Vətən müharibəsindən sonra Azərbaycan diasporası səfərbər olunub
Ermənilərin təxribatlarının qarşısını almaq üçün daim ayıq-sayıq olmalıyıq
Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi
44 günlük Vətən müharibəsindən sonrakı mərhələ Azərbaycan diasporunun qarşısında yeni vəzifə və məsuliyyətlər qoydu. Ölkəmizin ərazi bütövlüyü uğrunda apardığımız müharibə və onun nəticələri, həqiqətlərin dünyaya olduğu kimi çatdırılması, Qarabağda həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı dünya ictimaiyyətini ətraflı məlumatlandırmaq ümdə vəzifəyə çevrildi. Ümumiyyətlə, 2020-ci il müasir Azərbaycan diasporunun dönüş ili kimi xarakterizə olunur.
İlin əvvəllində qəflətən dünyanı bürüyən koronavirus pandemiyası ilə əlaqədar çətin vəziyyətdə qalmış soydaşlarımıza dəstək göstərmək üçün diasporumuz çox böyük birlik, həmrəylik və humanizm nümayiş etdirdi. Pandemiya ilə başlayan bu birlik sonradan Ermənistanın Tovuz təxribatı zamanı daha da möhkəmləndi və torpaqlarımızın azadlığı uğrunda aparılan Vətən müharibəsində özünün ən yüksək zirvəsinə çatdı. 44 günlük hərbi əməliyyatlar dövründə xaricdəki soydaşlarımız siyasi baxışından, düşüncəsindən, yaşadığı ölkədən, çalışdığı yerdən asılı olmayaraq, milli birlik nümayiş etdirərək bütün imkanları ilə dövlətimizə və ordumuza dəstək göstərdi. Onlar orduya, yaralı əsgərlərə, şəhid ailələrinə, cəbhəboyu ərazilərdə yaşayan, müharibədən zərər çəkən dinc sakinlərə, şəhid ailələrinə maddi, humanitar yadımlar göndərməklə yanaşı, haqq səsimizin dünyaya çatdırılmasında da böyük mütəşəkillik və fədakarlıq ortaya qoydular. Milli birliyimiz cəbhədə Azərbaycanın böyük qələbəsi ilə nəticələndi. Beləliklə Azərbaycan xalqı və dövləti ilə bərabər diasporumuz da yeni bir mərhələyə qədəm qoydu. Yəni döyüş meydanında müharibə bitsə də, informasiya və diaspor cəbhəsində əsl savaş başladı. Ona görə də diasporamız hər mərhələdə yeni məqsədlərlə fəaliyyətə başlamalıdır. Planlarımızı davamlı şəkildə qurmalı, həyata keçirməliyik. Mühüm məsələlərdən biri də lobbiçiliyin koordinasiyalı şəkildə aparılmasıdır. Akademik sahədə fəaliyyətimizin gücləndirilməsinə ehtiyac var. Dünyanın müxtəlif ölkələrində elmi konfranslar keçirilməli, tədqiqatlar aparılmalı, universitetlərdə güclü təbliğat işi qurulmalıdır. Mədəni təbliğatı davam etdirərək mütəmadi şəkildə tədbirlərin keçirilməsini təmin etməli və bu istiqamətdə təbliğatı gücləndirməliyik. Düzdür, Azərbaycan qalib ölkədir, amma informasiya müharibəsi dayanmayıb, son dönəmlər baş verən ardıcıl təxribatlar da bunu göstərir. Qələbəmizi daha da möhkəmləndirmək üçün siyasi, akademik dairələr və mətbuatla əlaqələrimizi genişləndirməliyik. Kitablar yazılmalı, çap edilməli, dünya ölkələrinin kitabxanalarında yayılmalıdır. Eyni zamanda, azərbaycanlıların bir araya gətirilməsi, onların potensialından düzgün və faydalı şəkildə istifadə olunması vacib amillərdəndir. Bunun üçün müxtəlif ölkə və şəhərlərdəki mədəniyyət mərkəzlərinin sayını artırmaq, olmayan yerlərdə isə yenilərini yaratmaq zəruridir.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Leyla Həmzəyeva vurğulayıb ki, torpaqlarımızın azad olunmasından sonra yeni fəaliyyət strategiyası hazırlanıb. Qurum rəsmisinin sözlərinə görə, daha məqsədyönlü fəaliyyət üçün Prezident İlham Əliyevin də qeyd etdiyi kimi xarici mediaya çıxış imkanları olmalıdır:
