Xiyabanı küçəsində nəzərdə tutulan tunel faydalı olacaq - EKSPERT

  • “Şəhərdən çıxan nəqliyyat vasitələri üçün alternativ yolların və giriş-çıxışların çox olması sıxlığın azalmasına imkan verir"

Məhəmməd Xiyabani küçəsi ilə Xarici Dairəvi Avtomobil Yolunun kəsişməsində nəqliyyat hərəkətinin yenidən təşkili nəzərdə tutulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihəsi çərçivəsində ərazidə tunel tipli yolötürücüsünün, dairəvi hərəkətin təşkil olunduğu yolayırıcının və Qaradağ istiqamətində yan yolun yaradılması planlaşdırılır.

Layihəyə əsasən, müxtəlif istiqamətlər üzrə nəqliyyat axınlarının bir-birindən ayrılması və hərəkətin müxtəlif səviyyələrdə təşkili nəzərdə tutulur. Bununla qovşaqda nəqliyyat vasitələrinin hərəkətində yaranan kəsişmələrin və gecikmələrin azaldılması, giriş və çıxışların daha səmərəli təşkili hədəflənir.

Layihə çərçivəsində piyadaların rahat və təhlükəsiz hərəkəti üçün müvafiq infrastrukturun yaradılması da nəzərdə tutulur.

Yeni yol qovşağının 20 Yanvar, Şamaxinka və Qaradağ istiqamətlərində nəqliyyat axınlarının bölüşdürülməsinə də təsir göstərəcəyi bildirilir.

Qeyd edək ki, bu layihə “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan 24 yol layihəsindən biridir.

Nəqliyyat eksperti Yasin Mustafayev Sherg.az-a bildirib ki, Xiyabanı küçəsində nəzərdə tutulan tunel şəhərdən çıxan nəqliyyat vasitələri üçün Baş Dairəvi Yoluna əlavə giriş-çıxış imkanları yaradacaq. Onun sözlərinə görə, dördzolaqlı tunel vasitəsilə nəqliyyat axınının yolun altından keçərək Lökbatan dairəsi istiqamətinə, oradan isə Lökbatan körpüsünə yönəlməsi nəzərdə tutulur.

Ekspert qeyd edib ki, şəhərə giriş-çıxışların sayının artırılması ümumilikdə müsbət addımdır:

“Şəhərdən çıxan nəqliyyat vasitələri üçün alternativ yolların və giriş-çıxışların çox olması sıxlığın azalmasına imkan verir. Bu baxımdan Xiyabanı küçəsində nəzərdə tutulan tunelin faydalı olacağını düşünürəm. Bundan əlavə, Baş Dairəvi Yolunun Biləcəri istiqamətindən keçərək Böyükşorun cənub hissəsinə qədər uzadılması və yol boyunca şəhərə bir neçə giriş-çıxışın yaradılması da nəqliyyat axınının bölüşdürülməsinə kömək edəcək. Ümumilikdə, şəhərə giriş və çıxışı təmin edən alternativ yolların artırılması müsbət haldır və bunun nəqliyyatın hərəkətinə faydası olacaq”.