Vitse-spiker Şeyxin müdafiəsinə qalxdı


"Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?!"


Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maraqlı fikirlər səsləndirilib. Parlament sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib ki, Şeyxülislam Allahşükür Paşazadə “Heydər Əliyev” ordeni ilə təltif edilib. Şeyxin səlahiyyəti nəzir qutusu, molla təyinatı ilə bağlı deyil: “Axı Prezident İlham Əliyev Şeyx həzrətlərini “Şərəf” ordeni ilə təltif edib. Cəmiyyətdə bu qədər xidməti olan bir adamı niyə nəzir qutusu, molla təyinatı ilə əlaqələndirirlər?! 

Mən Şeyx təəssübkeşi kimi danışmıram, amma mətbuatda yazılan xəbərlərə baxın. Qanunun məqsədi hansısa fərd, qurum deyil. Məqsəd Azərbaycanın Konstitusiyasına, tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə əsasən, qanunun müasir tələblərə uyğunlaşdırılmasıdır”. Vitse-spiker cahil mollaların Azərbaycan cəmiyyətinə vurduğu ziyana da toxunub. 

Millət vəkili Qüdrət Həsənquliyev isə deyib ki, “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik Konstitusiyaya ziddir. Onun sözlərinə görə, Konstitusiyanın 58-ci maddəsində vətəndaşların birləşmək hüququ var: 

“Eynilə ictimai birlik anlayışı da qanunda var. Dəyişiklik etdiyimiz qanunun 5-ci maddəsində qeyd olunur ki, dövlət dini qurumların fəaliyyətinə qarışmır. Amma 8-ci maddəsinə biz dəyişiklik edirik. 

Bu, necə ictimai təşkilatdır ki, onun rəhbərini dövlət təyin edəcək? Bu cür açıqdan-açığa Konstitusiyaya zidd dəyişiklik etməklə, Konstitusiyaya zidd münasibəti ifadə etmiş oluruq. Bizim Konstitusiya və qanunlara olan münasibətimiz ölkəyə investisiya qoyuluşudur. 

İkincisi, doğrudan o ziyarətgahlarda o qədər pul yığılır ki, buna görə Konstitusiyanı pozmalı olaq? Deyirlər ki, din adamları özünü yaxşı aparmır, orada pozuntular olub. O qədər QHT rəhbərləri var ki, özünü yaxşı aparmır, dövlətin əleyhinə fəaliyyətlə məşğul olur.

 Onda nə edək?! Biz təklif edilən dəyişikliklərdə şəffaflığın təmin edilməsi üçün hansısa normanın qanuna daxil edildiyini görmürük, qanunda əl dəyişməsini görürük. 

Bu tipli qanunlara dəyişiklik etməyə, ölkədə din-dövlət münasibətlərinə xələl gətirməyə ehtiyac yoxdur. Parlamentin müvafiq komitəsi dini savadlanma sahəsində iş görməlidir”.