“Xankəndidəki ermənilər ev və obyektlərini satırlar” – Bölgəni tərk edirlər!+ Foto

“Zaman keçdikdə isə onları daha çətin vəziyyət gözləyir”
“Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ermənilərin yeganə yolu Azərbaycan vətəndaş olaraq yaşamaqdır”
“Qarşıdakı dönəmlərdə ermənilərin köç məsələsi daha da genişlənəcək”
Qarabağdakı döyüşlərdə Azərbaycanın qələbəsi, işğal altında olan torpaqların böyük hissəsinin azad edilməsi və ermənilərin ağır məğlubiyyətə uğramasından sonra Xankəndi və onun ətrafındakı ermənilər əmlaklarını satışa çıxarıblar. Hazırda Xankəndi və ətrafında yerləşən yüzlərlə əmlaklar – mənzil, ev, müxtəlif kommersiya obyektləri və torpaq sahələri satışa çıxarılıb.
Sentyabr ayında təkcə bir elan saytında 4 ev, 2 obyekt satışa qoyulub. Məlumata görə, ermənilərin böyük əksəriyyəti daşınmaz əmlaklarını aşağı qiymətə satırlar.
Mövcud durumla bağlı “Sherg.az”a danışan siyasi şərhçi Asif Nərimanlı Xankəndidəki vəziyyətin kifayət qədər ciddi olduğunu söyləyib:
“Erməni mətbuatında da bunu aydın görmək olur. Ermənistanda daşınmaz əmlakın satışı ilə bağlı saytlara baxdıqda kifayət qədər erməninin Xankəndi, o cümlədən rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə evlərini və obyektlərini satdıqlarını görürük. Bu, təəccüblü deyil və gözlənilən proses idi. Çünki müharibədən sonra Xankəndidəki ermənilərin kifayət qədər gəlir mənbəyi sıradan çıxdı. Bütün bunlar onsuz da pis olan vəziyyəti bir qədər də ağırlaşdırdı. Əhalinin mənzil problemi yarandı, gəlir mənbələrini itirdilər, hətta informasiya var ki, iki ailə bir yerdə zirzəmidə belə yaşamağa məcbur olub. Xankəndidə evlərini satan erməniləri iki qrupa ayırmaq olar. Birincisi, elələri var ki, onlar Qarabağda olan mənzil və obyektlərini satmaq istəyirlər. Məqsədləri satışı həyata keçirən kimi bölgəni tərk etməkdir. İkinci qrup isə əsasən Rusiyada yaşayan ermənilərdir və vaxtilə Xankəndidən ev alıblar. Məlumata görə, evlərini dəyər-dəyməzinə belə satan ermənilər var”.
A.Nərimanlının sözlərinə görə, Qarabağda ermənilərin yaşadığı ərazidə mobil rabitə, su, iş və mənzil problemləri var:
“Ona görə də ermənilər orada yaşamaq istəmirlər. Zaman keçdikdə isə onları daha çətin vəziyyət gözləyir. Rəsmi Bakı dəfələrlə bəyan edib ki, ermənilərin yeganə yolu Azərbaycan vətəndaş olaraq yaşamaqdır. Gələcəklərini qurmaq istəyirlərsə, istəklərimizi qəbul etməlidirlər. Çünki başqa çıxış yolları yoxdur. Qarşıdakı dönəmlərdə ermənilərin köç məsələsi daha da genişlənəcək”.
Yeganə Bayramova