Üçtərəfli görüş:“Yeni müdafiə və təhlükəsizlik formatı...”

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla keçirdiyi görüşdə bildirib ki, Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində 2021-ci il üzrə ikitərəfli əməkdaşlıq planı imzalanacaq. Hökumət başçısı sənədin imzalanmasını alqışlayıb.

Məlum görüşün mütəmadi olaraq həyata keçirildiyini və ənənəvi xarakter daşıdığını söyləyən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Sherg.az”a açıqlamasında vurğulayıb ki, görüşdə 3 ölkə arasında yeni müdafiə və təhlükəsizlik formatının əsas olduğu müzakirə edilib:

“Bu baxımdan Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşü böyük əhəmiyyətə malikdir. Əsas mövzulardan biri də kommunikasiyaların və transregional layihələrin təhlükəsizliyidir. Bu baxımdan üç ölkə arasında əməkdaşlıq yüksək səviyyədədir”.