“Bunu nəzərə alaraq “Qafqaz jurnalistləri” şəbəkəsi təsis olunub. Bura xarici ölkələrdə media sahəsində çalışan diaspor fəalları ilə yanaşı, nüfuzlu mətbuat qurumlarının nümayəndələri və müstəqil ekspertlər də cəlb də olunublar. Bu şəbəkə Qarabağda görülən işlər, minalanmış ərazilər, Oxçuçay və digər məsələlərlə bağlı geniş fəaliyyət icra edir. Həm “Azərbaycan evləri”, həm də “Qarabağ” adlı məktəblərin fəaliyyətinə dair yeni yol xəritəsi hazırlanıb. Bundan sonra diaspora təşkilatları məhz bu istiqamət üzrə çıxış edəcəklər”.
Diaspor üzrə araşdırmaçı-ekspert, “Vikipediya” üzrə mütəxəssis Elnur Eltürk “Şərq”ə açıqlamasında bildirib ki, Vətən müharibəsində Azərbaycan diasporunun aktivliyi gözlənilən idi. Onun sözlərinə görə, zaman və şərait Azərbaycan diasporunun fəal olmasını diktə edirdi:
“Üstəlik, təşkilatlanma təbii xarakter daşıyırdı. Təşkilatlanma sosial şəbəkələrdə güclü şəkildə davam edirdi. İnsanlarımız baş verən təxribatların qarşısını almaq üçün anındaca cavab verirdi.
İnsanlar siyasi və sosial düşüncəsindən aslı olmayaraq, Vətən, torpaq ideyası və düşmənin təcavüzkar hücumlarına qarşı olaraq birləşmişdi. Müharibə dövründə Azərbaycan diasporunun fəallığı yuxarıda qeyd etdiyim kimi baş verən hadisələrlə bağlı idi. Hesab edirəm ki, biz buna normal yanaşmalıyıq. Həm də nəzərə almalıyıq ki, Azərbaycan diasporunun yaranma tarixi o qədər çox deyil. Bəs, “post-müharibə dövründə diasporun üzərində hansı yük düşür” sualına cavab olaraq qeyd etməliyəm ki, erməni diasporunun təxribatlarının qarşısını almaq üçün daim ayıq-sayıq olmalıyıq. Düşmən bütün istiqamətlərdə Azərbaycana zərbə vurmağa çalışır”.
E.Eltürk vurğulayıb ki, yenidən hansısa hadisələrin baş verməsini gözləməməliyik ki, Azərbaycan diasporunun aktivliyi müşahidə olunsun:
“Azərbaycan diasporu hər zaman fəaliyyət göstərdiyi ölkələrin administrasiyası, parlamentləri, siyasi-ictimai dairələri, mediası ilə sıx iş mexanizmini qurmalıdır. Düşmən diasporu məhz bunları edir. Çünki bu, effektiv fəaliyyət sistemidir. Erməni diasporu xarici ölkələrin parlamentlərində, beynəlxalq təşkilatlarda Azərbaycana qarşı qətnamə və sanksiyaların qəbul olunması üçün bütün çirkin niyyətlərini həyata keçirtməyə çalışır. Azərbaycan diasporunun imkan və fəaliyyəti strategiyası o qədər geniş, sistemli olmalıdır ki, bu kimi halların qarşısı öncədən alınsın. Bunun üçün Azərbaycan diasporunun potensialı və imkanları var. Əsas odur ki, mövcud imkanları düzgün istiqamətləndirmək lazımdır”.
İsmayıl Qocayev