Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatının daha böyük potensialı var
"Bu gün biz sözün əsl mənasında Türkmənistanda tarixi gün yaşayırıq". Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov deyib. Nazir bildirib ki, Azərbaycan, Türkiyə və Türkmənistan liderləri ilk dəfə olaraq üçtərəfli formatda görüşüb və bu ərəfədə böyük hazırlıq işləri həyata keçirilib, heyətlər kifayət qədər uzun müddət ərzində çalışıblar: "Dünən həm üç ölkənin xarici işlər nazirləri arasında, eyni zamanda nəqliyyat və energetika nazirləri arasında ayrı-ayrı toplantılar keçirilib. Hər bir mühüm sahə üzrə geniş müzakirələr aparılıb və sənədlərin hazırlanmasına yekun töhfələr verilib. Ölkələrimizin xalqları arasında tarixi, dostluq, qardaşlıq, vahid dini, mədəni bağlantılara çox böyük diqqət yetirilib. Bu, bizim birgə olmağımızın, birgə fəaliyyətimizin ən təbii əsasıdır”.
"Türkmənistanda imzalanan sənədlər əməkdaşlığımızı daha da inkişaf etdirəcək"
Ceyhun Bayramov deyib ki, Türkmənistanda imzalanan sənədlər əməkdaşlığımızı daha da inkişaf etdirəcək: “Ölkələrimiz arasında ən yüksək səviyyəli siyasi dialoq mövcuddur”. Nazir bildirib ki, Azərbaycan və Türkiyə arasında 2021-ci ildə imzalanmış tarixi Şuşa Bəyannaməsinin imzalanması ilə münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlib: “Eyni zamanda Türkmənistanla da münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsindədir. Bu gün BMT, BMT-nin müxtəlif agentlikləri, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və bir sıra beynəlxalq platformalarda 3 ölkə arasında qarşılıqlı faydalı əməkdaşlıq var. Bu sahədə tərəfimizdən geniş müzakirələr aparılıb. Bundan sonra da bu istiqamətdə işlərimizi davam etdirəcəyik”. Nazir diqqətə çatdırıb ki, Azərbaycan, Türkiyə və Türkmənistan üçtərəfli formatının daha böyük potensialı var: “Tam əminliklə ifadə etmək istərdik ki, bu gün imzalanmış 5 sənəd və qəbul edilmiş birgə bəyanat iqtisadi sahədə əməkdaşlığımızın daha da inkişaf etməsinə çox böyük təkan verəcək”. Ceyhun Bayramov deyib ki, nəqliyyat, tranzit, logistika sahələrində hər üç ölkə bizim ölkələrimiz çox böyük imkana sahibdirlər: “Bu il Azərbaycan üzərindən həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizləri vasitəsilə yükdaşımaların həcmində 80 faizədək artım müşahidə edilib. Hesab edirik ki, səylərimizi birləşdirməklə bu göstəriciləri 2023-cü və sonrakı illərdə daha da artırmaq imkanımız mövcuddur. Bu istiqamətdə də vacib razılaşmalar əldə edilib”.
"Zəngəzur dəhlizi Orta Dəhliz üzrə əlavə imkanların əldə edilməsinə gətirib çıxaracaq"
C.Bayramov bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın işğal altında olmuş ərazilərini azad edib: "Azərbaycan bununla BMT-nin 4 qətnaməsini təkbaşına yerinə yetirib". Nazir bildirib ki, bu, tarixi ədalətin və beynəlxalq hüququn bərpa edilməsi ilə bərabər olaraq, eyni zamanda regionda yeni imkanlara yol açır: “Bu mənada Azərbaycan üçün bir nömrəli prioritet hazırda azad edilmiş ərazilərin bərpa, quruculuq işlərini həyata keçirmək və 700 minə yaxın məcburi köçkünün öz doğma vətənlərinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməkdir. Azərbaycan həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirir və növbəti 2023-cü ilin yalnız dövlət büdcəsindən 1,8 milyard ABŞ dolları həcmində vəsait ayrılıb. Hesab edirik ki, bərpa-quruculuq işlərinin həyata keçirilməsi də birgə işlərin həyata keçirilməsi üçün ölkələrimiz arasında yaxşı imkanlar açır”. XİN rəhbəri qeyd edib ki, Zəngəzur dəhlizinin tam həcmlə işə düşməsi Orta Dəhliz üzrə əlavə imkanların əldə edilməsinə gətirib çıxaracaq.
Türkmənistan qazının Avropaya nəqli üçün İşçi qrupu yaradılacaq
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türk Dövlətləri Təşkilatı əməkdaşlığımızın ən vacib formatıdır: "Digər tərəfdən Azərbaycan ilə fərqli mexanizmlər çərçivəsində effektiv addımlar atırıq". O qeyd edib ki, energetika üç ölkə arasında əməkdaşlığın vacib hissəsidir: “Azərbaycan təbii qazını Cənubi Qafqaz Qaz Kəməri və TANAP vasitəsilə Avropaya nəql edirik.
Türkmənistan təbii qazı məsələsində də üç ölkənin xeyrinə olacaq şəkildə ortaq addımlar atmağa hazırıq və bununla bağlı İşçi qrupunu yaratmaq qərarını verdik”.