Təhsilin inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir
Məhz ümummilli liderin hakimiyyəti illərində 15 mindən artıq gənc Azərbaycandan kənarda yüksək təhsilə yiyələnib
“İnsan kapitalının yaradılmasında Heydər Əliyev dəsti-xətti”
İnkişaf etmiş ölkələrin təcrübəsi onu göstərir ki, elm və təhsil hər bir dövlətin davamlı sosial-iqtisadi və mədəni yüksəlişində əsas rol oynayan ən mühüm amillərdəndir. Bunu xüsusilə qeyd etmək lazımdır ki, ölkənin və bütövlükdə cəmiyyətin inkişaf səviyyəsinə dövlətin malik olduğu təbii sərvətlərindən daha çox onun təhsilinin, elminin inkişaf səviyyəsi, müasir dünya tələblərinə cavab verən yeni nəsil insan kapitalının formalaşması təsir edir. Bu baxımdan müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafındakı xidmətləri də misilsizdir.
Ulu öndər Heydər Əliyev Azərbaycanın davamlı inkişafının yeganə yolunu məhz yüksək təhsildə, xalqın maariflənməsində görüb, ölkədə bütün elmlərin inkişafı üçün bütün zəruri tədbirləri həyata keçirib. Heydər Əliyevin hələ ölkəyə birinci rəhbərliyi dövründə Azərbaycan təhsilinin inkişafına mane olan bir sıra amilləri aradan qaldırıb. Mövcud potensialı ölkənin gələcək inkişafını təmin edə biləcək gənc nəslin yetişdirilməsi istiqamətində fundamental işlər görüb. Ulu öndər SSRİ dövründə Azərbaycan Respublikasına rəhbərlik etdiyi illərdə elm və təhsil siyasətini daim diqqət mərkəzində saxlayıb, təhsil sistemində ciddi islahatlar həyata keçirib. 1972-ci il “Gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq və ümumtəhsil məktəbini daha da inkişaf etdirmək haqqında”, eləcə də 1973-cü ildə “Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında” qəbul edilmiş qərarlar nəticəsində Azərbaycanda orta ümumtəhsil məktəblərinin sayı 3 dəfəyə qədər artırılıb. Bu da demək olar ki, Azərbaycanın bütün rayonlarında məktəblərin açılışı, minlərlə şagirdin təhsilə cəlb edilməsi demək idi. Bir məsələni də qeyd etmək lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin sovet Azərbaycanına rəhbərlik etdiyi illərdə ölkədə 5 yeni ali təhsil müəssisəsi açılıb. Ali məktəblərdə təhsil alanların sayı ölkə üzrə 100 minə qədər artıb. Ulu öndərin Azərbaycan təhsilinin inkişaf yolundakı ən böyük xidmətlərindən biri də 1970-1980-ci illərdə məhz onun birbaşa təşəbbüsü ilə 250-dən çox ixtisas üzrə hər il min nəfərə qədər olmaqla ümumilikdə 15 mindən artıq gəncin Azərbaycandan kənarda təhsil alması ilə bağlıdır. 15 min tələbə keçmiş SSRİ-nin ən məhşur ali məktəblərində təhsil alaraq, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanıblar. Bu da gələcəkdə ölkəmizin milli mənafeyinə xidmət edəcək fəaliyyətlərinin qurulması istiqamətində görülmüş işin təşkili idi. 1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan elminə yeni nəfəs gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. Yüzlərlə müəllimə fəxri ad, müxtəlif mükafatların verilməsi elm adamlarına verilən diqqət və qayğının göstəricisi idi. Ölkəyə ikinci rəhbərliyi dönəmində Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması haqqında” 1998-ci ildə imzaladığı sərəncam, eləcə də 1999-cu ildə təsdiq olunmuş “Azərbaycan Respublikasının təhsil sahəsində islahat Proqramı” ölkədə təhsil islahatlarına yeni baxışın formalaşmasına, Azərbaycan təhsil standartlarının müasir dövrün tələblərinə uyğunlaşdırılması prosesinə böyük təkan vermiş oldu.
Dünyəvi təhsilə surətli inteqrasiya yolunu seçən ölkəmizdə müstəqilliyin bərpasından sonra bu strateji sahəyə xüsusi diqqətin yetirilməsi bu qənaətə gəlməyə əsas verir ki, ölkədə elm və təhsil problemləri ümumi inkişaf və dövlət siyasəti ilə əsaslı vəhdət təşkil edir. Məhz Heydər Əliyevin birbaşa nəzarəti, diqqət və qayğısı nəticəsində elmi-tədqiqat institutlarının və elmi işçilərinin sayı hər il artırdı.
Azərbaycan Elmlər Akademiyasının maddi-texniki bazası möhkəmlənir, Azərbaycan dili, ədəbiyyatı və tarixi üzrə aparılan tədqiqatların genişləndirilməsinə xüsusi fikir verilirdi. Bu gün hər bir azərbaycanlı iftixar hissi ilə qeyd edə bilər ki, Heydər Əliyev siyasəti, banisi olduğu milli dövlətçilik strategiyası onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bu siyasətin bundan sonra mütləq şəkildə davam etdirilməsi Azərbaycan dövlətinin tərəqqisinin və insan kapitalının formalaşdırılmasının ən böyük təminatıdır.
Şahin Seyidzadə,
Milli Məclisin üzvü