Telefonu məhz əldə saxlayaraq danışmağa görə cərimə tətbiq edilir - Ekspertdən İZAH

  • Amma bu pozuntuya görə sürücüyə cərimə balı yazılmır

Avtomobil idarə edərkən mobil telefondan istifadəyə görə cərimə nəzərdə tutulur. Amma burada sürücülərin bilməli olduğu bəzi məqamlar var. Nəqliyyat məsələləri üzrə ekspert Rüfət Əmiraslanov Sherg.az-a açıqlamasında bildirdi ki, sürücülərin bir çoxu qanunlara bələd deyil, nə zaman, hansı hallarda cərimələnə biləcəkləri haqda məlumatsızdırlar: 

- Bizə belə müraciətlər edilir ki, mobil telefon tutacağa bərkidilmişdi, amma cərimə yazıldı. Bu, ola bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.6-cı maddəsinə əsasən nəqliyyat vasitəsinin hərəkəti zamanı sürücünün telefonu əldə saxlamaqla ondan istifadə etməsinə görə 50 manat məbləğində cərimə edilir. Diqqət edin ki, telefonu məhz əldə saxlayaraq danışmağa görə cərimə tətbiq edilir. Amma bu pozuntuya görə sürücüyə cərimə balı yazılmır. Sükan arxasında olan şəxs, avtomobil hərəkət halında ikən mobil telefonu tutacağa qoyub danışa bilər, qulaqcıqdan istifadə etməklə daha rahat danışa bilər. Əgər həqiqətən vacib bir zəngdirsə. Amma yaxşı olar ki, sürücü diqqətini yayındırmasın, əgər vacib zəng deyilsə, kiməsə vacib, təxirə salınmayacaq söz deməlidirsə mobil telefondan tutacaqda olmaqla və qulaqcıqla istifadə etsin. Tutacaq həm də ona görə yaxşıdır ki, məsələn, telefonda xəritəyə baxa və naviqator tətbiqindən istifadə edə bilsin. Buna görə heç bir cərimə yoxdur.