Prezident İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir prosesi reallaşdırdı
Tarix zərgər dəqiqliyi ilə yazıldı - Parlaq qələbə
8 noyabr Zəfər gününə bərabər parlaq Qələbədir
Prezident İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir prosesi reallaşdırdı
Prezident İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir prosesi reallaşdırdı
Bəziləri düşünürdü ki, Azərbaycan 2020-ci il 8 noyabrda üçtərəfli bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və əksər ərazilərlə Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən ABŞ və Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Təbii ki, proseslər Azərbaycan rəhbərliyinin qətiyyətli və düşünülmüş addımları sayəsində fərqli istiqamətdə, əslində elə rəsmi Bakının hədəflərinə doğru irəliləməkdə idi. 2022-ci ilin sonu, 2023-cu ilin əvvəllərində Azərbaycanın hüquq müdafiə təşkilatları Laçın yolu üzərində etiraz aksiyasına başlayanda, müharibədən sonrakı dövrdə həmin ərazilərdə qalan Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının ardıcıl təxribatlarına Azərbaycan Ordusu tərəfindən cavab tədbirləri görüləndə bəzi region ölkələri və Qərb dairələri məsələnin mahiyyətinə varmadan, heç bir araşdırma aparmadan bəyanatlar verməyə başladılar. Əlbəttə, bunlar Azərbaycana qarşı təzyiq cəhdindən başqa bir şey deyildi. ABŞ, Avropa İttifaqı, Fransa və s. dövlətlər 30 illik işğal dövründə olduğu kimi, bu mərhələdə də vəziyyətin qeyri-müəyyən qalmasında maraqlı idilər. Bu məqsədlə artıq "dəfn olunmuş" ATƏT-in Minsk qrupunun reanimasiyasına cəhdlər göstərilmiş, yenidən uzun-uzadı danışıqlar prosesinə start verilmişdi. Vəziyyətin belə qalması daim “parçala, hökm sür” siyasəti yürüdən qüvvələrin öz işlərini bu ənənəvi fəaliyyət prinsipi üzərində qurmaqla Azərbaycana qarşı real təsir və təzyiq mexanizmlərini saxlamağa imkan yaradırdı. Bütün bu prosesin məntiqi ondan ibarət idi ki, Qərb ermənilərin Azərbaycanda yaşaya bilməyəcəyi və buna görə də ayrılmasının zəruriliyini ehtiva edən hüquqi proseduru işə salsın. Azərbaycana, şəxsən Prezident İlham Əliyevə qarşı olan təzyiqlər, dövlət başçısına və onun ailə üzvlərinə qarşı aparılan çirkin kampaniyalar, BMT, Avropa Parlamenti, Avropa Şurası kimi beynəlxalq mexanizmlərin potensialından yararlanmaq cəhdləri, sanksiyalar tətbiq ediləcəyi ilə bağlı hədələr Qərb dairələrinin sadəcə sözçülüklə məşğul olmadığını və öz niyyətlərini praktik müstəviyə keçirdiklərini aydın nümayiş etdirirdi. Məqsəd Prezidentin planlarından çəkindirmək və Azərbaycanın öz ərazisi üzərində tam suverenliyini bərpa etməsinə imkan verməmək, 2020-ci ilin nəticələri ilə məhdudlaşmağa məcbur etmək idi.
Lakin heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca “nəyi, nə zaman və necə” etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmadı. Sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu. 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın dövlət bayrağının asılacağı günü yaxınlaşdırdı.
Dövlət başçısı İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderdir. Azərbaycanda vaxtilə həyata keçirilən bir çox iqtisadi layihələr, siyasi arenada atılan bir çox addımlar illər sonra tam yeni bir keyfiyyət yaradırdı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli ölkənin hərtərəfli inkişafı və Azərbaycanın fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. İlham Əliyevin böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, o, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi. Öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı. Bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı.
2023-cü il sentyabrın 20-də cəmi 23 saat 51 dəqiqə ərzində Ermənistan Silahlı Qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibə və 8 noyabr Zəfər gününə bərabər növbəti parlaq Qələbə oldu. 2023-cü il sentyabrın 20-də əldə olunan Qələbə siyasi və mənəvi əhəmiyyətinə görə Zəfər Gününə bərabər və onu tamamlayan tarixi hadisədir. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ən böyük arzusu ölkəmizin ərazi bütövlüyünün bərpa olunması olan Ümummilli Lider Heydər Əliyevin ruhu şaddır. Bu gün zəngin tariximizin müxtəlif mərhələlərində xalqımızı və dövlətimizi qələbədən qələbəyə aparmış Cavanşir, Eldəniz, Cahan Pəhləvan kimi hökmdarların, Şah İsmayıl Xətainin ruhu şaddır.