Avtomobillərin zəhəri meyvələrə çökür, yemək təhlükəlidir
Ağac əkmək xoş niyyət olduğu qədər də ciddi yanaşma tələb edir. Ağacəkmə aksiyaları istər paytaxtda, istərsə də regionlarda həyata keçirilir. Amma əkilən ağacların qısa müddət sonra quruduğu, bir çoxunun ümumiyyətlə əmələ gəlmədiyi də görünür. Halbuki ağac tinglərinə büdcədən xeyli vəsait xərclənir. Magistral yolların kənarlarında meyvə ağaclarının əkildiyi, lakin quruduğunu, baxımsız qaldığını, sualnmadığını əsk etdirən görüntülər sosial şəbəkədə də yayılır. Sual yaranır ki meyvə ağacları yol kənarında əkilməlidirmi, quruyan tinglərin hesabı kimə kəsilməlidir?
Ekoloq Ənvər Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, avtomobil yolunun, xüsusən də magistral yolların kənarında meyvə ağacları əkilməməlidir:
- Çünki benzin yanarkən daxili yanma mühərrikindən havaya 260-a yaxın zəhərli maddə atılır. Bunların böyük hissəsi 100 metr məsafədə yol kənarındakı ağacların, ot örtüyünün üzərinə çökür. Biz tədqiqat aparmışdıq, Sumqayıt yolunda bir neçə il əvvəl avtomobillərin sutkalıq intensivliyi 5-6 min idi. İndi avtomobil sayı daha da artıb. Buna əsasən demək olar ki, Sumqayıt yolundan sutka ərzində 7-8 min avtomobil keçir. Sutka ərzində bu qədər avtomobil keçirsə, deməli, tonlarla benzin yandırılır. Avtomobillərin mühərrikindən çıxan zərərli maddələr 100 metr məsafəyədək yayılırsa, deməli ot örtüyünə də təsir edir, ağaclara da. Bu zərərli maddələrin bir hissəsi, 30-40 faizi ola bilər yuyulsun, yağış suyu və ya sulanma nəticəsində, amma böyük hissəsi torpağa qarışır, meyvə ağacları varsa, meyvələrin üzərinə çökür. Bəzi elementlər həll olunmur, qalır bitkidə, otun üzərində, üzərində zərərli elementlər olan meyvələri uşaqar da yeyə bilər, böyüklər də, yoldan keçənlər. Həmin otdan heyvanlar yeyir, sağılan heyvandırsa südünə keçir, insanlar o südlə, süddən hazırlanmış məhsullarla qidalanır, yavaş-yavaş insan orqanizminə keçir. Bu, bioloji dövriyyədir, təbiətdə olan bizə qayıdıb gəlir. Bu cür ziyanları nəzərə alaraq avtomobil yolu kənarında müyvə ağacları əkilməməlidir. Onsuz da ekologiyamız zəhərlənib. Bir tərəfdən də maşınların havaya ötürdüyü zərərli maddələrlə meyvələri zəhərləməyək.
Ə.Əliyev bildirdi ki, avtomobil yollarının kənarında meşə ağacları əkilməlidir:
- Problem təkcə daxili yanma mühərrikindən havaya atılan zəhərli madədlərdən getmir. Burada səs kirliliyi məsələsi də var. Bu da çox təhlükəlidir. Havaya nə qədər çox səs yayılırsa, bir o qədər ziyandır. Bəzi müəssisələrin yaxınlığnda görürük ki yüksək səsi qadağan edən xüsusi nişanlar qoyulur. Uşaq bağçası, məktəb, qocalar evi, xəstəxana, tarixi abidələr olan ərazilərdə yüksək səs qadağan edilməlidir. Səs kirliliyini, səs effektini azaltmaq üçün yol kənarında ağaclar, amma möhkəm köklərə malik meşə ağacları əkirlər. Meşə ağacları müqavimətli olur, səsin yayılmasınını qarşısını alırlar. Avtomobil yollarının hər iki tərəfində meşə ağacları əkilməlidir. Bunun öz qaydası var. Ağac əkiləcək sahə əvvəlcə düzəlməli, şumlanmalı, su xəti çəkilməli, torpağa gübrə verilməli, sonra ağac əkilməlidir. Amma bizdə nə şumlayırlar, nə gübrə verirlər, su da yoxdur. Təki ağac əkdik desinlər, göstərsinlər deyə necə gəldi, başdan-sovdu, plansız iş aparırlar. Ağacın əkilmə vaxtı var. Ağac yarpağı töküləndən ən azı 1 ay sonra əkilməlidir. Bu müddət ona görədir ki, ağacın ehtiyat qida maddəsi kökə toplansın. Əkildikdə kök bərkisin deyə bir müddət özünü qidalandıra bilsin. Bəzi ağacların kök sistemi güclü deyil. Məsələn, iynəyarpaqlı ağacların tingləri 1 saat günün altında susuz qaldısa quruyur. Kökü güclü, gölgəsi geniş olan, qollu-budaqlı ağaclar əkilməlidir. 10 dənə ting basdırırlar, 5-i bitə-bitməyə. Bu, ölkə büdcəsinə xəyanətdir, yaşıllığa da xəyanətdir. Ağac əkənlərə neçə ağac özünü tutacaqsa, o qədər əmək haqqı verilməlidir.