Trampın kürəkəni Qəzza ilə bağlı danışıqlar üçün İsrailə gedir

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner gələn həftə Qəzza zolağındakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün İsrailə səfər etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" mənbələrə istinadən məlumat yayıb.

Portalın məlumatına görə, Ağ Ev və ABŞ-nin təşəbbüsü ilə yaradılmış Sülh Şurası Qəzza planının növbəti mərhələsinə keçməyə çalışır. Bu mərhələdə əsas diqqətin HƏMAS-ın tərksilah edilməsinə və İsrail qüvvələrinin ərazidən mümkün çıxarılmasına yönəldilməsi nəzərdə tutulur.

Mənbələr bildiriblər ki, İsrailin Baş naziri Benyamin Netanyahunun hökuməti ABŞ-nin Qəzza ilə bağlı planına ciddi şübhə ilə yanaşır. Oktyabrda İsraildə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri isə məsələni siyasi baxımdan daha həssas edir.

“Bizim ümumi strateji məqsədlərimiz var, lakin İsrail planla bağlı müəyyən şübhələrini ifadə edib. Aramızda koordinasiyanı təmin etmək üçün onlarla danışmaq istəyirik”, - ABŞ rəsmilərindən biri "Axios"a bildirib.

Məlumata görə, Kuşnerlə birlikdə Qəzza üzrə Sülh Şurasının yüksək səviyyəli nümayəndəsi Nikolay Mladenovun da İsrailə səfəri gözlənilir.

Kuşnerin Netanyahuyla və İsrailin digər yüksəkvəzifəli rəsmiləri ilə görüşəcəyi bildirilir. Onun səfər çərçivəsində Yaxın Şərqin digər ölkələrinə də getməsi istisna edilmir.