Azərbaycan izahat istədi, cavab ala bilmədi, səssizlik Bakı-Moskva xəttini gərginləşdirdi
"Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasının bir ili tamam olub. Azərbaycan bu hadisə ilə bağlı tələblərini açıq şəkildə ortaya qoyub: Rusiya üzr istəməli, kompensasiya ödəməli və günahkarları məsuliyyətə cəlb etməlidir. Lakin rəsmi Moskva bu tələblərin yerinə yetirilməsindən bütün il boyu yayınmışdır. Hadisədən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin qəzanın Rusiya hava məkanında baş verməsindən təəssüfləndiyini bildirsə də, bu, rəsmi Bakının gözlədiyi addım olmayıb. Daha sonra, oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə görüşündə Putin təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu etiraf edib və lazımi tədbirlərin görüləcəyini bildirib. Hadisənin ildönümü tamam olmasına rəğmən həmin tədbirlərin həyata keçirilməsi ehtimalı az görünür. Rusiya məqsədli şəkildə məsuliyyəti üzərinə götürməkdən, kompensasiya ödəməkdən və günahkarları cəzalandırmaqdan yayınır.
Hadisə ilə bağlı araşdırmalar Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsi əsasında davam edir. Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən ICAO, Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilən araşdırma çərçivəsində, həmçinin üç ölkənin istintaq orqanları cinayət işini də araşdırır.
Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat yayıb, hansı ki yalnız aşkarlanmış faktları əks etdirir və hər hansı təhlil və nəticə vermir. Yekun hesabatın tamamlanması isə qəzanın ildönümünə qədər mümkün olmayıb, bu səbəbdən Qazaxıstan aralıq bəyanatı təqdim edib. Sənəddə daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi və hava gəmisinə zərər vuran partlayıcı qurğunun hissəciklərinin silah sisteminə aid olması qeyd olunub. Hərçənd, həmin silah sisteminin modeli aralıq bəyanatda göstərilməyib. Lakin həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında qeyd olunub.
Növbəti mərhələdə Qazaxıstan yekun hesabatı təqdim etməlidir ki, bu sənəd faktiki məlumatları, qəzanın səbəblərinin təhlilini və gələcəkdə bənzər qəzaların qarşısının alınması üçün tövsiyələri özündə əks etdirsin. Hazırkı aralıq bəyanatdan, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.
Mövzunu şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a açıqlamasında Azərbaycan Hava Yollarının təyyarəsi qəzaya uğradığı ilk andan etibarən Azərbaycan dövləti və xalqının bu məsələdə həmrəylik nümayiş etdirdiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan bu qəza ilə bağlı dərhal Rusiyadan məntiqli izahat və açıqlama istədi: “Çox təəssüflər olsun ki, konkret bir açıqlama, rasional bir izahat ala bilməməyimiz münasibətləri daha da gərginləşdirdi və verilən açıqlamalar, səsləndirilən fikirlər, qarşısıalınmaz və haqlı olaraq emosional ssenari üzərindən qurulduğu üçün daha da kəskin xarakter aldı. O hadisəyə münasibət başqa cür sadəcə mümkün deyildi. Azərbaycanın bu məsələdə qətiyyət ortaya qoymasında kifayət qədər haqqı var idi. Həm maddi, həm mənəvi, həm də bütün haqlar baxımından Azərbaycana məntiqli, tutarlı cavab verilməli idi.
Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüş zamanı Azərbaycan tərəfinə söz verildi ki, məsələ konkretlik qazanacaq. Həmin andan etibarən Azərbaycan xalqı yenidən bir şans daha tanıdı və biz hələ də bu konkretliyi gözləyirik. Təbii ki, indiyə kimi əlimizdə olan faktlar onu sübut etməyə kifayətdir ki, bu, daxili partlayış nəticəsində baş verən hadisə deyil, təyyarəyə kənar müdaxilə olub. Məhz bircə bu faktın özü kifayət edir ki, Azərbaycan hələ də haqlı tələbində israrlı olsun. Bütün bunlarla yanaşı Azərbaycan hüquqi dövlətdir, hüquqa da hörmət edir, araşdırmaların nəticəsini təmkinlə gözləyir, eyni zamanda verilən vədi də gözləyir. Bu günə kimi olan məsələlər ondan xəbər verir ki, konkret bir fikrin səsləndirilməməsi üçün iki səbəb var.
Biri ondan ibarətdir ki, Rusiya ya məsuliyyətdən yayınmağa çalışır, ya da araşdırmanın nəticəsini gözləyir. Gözləmə isə sadəcə bu iki səbəb və regionla bağlı deyil. Bir neçə istiqamət üzrə gedən yarış və davam edən müharibə, Rusiyanın indiki məqamda lap da ciddi yanaşdığı nüfuz amili onu gözləmə mövqeyi seçməyə vadar edir. Hər bir halda araşdırmanın nəticəsini gözləmək lazımdır. Lakin bir məsələni də vurğulamadan keçməyə bilmərəm ki, bu da Prezidentimizin Ağdamda səsləndirdiyi konkret, qətiyyət dolu fikirləridir, aktorların qarşısında konkret müəyyənləşdirdiyi suallardır”.
Ş.Həsənova qeyd edib ki, indiyə qədər baş vermiş hadisələr bizə düşmənimizi də, dostumuzu da yaxşı tanımağa imkan verib: “Habelə, coğrafi amili qəbul etmək, tarixi əlaqələrə hörmət etmək lazımdır. Azərbaycan proseslərə də, münasibətlərə də hər zaman bu hörmət kontekstindən yanaşır, lakin hələ də törədilən akt üzrə məsuliyyətə cəlb olunmanı və tələblərin yerinə yetirilməsini gözləyirik”.