqələrimiz isə bütün sahələr üzrə genişlənib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ötən ilin bu günlərində Şuşaya səfər etməsi ilə münasibətlərimizin yeni mərhələsinə start verildi. İndi həm Şuşada, həm də işğaldan azad olunmuş digər ərazilərimizdə iki qardaş ölkənin dövlət bayraqları yanaşı dalğalanır. Hazırda Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri birlikdə həyata keçirilir. Qardaş Türkiyədən gələn şirkətlər bu prosesdə yaxından iştirak edirlər. Biz bütün məsələlərdə birlikdə, çiyin-çiyinə dayanaraq fəaliyyət göstərir, səylərimizi və gücümüzü birləşdiririk. 
Şuşa Bəyannaməsinin imzalanması isə gücümüzə güc qatdı. Beləliklə, bütün dünyada bir millət, iki dövlət kimi tanınan Türkiyə və Azərbaycanın birliyinin əbədi olduğu gerçəyi ən mühüm strateji sənədlə bir daha təsdiqlənmiş oldu. Bu Bəyannamə Azərbaycanla Türkiyə arasındakı strateji müttəfiqlik münasibətlərinin rəsmiləşdirdi  və iki qardaş dövlət arasındakı əlaqələrin yeni bir mərhələyə daşınmasına start verdi. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqlik sənədidir, yeni münasibətlər platformasıdır. Bu platforma Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik əlaqələrini daha da genişləndirir və siyasət, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu, beynəlxalq müstəvidə birgə əməkdaşlıq və sair sahələri tam şəkildə əhatə edir. Bəyannamə Azərbaycan və Türkiyə birliyi formatında Cənubi Qafqazda və bütövlükdə bölgədə yeni regional düzənin başlandığını göstərdi. Bu, yeni düzənin tam mərkəzində Azərbaycan-Türkiyə müttəfiqliyi həlledici amil, istiqamətverici vektor rolunu oynayacaq”.

Ə.Hüseynov qeyd edib ki, Bəyannamədə iki qardaş ölkə arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapıb: 

“Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə təhdid və ya təcavüz edildiyi təqdirdə, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bundan sonra Azərbaycanın ərazi bütövlüyünün pozulması, dövlət sərhədlərinə təhdid kimi halların baş verəcəyi təqdirdə qardaş Türkiyə dövləti öz ordusu ilə ölkəmizin yanında yer alacaq. Bu, tamamilə yeni münasibətlər sistemidir və Rusiya, İran kimi geosiyasi “iştah”ları bitib-tükənməyən, Azərbaycana qarşı zaman-zaman çeşidli təxribatlara və təzyiqlərə yol verən ölkələrə açıq mesajdır. İki qardaş ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsi bizim tarixi nailiyyətimizdir. Onu da qeyd etmək lazımdır ki, Şuşa bəyannaməsinə təkcə Azərbaycanla Türkiyənin əbədi birliyini, sıx müttəfiqliyini təsdiqləyən, rəsmiləşdirən sənəd kimi baxmaq lazım deyil. Bu sənəd eyni zamanda regionda davamlı sülh, əməkdaşlıq, təhlükəsizlik və inkişaf üçün olduqca geniş imkanlar açır”. 

Siyasi şərhçi vurğulayıb ki, bölgədəki digər dövlətlər Azərbaycan-Türkiyənin regional əməkdaşlıq təşəbbüsünə qoşulacaqsa, o zaman Cənubi Qafqaz bölgəsi bütövlükdə sabitlik və inkişaf, əməkdaşlıq və təhlükəsizlik məkanına çevriləcək:

 “Bölgə xalqlarının tərəqqisi və firavan həyatları təmin ediləcək. Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviqi həm Azərbaycan və Türkiyənin bölgədəki nüfuzunu və rolunu daha da artıracaq. Həm də bütün bölgə ölkələrinin iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq. Şuşa Bəyannaməsi  türk dünyasının gələcəyi baxımından da çox önəmli geosiyasi instrumentdir. Türkiyə-Azərbaycan strateji mütəffiqliyini növbəti mərhələyə daşıyan bu sənəd, eyni zamanda Türk Dövlətləri Təşkilatının (TDT) digər üzvləri üçün də mükəmməl nümunə ola bilər. Qarşılıqlı əlaqələrin daha da dərinləşdirilməsi üçün zənnimcə, bu sənəd ən yaxşı “yol xəritəsi”dir. Şuşa Bəyannaməsinin imzalanması ilə tamamilə yeni mərhələyə yüksələn Azərbaycan-Türkiyə strateji müttəfiqlik münasibətləri həm region üçün, həm də türk dünyası üçün həqiqətən də etibarlı sülh, sabitlik və tərəqqi mənbəyidir. Bəyannamənin Şuşa şəhərində imzalanması dostlarımıza da, düşmənlərimizə də çox önəmli ismarıcdır. Dövlət başçımızın da qeyd etdiyi kimi, Azərbaycanla Türkiyənin qardaşlığı sarsılmazdır, əbədidir”.