Türkiyə millətçiləri milli davamızda həmişə yanımızda olublar

Hikmət Babaoğlu: "Bu prinsipial mövqe və mənəvi-siyasi dəstək heç vaxt, heç bir halda dəyişməyib"


Prezident İlham Əliyev Rizə-Artvin hava limanının açılış mərasimində iştirak məqsədi ilə Türkiyədə səfərdə olarkən Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı ilə də görüşüb. Səmimi görüşdə MHP rəhbəri Prezident İlham Əliyevə ulu öndər Heydər Əliyevlə təmaslarını əks etdirən fotolar və üzərində “Qarabağ Fatehi” yazısı olan tapança hədiyyə edib. Baxçalının dövlət başçısına “Qarabağ fatehi” yazılı xüsusi hədiyyəsi ölkə ictimaiyyətində maraqla qarşılanıb. 

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, qardaş Türkiyədə milliyətçi və dövlətçi hərəkatın lideri Dövlət Baxçalının mühüm tədbirdə iştirakı və Prezident İlham Əliyevə hədiyyə təqdim etməsi ayrıca bir hadisə idi. Deputat deyib ki, başda hörmətli Dövlət Baxçalı olmaqla milli mühafizəkar siyasi düşüncə və dövlətçi siyasi görüşün təmsilçiləri milli davamızda həmişə yanımızda olublar:

 “Bu prinsipial mövqe və mənəvi-siyasi dəstək heç vaxt, heç bir halda dəyişməyib. 44 günlük Zəfər savaşımızda da hörmətli Dövlət Baxçalı verdiyi bəyanatlarla, söylədiyi fikirlərlə müqəddəs davamızı müdafiə edib. 

Onun rəhbərlik etdiyi partiyanın millət vəkilləri qardaş ölkənin Qazi Məclisində Azərbaycanın səsinə çevriliblər. Rizə-Artvin hava limanının açılış mərasimində “Qarabağ Fatehi” yazılmış tapança məhz Baxçalı tərəfindən cənab Prezidentə hədiyyə edildi. 

Belə hədiyyələr öz xalqının xilası üçün mübarizə aparan, tarixi qələbələr qazanan böyük dövlət adamı və müzəffər sərkərdələrə verilir. Özü də belə hədiyyələr qardaşının davasını öz davası hesab edən şəxsiyyətlər tərəfindən verilir. 

O baxımdan bu rəmzi hədiyyə hər iki mənada məzmunlu və yerində idi. İstər qardaş Türkiyədə, istərsə də Azərbaycanda millətini, dövlətini sevən hər kəsdə qürur və fəxarət hissi yaratdı”.