Xəstələri "tora" salırlar: İran Azərbaycan vətəndaşları üçün çox təhlükəli bir ölkəyə çevrilib
İrana gedən azərbaycanlı xəstələri müalicə edən həkimlərin xüsusi xidmət orqanlarının əməkdaşları olması barədə iddialar yayılıb. Məlumata görə, iranlı həkimlər azərbaycanlı xəstələri "tələyə" salmağa çalışırlar. Hətta bəzi hallarda onları casusluğa cəlb edirlər. Buna görə də İrana müalicə üçün gedən azərbaycanlılardan diqqətli olmaları, yeni və tanımadıqları həkimlərlə ünsiyyət qurmamaları xahiş olunur.
"Güney Azərbaycan" teleqram kanalında da bununla bağlı səs yazısı yayılıb. Səs yazısında deyilir ki, Tehranda həkim azərbaycanlıya iynə vuraraq bədəninə virus yeridib. Həmin şəxs iynə vurulduqdan sonra özünü pis hiss etməyə başlayıb, həkim ona vəziyyətinin çox ağır olduğunu, dərhal müalicə olunmalı olduğunu bildirib. Müalicə üçün isə 50 min dollar tələb olunub. Daha sonra xəstəxanaya gələn müəmmalı şəxslər onunla danışaraq bu pulu ödəməsi üçün ona kömək edəcəklərini, lakin qarşılığında onların dediklərini etməli olduğunu, kəşfiyyat məlumatları verməli olduğu deyilib. Bütün bu baş verənlər “səhiyyə turizmi” adı altında İranda vətəndaşlarımıza qarşı törədilən və ciddi araşdırmalı olan məsələlərdir. Sirr deyil ki, Azərbaycan müstəqillik qazanandan sonra İranın ölkəmizə nüfuz etmək vasitələrindən biri də səhiyyə olub. Tehran illər boyu öz səhiyyəsinin guya "yüksək" səviyyədə olması haqqında yalançı təsəvvür yaratmağa çalışıb. Bu cür ucuz təbliğatın qurbanı olan vətəndaşlarımız şəfa tapmaq üçün İrana gedir, nəticədə özlərini təhlükəyə atırlar. İnsanların İranda müayinə və müalicəyə cəlb olunmasının ayrı-ayrı işbazlar, eləcə də şirkətlər üçün xüsusi qazanc sahəsinə çevrildiyini qeyd etmək vacibdir. Onlar yalançı vəd və şərtlərlə vətəndaşlarımızı aldadaraq, İrana aparır, orada isə müxtəlif xoşagəlməz məqamlar yaşanır. İranda səhv müalicə səbəbindən ölən insanların cənazələrinin ailə üzvlərinə verilməsi də həftələrlə uzadılır, yalnız külli miqdarda pul vəsaiti ödəndikdən sonra cənazə ailələrə verilir. İran xəstəxanalarında Azərbaycan vətəndaşlarının sağlamlığı və təhlükəsizliyi təmin edilmir. Əksinə, müxtəlif məqsədlər, o cümlədən müalicə üçün bu ölkəyə üz tutan vətəndaşlarımız ciddi problemlərlə üzləşir. Bəzi hallarda xüsusi xidmət orqanları tərəfindən hədəfə götürülür, onların əməkdaşlığa cəlb edilməsinə çalışılır. Razılaşmayanda isə hətta saxta ittihamlarla həbs edilirlər. Elə ona görə də bu yaxınlarda Azərbaycan Xarici İşlər Nazirliyi növbəti dəfə zərurət olmadan İrana səfər etməkdən çəkinməyə çağırış edib.
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirib ki, İran həqiqətən də Azərbaycan vətəndaşları üçün çox təhlükəli bir ölkəyə çevrilib. Ekspert vurğulayıb ki, vətəndaşlarımız istənilən məqsədlərlə İrana getdikdə mütləq şəkildə həmin ölkənin xüsusi xidmət orqanlarının nəzarəti altına düşür:
"Onlar şantaj edilir, aldadılır, bu və ya digər şəkildə xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunurlar. Əlbəttə ki, belə durumda Azərbaycan vətəndaşlarının İrana getməkdən çəkinməsi çox məqsədəuyğundur. Şəxsən mən heç vaxt İranda olmamışam. Bəzən dostlar deyib ki, "Təbrizi, Güney Azərbaycanı görmək istəməzsənmi?". Hər zaman demişəm ki, nə qədər ki, fars-molla rejimi həmin ölkənin başındadır, Güney Azərbaycan azad deyil, Arazın o tayına bir addım belə atmayacam. Çünki, güvənmirəm. Əmin deyiləm ki, orada başıma oyun gətirilməyəcək, şərlənməyəcəm. Buna şəxs olaraq, vətəndaş olaraq özüm qərar vermişəm. Bəzən görürəm ki, insanlarımız dövlətin xəbərdarlığını qulaqardına vuraraq İrana getməyə davam edirlər. Şəxsən tanıdığım şəxslər arasında müalicə məqsədi ilə İrana gedənlər var. Həqiqətən də ilkin mərhələdə onların səhhətinin nisbətən düzəldiyini müşahidə etmişik. Ancaq 6 ay, 1 il zaman keçəndən sonra həmin şəxslər ölüblər. Belə məlumatlar var idi ki, İranda xüsusi dərmanlar hazırlayırlar. Həmin dərmanlar müvəqqəti olaraq insanın əhval-ruhiyyəsini qaldırır. İnsanlar da düşünür ki, "nə yaxşı, İrana gedib-gəldi, ağrıları ortadan qalxdı". Sonra "sağalan" şəxslər Azərbaycanda təbliğat aparırlar ki, "görürsüz, Azərbaycan həkimləri heç nə edə bilmirdi, iranlı həkimlər məni bir həftədə ayağa qaldırdı". Bu sözləri deyən adamların bir neçəsini şəxsən tanıyıram. Onlar müəyyən zaman sonra dünyalarını dəyişiblər. İran xüsusi dərmanlar vasitəsi ilə insanlarımızı aldadır. Bu işi görənlər İranın xüsusi xidmət orqanlarıdır. Ona görə də dövlətimizin çağırışlarına həssas olmalıyıq. Güney Azərbaycan cümhuriyyəti qurulmadıqca, Arazın o tayına bir addım belə atılmamalıdır. İndiki halda ora getməyimiz həm fərdi şəkildə, həm də bütöv cəmiyyət üçün böyük təhlükədir. İrana gedən vətəndaşlarımızı müxtəlif yollarla aldadaraq videosunu çəkirlər, səsini yazırlar. Sonra da şantaj edərək özlərinə xidmət etdirməklə məşğul olurlar".