Tənzimlənməyən kapitalizmin amansız üzü: 1 qəpiyə yumurta alasan, o da xarab çıxa...

"Bir ara dünya dağılacaq dedilər. Camaat dükanlara doluşub konservləşdirilmiş məhsulları süpürüb aldı. Aparıb zirzəmiyə doldurdular ki, dünyanın dağılmasından sonra yesinlər. (?) Hətta dükanlarda şam, çıraq da qalmamışdı. Onu da alırdılar ki, yerin altında yandırsınlar". 

Bunu Sherg.az-a Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi şərhçiTural İrfan deyib.

O, bildirib ki, indi də 1 qəpiklik yumurta gətiriblər, camaat dərhal qalaq-qalaq alıb aparıb yığıb evə:

"Sonra məlum olub ki, saxta yumurta imiş yaxud keyfiyyətli deyilmiş. İndi hamı aldığı yumurtanı sındırıb sosial şəbəkələrdə paylaşır. Birinin içindən həşərat çıxır, biri deyir rezin kimidir, digəri deyir pis qoxu gəlir... Deyirlər bəzi ölkələrdə məhsulların müddəti bitənə yaxın dükanlar onu ucuz qiymətə təklif edir. Amma müddəti bitməmiş, bitməyə ən azı bir həftə, on gün qalmış. Bizdə isə çürüdüb, xarab edib sonra təklif etmirlər, sırıyırlar. Hətta bəzi meyvə satanlar var, xarab edir, qiyməti endirmir, sonra da aparıb zibilliyə tökür. Nəzarət də yoxdur. Kim hansı məhsulu, hansı qiymətə hansı keyfiyyətdə istəyirsə elə də satır. İsti vaxtı yumurta tez xarab olur. Yaxşı ki, kütləvi zəhərlənmə olmayıb. Belə şeylər olanda istehsal edən yaxud satan səbəbini elan etməlidir. Elan etməlidir ki, filan səbəbə görə filan məhsul endirimlə təklif edilir. Lakin o da yoxdur. Belə məsələləri tənzimləyən, nəzarət edən qurum olmalıdır".. 

Tural İrfan qeyd edib ki, hətta müddəti keçmiş bir çox məhsulun müddət tarixini dəyişib yenidən satışa çıxardıqları haqda da məlumatlar var:

"1 qəpiklik yumurtanı süpürüb aparıb sonra da peşman olan insanları qınamıram. Camaat acdır, maddi yöndən olduğu kimi mənəvi yöndən də yoxsuldur. Belə şeylər adi hal almadığı üçün göydəndüşmə hesab olunur deyə hamı hücum çəkir dükanlara. Bir dəfə hansısa dönərçi pulsuz dönər paylayırdı. Camaat növbələrə dayanıb basabas yaratmışdılar onun qarşısında. Bəzən pulsuz nəsə paylananda adamlar bir-birini ayaqlayır. Çünki acdır. Fiziki, mənəvi, maddi yöndən acdır, yalavacdır. Qınamıram. İndi də 1 qəpiyə yumurta alasan, o da xarab çıxa... Əlindən ancaq o hələ ki, yumurtanı sındırıb içindən çıxanları sosial şəbəkələrdə paylaşasan. Bu hoqqanı çıxaranlarla bağlı da heç bir tədbir görülməyə. Əksinə özünü borclu çıxaralar ki, yalan deyirsən, evdə keçən ildən saxladığın köhnə yumurtaları sındırıb nahaqdan başqalarını ittiham edirsən...Tənzimlənməyən kapitalizmin amansız üzü bax budur".