Yeni turizm mövsümü başlayır

Karantin qaydalarının ləğvi tezləşdirilməlidir

"Quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər"

Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağalarının aradan qaldırılması ilə bağlı müzakirələr intensivləşir. Əksər ölkələr, tibbi maskadan və vaksin sertifikatından istifadə kimi tələbləri ləğv ediblər. Hətta bu məsələlərə konservativ yanaşan liberal Amerika Birləşmiş Ştatları da yeni yumşaldılmalar barədə qərar verib. 

Millət vəkili Vüqar Bayramov hesab edir ki, karantin qaydalarının ləğvi real sektorun və xüsusən də turizimin inkişafı baxımından vacibdir. Deputat bildirib ki, 2021-ci idə formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payına düşüb. 

Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər:

 “Pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜMD-də payı 2,4 faiz idi. Goründüyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85 faizə yaxın azalıb. Doğrudur, ÜDM-nin məbləğindəki ötən ilki artım bu sektorların payına təsirsiz ötüşməyib. Amma reallıq bundan ibarətdir ki, karantin qaydalarının ən çox təsir etdiyi sektorlar məhz turizm və ictimai iaşədir”.

Parlament üzvü vurğulayıb ki, yeni turizm mövsümü başlayır: “2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə, 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791 minə düşdü. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərin sayının kəskin artmasına səbəb ola bilər.

 Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhfə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq”.